Gücümüz sonsuz olmaya bilər, cəsarətimiz isə əsla...
Ekskluziv
1588
06 Jan 2025 | 18:51

Gücümüz sonsuz olmaya bilər, cəsarətimiz isə əsla...

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüşdə bir daha  ekipajın fədakarlığına toxunan dövlət başçısı onların qəhrəmanlığını təqdir edib, eyni zamanda, qəza ilə bağlı kimin məsuliyyət daşıdığına da diqqət çəkib. İlham Əliyev bildirib ki, bütün faktlar baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını göstərir:

 

“...əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.

 

Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev baş verən qəzaya görə Rusiya Federasiyasının məsuliyyət daşıdığnı açıq şəkildə qeyd edir. Eyni zamanda, bildirir ki, məqsəd ədalətə nail olmaq, şəffaflıq və insani davranışı təmin etməkdir.

 

İlham Əliyevin qəza ilə bağlı ortaya qoyduğu bu prinsipiallıq bir daha dövlətimizin sözün həqiqi mənasında müstəqil siyasət yürütdüyünü, kimsədən asılı olmadığını,  öz maraqlarını heç kimə - dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyaya belə güzəştə getmədiyini göstərir. Bu mövqe dövlət başçımızın qətiyyətindən, öz vətəndaşlarına sahib çıxmaq əzmindən, bütün dünyaya örnək olan cəsarətindən xəbər verir. Baş verənlər bir daha sübut edir ki, Azərbaycanın gücü Fransa, ABŞ, Rusiya kimi nəhəng ölkələrlə müqayisədə məhdud ola bilər. Amma Azərbaycanın cəsarəti sonsuzdur və bu cəsarətin arxasında haqqı, ədaləti təmin etmək əzmi dayanır.

 

Rusiyanın təyyarə qəzası ilə bağlı hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Azərbaycan bir çox məqsədinə nail olub. Dövlətimiz qəzaya görə kimin məsuliyyət daşıdığını bütün dünyaya bəyan edib, Rusiyanın buna görə üzr istəməsini təmin edib. Rəsmi Bakı prezidentimizin timsalında ədalət naminə sona qədər mübarizə aparmaqda qərarlı olduğunu, bu mübarizədən zərrə qədər də olsun çəkinmədiyini əməli şəkildə ortaya qoyub.

 

Əgər Rusiya öz səhvini etiraf edərək dövlətimizin digər tələblərini – günahkarların müəyyən edilərək cəzalanmasını və baş verən qəzaya görə ölkəmizə kompensasiya ödənilməsini həyata keçirəcəksə, ikitərəfli münasibətlərin qorunub saxlanılması təmin ediləcək. Yox, əgər Moskva inkarçılıq və susqunluq mövqeyini davam etdirəcəksə, o zaman bütün dünya ilə üz-üzə qaldığı hazırkı kritik anda Azərbaycanın timsalında səmimi və strateji bir dostu itirəcəkdir.

 

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər