"Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin növbəti həmləsini rus qoşunlarının hücumunu dayandırmaq üçün əks-hücum adlandırıb..."
Ukrayna Silahlı Qüvvələri yanvarın 5-də Rusiyanın Kursk vilayətində yerləşən bölgələrdə, ən azı üç istiqamətdə yenidən hücum əməliyyatlarına başlayıb və taktiki uğurlar əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
Ukrayna Silahlı Qüvvələri təxminən bölük miqyasında bir neçə mexanikləşdirilmiş hücum həyata keçirib. Ukraynalılar Berdin-Novosotnitskiy (Sucanın şimal-şərqində) istiqamətində təxminən bir tabor zirehli texnikadan istifadə edərək üç dalğada hücumlar həyata keçirib.
Analitiklər qeyd edir ki, Ukrayna qüvvələri Kornevanın cənub-şərqində yerləşən Leonidovo istiqamətində hücum əməliyyatlarını gücləndirib və Sucanın şərqindəki Puşkarno yaxınlığında bir bölük miqyasında gücləndirilmiş mexanikləşdirilmiş hücum həyata keçirib.
Yanvarın 5-də yayımlanan geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Berdinin cənub-qərbi və cənubunda yerləşən sahələrdə irəlilədiyini və bu yaşayış məntəqəsinin cənub hissəsinə daxil olduğunu göstərir.
Rusiyalı hərbi bloqqerlər Kursk bölgəsindəki əməliyyatlar üzrə yenilənmiş xəritələri paylaşaraq, Ukrayna qüvvələrinin yanvarın 5-də Sucanın şimal-şərqində və Berdinin cənub-qərbində yerləşən Çerkasskoye Porechnoye, Martınovka və Mixaylovka yaşayış məntəqələrini də nəzarətə götürdüklərini bildirib.
Onlar həmçinin qeyd edib ki, Ukrayna qüvvələri son vaxtlar Berdinin şərqində yerləşən Novosotnitskoya daxil olub və Yamskaya Stepin şimal-qərbində, həmçinin Sucanın şimalındakı Novaya Soroçina istiqamətində sahələrdə irəliləyiş əldə edib.
Rusiyalı hərbi bloqqerlər əlavə edib ki, Ukrayna qüvvələri həmçinin Leonidovonun cənub-şərqində yerləşən Nikolskoye və Aleksandriya, Sucanın şərqindəki Rus Konopelkasının şimalında yerləşən Puşkarno istiqamətində kiçik piyada qrupları ilə əməliyyatlar keçirib. Lakin bu bölgələrdə Ukrayna qüvvələrinin mümkün irəliləyişi barədə ətraflı məlumat verilməyib.
Rusiyalı hərbi bloqqerlər, ümumilikdə, Kursk vilayətində Ukraynanın yenidən başdığı əməliyyatlarının diqqəti yayındırmağa yönəlmiş bir manevr ola biləcəyindən narahatlıqlarını ifadə edib və Kurskda keçirilən əməliyyatların gələcək əsas hücumun bir hissəsi olub-olmayacağını müəyyən etmək üçün hələ tez olduğunu bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində yeni hücumu
Ukrayna Silahlı Qüvvələri yanvarın 5-də Rusiyanın Kursk vilayətinin Suca bölgəsində hücum əməliyyatına başlayıb. Ukrayna ordusu Velikoye Soldatskoye istiqamətində irəliləyir, bu, əvvəllər ruslar tərəfindən hücum üçün çətin hesab edilən bir istiqamət olub. Məlumdur ki, Ukrayna ordusu hücum üçün çoxlu texnikadan istifadə edir.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk bölgəsindəki hücumunu "Rus qoşunlarının hücumunu dayandırmaq üçün əks-hücum" kimi şərh edib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, yanvarın 5-də Kursk vilayətində 42 döyüş toqquşması baş verib, bunlardan 12-si hələ də davam edir. Gün ərzində cəbhə xəttində ümumilikdə 114 döyüş toqquşması qeydə alınıb.