“ “İmtina” serialına məni rejissor Rövşən İsax dəvət etdi. Əslində tamam başqa bir rol üçün getmişdim. Çəkilişlərimiz Zaqatalada olacaqdı. Görüşdüm, rol haqqında danışdıq. Sağollaşanda Rövşən müəllim mənə dedi ki, Almaz yox, sizə başqa rol verəcəyəm. Dedim ki, necə məsləhətdir. Kinoproba etdik, dedilər ki, get sənə xəbər edəcəyik. Bir neçə gündən sonra zəng gəldi ki, səni Firuzə roluna təsdiq etmişik. Əslində heç bilmirdim rolun çəkisi nə qədərdir, böyükdür yoxsa kiçik? Bir onu bilirdim ki, Firuzə xarakterik obrazdır, dilli-dilavər qadındır. Heç vaxt belə bir rol oynamamışam. Bu mənim üçün bir ilk idi. Həm də həqiqətən də rolun ağırlığı var. Rövşən müəllimin də tələbkarlığını hər kəs bilir. Bu baxımdan bir az mənim üçün çətin oldu. O ağırlığı, yükü hiss etdim. Bir yandan da yaxşı oldu ki, mən özümü bu ampluadada sınadım”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, Dövlət Mili Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva deyib. O daha sonra əlavə edib:
“Tamaşaçıların məndən zəhləsi gedir. Deyirlər ki, bu arvad nə qədər danışır (gülür). Rəyləri çox oxumuram, amma mənə deyirlər. Bir çoxu yazır ki, başımız ağrıdı bunun dır-dırından (gülür). Başa düşmürlər ki, elə öz dır-dırımdan öz başım ağrıyır. Firuzə əslində çox deyingən bir obrazdır. Bir çox hallarda öz-özümə deyirdim ki, ay Allah, bu Firuzə nə qədər qarğış edir, nə qədər ağzına pis söz alır, bu necə obrazdır? Amma boynuma alıram ki, mən artıq Firuzəni sevməyə başlamışam. Firuzə mənim üçün vazkeçilməzdir. Heç inanmazdım ki, bu obrazımı belə məhəbbətlə sevərəm. Mən öz anamın adını canlandırıram. Anam deyir ki, adımı bədnam etmisən (gülür). Rol elə olmalıdır ki, səs-küy salsın. İndiyə qədər bir çox serial və filmlərdə çəkilmişəm, amma Firuzə kimi səs-küy salan obrazım demək olar ki, çox az olub” deyə sənətçi bildirib.
Simuzər Ağakişiyeva bildirib ki, hələ arzuladığı rolların hamısını oynamayıb:
“Çox şükür teatrda baş rollarım olub. Amma istədiyim rolu, obrazı oynamamışam. Ümid edirəm ki, olacaq. Bu mövsüm üçün qarşıma qoyduğum məqsədlərim var. Allahın köməkliyi ilə o planları yerinə yetirəcəm” deyə aktrisa bildirib.