Yeni qan qrupu KƏŞF EDİLDİ
Ekskluziv
1840
05 Jan 2025 | 23:56

Yeni qan qrupu KƏŞF EDİLDİ

"Alimlər yeni qan qrupunun hansı anomaliyaya malik olduğunu da müəyyən edib..."
 
1972-ci ildə baş vermiş sirli bir hadisə on illər sonra böyük bir elmi kəşfə səbəb olub. Hamilə qadında qeyri-adi qan tərkibi aşkarlanıb, onun eritrositlərində bütün məlum qan qrupları üçün xarakterik olan molekul olmayıb. Bu kəşf 50 ildən çox davam edən tədqiqat prosesinin başlanmasına rəvac verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "ScienceAlert" portalı məlumat yayıb.
 
Son elmi araşdırmalar bu anomaliyanı üzə çıxarıb və onun tamamilə yeni bir qan qrupu olduğunu göstərib. 2024-cü ilin sentyabrında Britaniya və İsrail alimləri "MAL" adlanan yeni qan qrupları sisteminin kəşfini elan edib.
 
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin aparıcı hematoloqu və "Blood" jurnalında dərc olunmuş məqalə müəllifi doktor Luiza Tilli bu hadisəni "əhəmiyyətli mərhələ" adlandırıb. O, kəşfin uzunmüddətli əməkdaşlıq və səbrlə aparılmış tədqiqatın nəticəsi olduğunu vurğulayıb.
 
MAL qan qrupları sistemi insanların 99,9 faizindən çoxunda mövcud olan AnWj antigeninin olmaması ilə fərqlənir. Bu antigen yenidoğulmuşlarda yoxdur və yalnız qısa bir müddətdən sonra yaranır. Bu antigen mielin və limfositlərin proteinində yerləşir, bu da tədqiqatçıları yeni təsvir edilən sistemi MAL qan qrupu adlandırmağa sövq edib.
 
ABO və rezus sistemləri kimi geniş yayılmış qan qruplarından fərqli olaraq, MAL və digər nadir sistemlər əhalinin kiçik bir hissəsini əhatə edir. Lakin onların qan köçürülməsi sahəsində rolu son dərəcə vacibdir.
 
Hətta antigenlərin minimal uyğunsuzluğu belə qan köçürülməsi zamanı ciddi immun reaksiyaya səbəb ola bilər ki, bu da qanın dəqiq təsnifatının vacibliyini vurğulayır.
 
Klinik əhəmiyyətindən əlavə, bu araşdırma genetik testlərin inkişafına yol açır. Bu testlər AnWj antigeninin olmamasının irsi mutasiyalarla, yoxsa xarici amillərin təsiri ilə əlaqəli olub-olmadığını müəyyən etməyə kömək edəcək. Müəlliflərin sözlərinə görə, bu fərqliliklər qan patologiyaları ilə bağlı mümkün xəstəliklərin diaqnostikası və aşkarlanması üçün çox vacibdir.
 
"MAL çox kiçik bir proteindir və maraqlı xüsusiyyətlərə malikdir ki, bu da onun identifikasiyasını çətinləşdirib. Bizə bu qan sistemi haqqında sübut toplamaq üçün müxtəlif tədqiqat istiqamətlərindən istifadə etmək lazım olub", - bunu Qərbi İngiltərə Universitetindən hüceyrə bioloqu Tim Saçvell deyib.
 
Maraqlıdır ki, tədqiqatda iştirak edən və AnWj-mənfi nəticəsi olan bütün xəstələrdə eyni mutasiya aşkar edilib. Lakin həmin mutasiya ilə əlaqəli hər hansı digər hüceyrə anomaliyaları və ya xəstəliklər müəyyən edilməyib.
Link kopyalandı!
Son xəbərlər