Ekskluziv
1904
04 Jan 2025 | 23:29

"Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" -  ekspert təhlili

"Azərbaycan prezidenti son hadisələrdən istifadə edərək öz mövqelərini gücləndirib və Kremli çox çətin vəziyyətə salıb..."
 
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə üstün gəlib və onu faktiki olaraq çıxılmaz vəziyyətə salıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya üzrə ekspert və siyasi analitik İqar Tışkeviç Ukraynanın "New Voice of Ukraine" ictimai-siyasi həftəlik jurnalında yazıb.
 
Ekspert hesab edir ki, Əliyevin addımları Kremlin mövqelərinə ciddi zərbə vuran son bir sıra hadisələrə cavab olub.
 
Qaz tranziti və əməkdaşlığın dayandırılması
 
Yanvarın 1-dən etibarən Ukrayna öz ərazisi ilə Avropaya Rusiya qazının tranzitini dayandırıb. Rusiya üçün mümkün həll yollarından biri köhnə Bakı-Mahaçqala qaz kəməri vasitəsilə Azərbaycan qazını nəql etmək ola bilər.
 
Bu kəmər "Qazprom"un qaz sisteminə birləşdirilib. Lakin Tışkeviç qeyd edir ki, "Qazprom" və Rusiya hakimiyyəti Azərbaycan qazının az olması və infrastrukturunu bölüşmək istəmədiyinə görə bu variantdan imtina edib.
 
Təyyarə insidenti və Əliyevin reaksiyası
 
Rusiya Hava Hücumundan Müdafiə Sistemi tərəfindən Azərbaycan sərnişin təyyarəsinin vurulması hadisəsi vəziyyəti daha da gərginləşdirib. Ekspertin sözlərinə görə, bu faciə qəsdən planlaşdırılmayıb, lakin
Rusiya ciddi şəkildə zərbə alıb.
 
Əliyev məsələ ilə bağlı bir müddət Kremlin müxtəlif versiyalar irəli sürməsini gözləyib və daha sonra kəskin və dəqiq açıqlama verərək üzr istənilməsini və məsul şəxslərin cəzalandırılmasını tələb edib.
 
Kreml üçün siyasi risklər
 
Tışkeviç bildirir ki, Əliyev Kremlə böhrandan çıxmaq üçün şərtli bir seçim təqdim edib. Putin qarşısında iki yol var: ya rəsmi şəkildə üzr istəmək, - bu, siyasi zəiflik kimi qiymətləndirilə bilər, - ya da məsul şəxsləri sərt şəkildə cəzalandırmaq.
 
Lakin ikinci yol daxili risklərlə əlaqədardır, çünki məsuliyyət, çox güman ki, Ramzan Kadırovun ətrafındakı şəxslərin üzərinə düşür, və Putin Kadırovla münasibətlərdə sadiqliyi qorumağa üstünlük verir.
 
Geosiyasi nəticələr
 
Hadisənin uzağa gedən geosiyasi nəticələri var. Ekspert qeyd edir ki, Rusiya Azərbaycan və Avropa İttifaqı ilə Ukrayna ərazisindən qaz tranziti məsələsini müzakirə etmək məcburiyyətində qala bilər.
 
Bundan əlavə, əvvəllər Kreml tərəfindən bloklanan Xəzər dənizinin dibi ilə qaz kəmərləri layihələri də gündəmə gələ bilər. Bu məsələlər təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan və regionda nüfuzunu artırmağa çalışan Türkiyə üçün əhəmiyyətlidir.
 
Qazaxıstanın rolu və yeni mövqelər
 
Qazaxıstan da hadisələrə maraq göstərir. Tışkeviç vurğulayır ki, Astana gözləmə mövqeyi tutaraq hadisənin araşdırılmasında Azərbaycan mütəxəssislərini dəstəkləyib və Rusiya mütəxəssislərinin iştirakını məhdudlaşdırıb.
 
Bu addımlarla Qazaxıstan Rusiya ilə münasibətlərində xüsusilə neft və qaz ixracı kontekstində əlverişli mövqelər əldə etmək üçün şərait yaradır.
 
Analitikin fikrincə, Əliyevin addımları incə siyasi hesablamaları əks etdirir və Kremlin qarşısında mürəkkəb seçimlər yaradır, eyni zamanda Azərbaycan və onun müttəfiqləri üçün əlverişli imkanlar formalaşdırır.
Link kopyalandı!
Son xəbərlər