"2025-ci ildə müharibəni bitirmək və 90 gün ərzində seçkilər keçirmək üçün gücümüz yetərlidir..."
Hərbi vəziyyətin tətbiqi istənilən halda imkanların məhdudlaşdırılması deməkdir. Müharibə özü vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski amerikalı alim və aparıcı jurnalist Leks Fridmana verdiyi müsahibəsində deyib.
"Biz maksimum dərəcədə balans saxlamağa çalışırıq. Biznes işləyir, hərçənd ki, bu, çox çətindir, çünki müharibə gedir. Amma biz hər şey edirik, haradasa yükü azaldırıq. Biz vergiləri azalda bilmirik. Hərbi vergi müharibə üçündür, çünki pulları haradansa əldə etmək lazımdır", - prezident vurğulayıb.
O bildirib ki, ABŞ kömək edir, amma bu, hər şey demək deyil, çünki hərbçilərin maaşlarını ödəmək üçün pul lazımdır və Ukrayna bu pulları tərəfdaşların yardımından götürə bilmir, buna görə də onları ölkə daxilində toplamaq lazımdır.
Ukraynada seçkilər haqqında
Zelenski qeyd edib ki, hərbi vəziyyətə görə ölkədə seçkilər keçirilməyib. Təhlükəsizlik səbəbindən seçkiləri keçirmək mümkün deyil və belə bir vəziyyətdə bunu həyata keçirmək üçün qanunvericiliyi dəyişmək lazımdır. "Seçkilər hərbi vəziyyət bitən kimi keçiriləcək. Bu, qanuna əsasən belədir və ya deputatlar toplaşıb qanunvericiliyi dəyişməlidir, lakin bu çətin olacaq, çünki cəmiyyət buna qarşıdır", - Zelenski vurğulayıb.
O qeyd edib ki, hər kəs etibarlı seçkilər istəyir, lakin 8,5 milyon ukraynalı xaricə çıxıb və onların səs verməsi üçün infrastruktur yaratmaq lazımdır. Bundan əlavə, milyonlarla ukraynalı işğal olunmuş ərazilərdədir və bir milyon hərbçi olmadan səsverməni necə keçirmək olar? "Bu, mümkün deyil", - Zelenski qeyd edib.
Onun fikrincə, hərbi vəziyyət zamanı seçkiləri keçirmək üçün seçki sistemini dəyişmək, onlayn səsverməni nəzərdən keçirmək lazımdır, lakin buna kiberhücumlar təhlükə yaradır.
"2025-ci ildə müharibəni bitirmək və 90 gün ərzində seçkilər keçirmək üçün gücümüz yetərlidir", - Zelenski hesab edir.
"Tramp Putini dayandıra bilər, amma bir nüans var..."
Ukrayna prezidenti qeyd edib ki, Tramp demokratik bir ölkənin prezidentidir və onun səlahiyyət müddəti bitdikdən sonra Putin yenidən hücum edə bilər.
ABŞ prezidenti Donald Tramp üçün Ukraynadakı müharibə məsələsi ən aktual beynəlxalq məsələdir və o, həqiqətən də Rusiya lideri Vladimir Putini dayandıra bilər. Ancaq təhlükə ondadır ki, Trampın səlahiyyət müddəti bitdikdən sonra Putin yenidən hücum edə bilər.
Zelenski vurğulayıb ki, Ukrayna üçün Trampın Ukrayna məsələsinə yanaşması çox önəmlidir. "O mənə telefonda deyib ki, bizim görüşümüzü gözləyir, mənim səfərim birinci və ya birincilərdən biri olacaq. Mən bilirəm ki, onun öz daxili məsələləri var, amma beynəlxalq məsələlər arasında, məncə, Ukrayna məsələsi Tramp üçün ən aktual olanlardan biridir”, - Zelenski deyib.
Zelenski vurğulayıb ki, Trampın Putini dayandıra biləcəyinə inanır, çünki "Putin ondan qorxur. Bu bir faktdır". Bununla yanaşı, Zelenski qeyd edib ki, Tramp daimi hakimiyyətdə qalmayacaq:
"Tramp demokratik bir ölkənin prezidentidir və o, ömürlük hakimiyyətə gəlmir. O, Putin deyil və 25 il hakimiyyətdə qalmayacaq. O, öz müddətinə gəlir... Məsələn, 4 il hakimiyyətdə olub və beşinci il Putin müharibə törədib. Bu, Tramp üçün asan olacaqmı? Onun dövründə müharibə olmayıb, amma ondan sonra Ukrayna məhv edilib?”
