Metapneumovirus qapımızda:
Ekskluziv
1766
06 Jan 2025 | 13:16

Metapneumovirus qapımızda: "Hazır olmalıyıq!" - Həkim açıqladı

COVID-19 pandemiyasından beş il sonra Çində insan metapneumovirusu (HMPV) yayılıb. Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. HMPV qripə bənzər simptomlara səbəb olur. Xəstəliyin təxmini inkubasiya müddəti 3-6 gündür.
Artıq Qazaxıstanda da rast gəlinən bu virus Azərbaycanda  da yayıla bilərmi? Bu virus yeni pandemiyaya səbəb ola bilərmi? 
 
Bu  barədə Moderator.az-a danışan həkim, professor Adil Qeybulla  deyib ki, insan metapneumovirusu (HMPV) yuxarı tənəffüs yollarının iltihabını törədən viruslardan biridir:
 
 “Son zamanlar yeni bir virusun yayılması ilə bağlı narahatlıq artmaqdadır. Hətta bu virusla bağlı Çinin fövqəladə vəziyyət elan etdiyinə dair iddialar var. Lakin bu məlumat hələ rəsmi olaraq təsdiqlənməyib. Bununla yanaşı, virusun artıq Qazaxıstanda və Türkiyədə yayıldığı bildirilir. Xüsusilə Türkiyədə vəziyyət ciddi qiymətləndirilib və həyəcan təbili çalınıb. Bu virusun pandemiya yaratma ehtimalı olmasa da, müəyyən bölgələrdə epidemik ocaqlar formalaşa bilər. Bunun qarşısını almaq üçün virusun yayıldığı yerlərdə lokalizasiya tədbirləri həyata keçirilməlidir. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edərək hər bir ölkə, o cümlədən Azərbaycan, bu virusun ölkə sərhədlərini aşaraq əlavə problemlər yaratmasının qarşısını almalıdır. Bu gün ölkəmizdə epidemioloji vəziyyət ürəkaçan deyil. Bir çox insan müxtəlif viruslarla xəstəlik keçirir. Xüsusilə Koronavirusun Omikron ştammı və inflyenza qripi həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb. Yeni virusun, yəni metapnevmovirusun Azərbaycana gəlməsi və yayılması isə tam realdır. Buna görə də əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi zəruridir. Hər kəs karantin və gigiyena tələblərinə ciddi riayət etməlidir. Yoluxmamaq üçün çalışmalı, yoluxan halda isə virus yükünü azaldacaq tədbirlər görməliyik. Bu, xəstəliyin daha yüngül keçirilməsinə kömək edəcək. Xəstəliklə mübarizədə həkimlər, xüsusilə sahə həkimləri və pediatrlar böyük rol oynayır. Mobil həkim qrupları və poliklinikalar vasitəsilə əhaliyə məsləhətlər verilməli, proses yerində həll olunmalıdır. İnsanların suallarını cavablandırmaq və maarifləndirmək üçün interaktiv telefon rabitələri və digər kommunikasiya vasitələri araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, qarşıda ilk qış ayı gəlir və bu dövr virusların daha aktiv olduğu vaxtdır. Hər kəs sağlamlığını qorumaq üçün maksimum diqqətli olmalı, lazımi tədbirləri görməlidir”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər