"Putin Zelenski hökumətini qeyri-legitim adlandırmaqla onunla sülh bağlamaq ehtimalını istisna edir..."
Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün Putinlə razılığa gəlməsi asan olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri yazıb.
Keçən ay baş tutan mətbuat konfransında Rusiya diktatoru Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski hökuməti ilə sülh müqaviləsinin bağlanması ehtimalını praktiki olaraq istisna edib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəni bitirməyi planlaşdırdığını bildirib. Bunun necə baş verəcəyi ilə bağlı fərqli versiyalar səsləndirilib. O cümlədən, Ukraynanın NATO-ya üzvlük planlarını 20 illik müddətə təxirə salmalı olacağı haqda fikirlər var.
Rusiya xarici işlər naziri Sergey Lavrov belə bir ssenarini rədd edib və bildirib ki, Rusiya üçün belə təkliflər qəbuledilməzdir. Bu bəyanat Kremlin Ukrayna ilə bağlı danışıqlarda Trampa qarşı sərt mövqe nümayiş etdirəcəyinə dair bir siqnal kimi qəbul edilə bilər. Hətta danışıqlar ustası olan Tramp üçün belə Putinlə razılığa gəlmək, çox güman ki, mümkün olmayacaq, nəşr qeyd edib.
Müəlliflər xatırladır ki, keçən ay keçirilən mətbuat konfransında Putin Ukrayna orezidenti Vladimir Zelenski hökuməti ilə sülh müqaviləsini bağlamaq ehtimalını praktiki olaraq istisna edib və Ukrayna hökumətinin "qeyri-legitim olduğunu" yenidən vurğulayıb.
Putin iddia edir ki, Zelenski və onun hökuməti "qeyri-legitimdir", çünki 2023-cü ildə seçkilər keçirilməyib: "Bilirsiniz, kimsə seçkilərdə iştirak edərsə və qanuni status qazanarsa, biz hər kəslə, o cümlədən Zelenski ilə də danışacağıq." Eyni zamanda, Putin bildirib ki, Ukrayna Ali Radası legitim qurumdur, lakin o və onun sədri "rejim tərəfindən tam nəzarət olunur".
Bundan başqa, Rusiya lideri atəşkəsin mümkünlüyünü də istisna edib. Onun fikrincə, həftəlik fasilə Ukraynaya öz mövqelərini möhkəmləndirməyə imkan verəcək, uzunmüddətli atəşkəs isə "hazırlıq və yenidən hazırlıq" üçün fürsət yaradacaq.
"Putin əmindir ki, Ukrayna təslim olana qədər və ya Rusiyanın şərtlərinə əsaslanan bir razılaşma əldə edilənə qədər hərəkət etməyə davam edə bilər. Bu şərtlər isə Vaşinqton, hətta Tramp komandası üçün belə qəbuledilməzdir.
Putin Ukraynanın 20 faizi və Krımın Rusiyanın işğalında qalmasını, Ukraynanın NATO-ya üzv olmaq perspektivini ləğv edərək neytral dövlət statusuna malik olmasını, Rusiyaya tətbiq olunan sanksiyaların ləğvini və Qərbin ilhaq olunmuş əraziləri Rusiyanın ərazisi kimi tanımasını istəyir", - müəlliflər vurğulayıb.
Kreml rəhbəri hətta Tramp ilə də sərt bir razılaşma əldə edə biləcəyinə inanır. Rusiya Ukraynaya nisbətən silah, ordu və hərbi sənaye potensialına görə üstünlüyə malikdir. Üstəlik, Rusiya Şimali Koreyadan olan minlərlə əsgər daxil olmaqla müttəfiqlərdən "yardım" alır.
Rusiya rəhbəri daha zəif mövqedə ola biləcəyini də inkar edib: "Düşünürəm ki, Rusiya son iki-üç ildə çox güclənib. Niyə? Çünki biz həqiqətən suveren bir millət olmağa başlayırıq, çoxlarından asılı deyilik," - o, bildirib.