"Türklər, kürdlər, ərəblər, farslar bu coğrafiyanın qədim sahibləridir və aramızda bölücülüyə yol verməyəcəyik..."
Şiddət, terrorçuluq və imperialistlərə arxalanan bölücülük dövrü artıq sona çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda, Hayri Gür İdman Salonunda Ədalət və İnkişaf Partiyasının (AKP) 8-ci qurultayında çıxışı zamanı bəyan edib. Məlunatı "Anadolu Ajansı" agentliyi yayıb.
Prezident öz çıxışında terrorçuluqla mübarizəyə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Silahlı Qüvvələr Türkiyəni terrorçuluqdan xilas etməkdə qətiyyətlidir, münaqişələr, şiddət və qeyri-sabitlik tarixə qovuşacaq.
"Biz İŞİD adlı terror təşkilatını tamamilə məğlub etdik. Bu təşkilatı son günlərdə yenidən regional planların icrası üçün bir vasitə kimi istifadə etmək niyyətini sezirik", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, şiddət, terrorçuluq və imperialistlərə arxalanan separatçılıq dövrü sona çatıb.
"Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK terrorçuları ölkənin sərhəd xəttindən uzaqlaşdırılıb", - Ərdoğan əlavə edib.
Prezident bir daha vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri bölgənin sabitliyinə mane olan terror təhdidini tamamilə aradan qaldırmaq niyyətindədir.
Yeni Suriya administrasiyası ölkənin ərazi bütövlüyünü və unitar quruluşunu qorumaqda qərarlıdır. Separatçı terror təşkilatının artıq sionistlərdən başqa dəstəkçisi, himayədarı və sahibi qalmayıb.
Sionistlər isə Qəzzada 50 min fələstinlini qətlə yetirib. Bu mərhələdə terror təşkilatının sonu artıq görünür. Onların başqa seçimi yoxdur: ya silahı yerə qoyub terrorçuluqdan əl çəkəcək və təşkilatı buraxacaq, ya da Türkiyənin "dəmir yumruğu" ilə üzləşəcək. Türkiyə öz tarixində ən güclü dövrünü yaşayır.
Prezident Ərdoğan əlavə edib ki, Türkiyənin düşmənləri, nəhayət, coğrafiyanın qaçılmaz reallıqları ilə üzləşəcək: "Hamı bilməlidir ki, silah, şiddət və terrorçuluqla imperialistlərə arxalanaraq bölücülük dövrü tamamilə sona çatıb."
Prezident bəyan edib ki, Türkiyə bölgənin gələcəyini terrorçuluq vasitəsilə qaranlığa qərq etməyə çalışanlara imkan verməyəcək: "Ortaq coğrafiyada min illərdir yan-yana yaşadığımız qardaşlarımızla aramızda yeni divarlar inşa etməyə heç vaxt icazə verməyəcəyik."
"Türklər, kürdlər, ərəblər, farslar-biz bu coğrafiyanın qədim sahibləriyik. Biz əsrlərdir birlikdəyik, bir yerdəyik, ortaq keçmişimiz var. Bu səbəbdən imperialistlərin qardaşları bir-birinə qarşı qızışdırmaq və onların sərvətlərini "parçala və hökm sür" taktikası ilə istismar etmək oyunlarında iştirak etməyəcəyik", - Ərdoğan bəyan edib.