Zelenski vurğulayıb ki, Putin "qatildir, amma kim olursa olsun, o, axmaq deyil”. O, hazırlaşacaq, səhvlərini nəzərə alacaq, çoxlu silahı toplayacaq və böyük ordusu olacaq. “Və siz düşünürsünüz ki, bu qədər alçaldılmasından sonra o, qayıdacaq və yalnız bizimlə mübarizə aparacaq? O, hər şeyi məhv edəcək. Əgər Trampın NATO-dan çıxmaq riski varsa, Putin Avropanı məhv edəcək”, - Zelenski vurğulayıb.
"Gəlin, müqayisə edək: Avropa Ukraynaya və Şimali Koreya Putinə necə dəstək verir?.."
Şimali Koreya Ukraynaya qarşı müharibəyə 12 min hərbçi göndərib, onlardan hazırda 3800 nəfəri öldürülüb və ya yaralanıb. Bu ölkə müharibəyə əlavə 30-40 min, bəlkə də 500 min əsgər göndərə bilər. "Onlar çoxlu insan göndərə bilər. Niyə? Çünki bu, onların əmri ilə edilir", - deyə Zelenski qeyd edib.
Bununla yanaşı, o, vurğulayıb ki, Avropa belə bir şey edə bilməz. "Avropa 2-3 milyon nəfərlik ordu toplaya bilərmi? Xeyr. Avropa bunu etmək istəməz. Və nəyə görə? Biz dünya müharibəsi istəmirik. Belə bir məqsəd yoxdur. Biz dayandırmaq istəyirik", - deyə Zelenski bildirib və əlavə edib ki, bu vaxt Rusiya Şimali Koreya əsgərlərini dəvət edir. "Onlar yaralılar və ya ölüləri tanınmaz hala salmaq üçün onların üzlərini yandırır", - deyə Ukrayna prezidenti xatırladıb.
Bundan əlavə, Zelenski qeyd edib ki, keçən il Avropa Ukraynaya 155 mm-lik bir milyon artilleriya mərmisi təhvil verib. Həmçinin, Ukrayna istehsalı olan mərmilər də olub. "Biz daha çox istehsal etmişik", - Zelenski qeyd edib. Onun
sözlərinə görə, Şimali Koreya Putinə 3,7 milyon mərmi verib. Bu, Rusiyanın da hazırda mərmi çatışmazlığı yaşadığını göstərir. Buna görə də Putinə vaxt lazımdır.
Zelenski İlon Mask haqqında: "Mən belə insanları sevirəm..."
Zelenski Maskın maksimum dərəcədə Ukraynanın tərəfində olmasını və ölkəni dəstəkləməsini arzulayır.
"Mən ona hörmət edirəm. İlk növbədə, self-made insanlara hörmət edirəm, mən belə insanları sevirəm. Göydən heç nə düşmür, insan özü nələrisə edir. Mən də işləmişəm, pul qazanmağın, istedadlı insanları seçməyin nə demək olduğunu bilirəm", - deyə prezident bildirib və əlavə edib ki, özünü Maskla müqayisə etmir.
Onun sözlərinə görə, Mask dünyanın innovasiya lideridir. Belə insanlar dünyanı irəli aparır və buna görə də onun işinin nəticələrinə hörmət edir. "Və mənim üçün çox vacibdir ki, bu nəticədən istifadə etmək mümkündür, bu, sadəcə, sözlər deyil", - deyə Zelenski bildirib və Maskın Ukraynaya böyük dəstək olan
"Starlink"lərə görə ona təşəkkür edib.
"Biz "Starlink"lərə görə çox minnətdarıq, onlar bizə çox kömək edib. Biz onları Rusiyanın energetikamıza raket zərbələrindən sonra, internetlə bağlı problemlər yarandıqda istifadə etdik. "Starlink"lərdən cəbhədə, uşaq bağçalarında, məktəblərdə, müxtəlif infrastrukturlarda istifadə etdik. Bu, bizə çox kömək edib", - deyə prezident bildirib.