Ekskluziv
2158
04 Jan 2025 | 17:47

"Andiçmə mərasimindən 10 gün öncə Trampı hansı cəza gözləyir?" - "Bloomberg"

 
"Pornoaktrisa Stormi Danieslə əlaqəsi ilə bağlı susması üçün Trampın ona 130 min dollar ödədiyi iddia edilir..."
 
Nyu-York ştatının hakimi Xuan Merçan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın pornoaktrisa Stormi Danielsə edilən ödənişlərlə bağlı iş üzrə hökmünün yanvarın 10-da çıxarılacağını elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
 
Nəşrin yazdığına görə, hakim bir gün əvvəl "dramatik qərar" qəbul edib və ittihamedici hökm çıxarmağa meyilli olduğunu bildirib. Lakin Merçan qeyd edib ki, hökm faktiki olaraq işi bağlayacaq və hətta ən yüngül cəzanın belə tətbiq edilməyəcəyini vurğulayıb. Hakim həmçinin Trampın məhkəmə iclasında ya şəxsən, ya da videobağlantı vasitəsilə iştirak etməli olduğunu deyib.
 
"Bloomberg" agentliyi yazır ki, Merçan Trampın prezident toxunulmazlığına əsaslanaraq ittihamedici hökmü ləğv etmək xahişini, eləcə də Manhettan dairə prokuroru Elvin Breqqın Trampın prezidentlik müddəti başa çatanadək, dörd il ərzində hökmün çıxarılmasının təxirə salınması barədə vəsatətini rədd edib. Trampın nümayəndəsi Stiven Çunq hakimin qərarını tənqid edərək, ümumiyyətlə bu işin açılmamalı olduğunu bildirib.
 
"Bloomberg" qeyd edir ki, nəzəri olaraq Tramp dörd il həbs cəzası ala bilər, lakin hazırda yeni seçilmiş prezidentə yeganə təhdid onun bioqrafiyasında məhkumluğunun olmasıdır. Hökmün çıxarılması Trampa apellyasiya şikayəti vermək imkanı yaradacaq.
 
"Susmaq üçün ödənişlər" işi Trampın ilk prezidentlik müddətindən sonra ona qarşı qaldırılmış dörd cinayət işindən biridir və məhkəməyə gedib çatan yeganə işdir, - "Financial Times" bildirir. Hazırkı məhkəmə qərarı, əsasən, Trampın ABŞ prezidenti kimi yenidən seçilməsindən sonra böyük ölçüdə aradan qalxan müxtəlif hüquqi cinayət işlərinin son dönüşü olub.
 
ABŞ Ədliyyə Nazirliyinin xüsusi prokuroru Cek Smit Trampa qarşı aparılan istintaqlara nəzarət etmək tapşırıldıqdan sonra artıq iki federal cinayət işini-2020-ci il seçkilərinə müdaxilə və Floridadakı Mar-a-Laqo malikanəsində tapılan məxfi sənədlərlə bağlı işi bağlayıb, deyə nəşr vurğulayır.
 
2024-cü ilin may ayında münsiflər məhkəməsi Trampı pornoaktrisa Stormi Danielsə onun siyasətçi ilə əlaqəsi haqqında susması üçün 130 min dollar ödəmək məqsədilə işgüzar sənədlərin saxtalaşdırılması ilə bağlı 34 ittiham üzrə günahkar bilib. 
 
Əvvəlcə hökmün iyulun 11-də çıxarılması planlaşdırılsa da, Merçan bir neçə dəfə, o cümlədən ABŞ-da keçirilən prezident seçkiləri ilə əlaqədar prosesi təxirə salıb. İndi məhkəmə Trampa yanvarın 20-də ABŞ prezidentliyinə başlamasına 10 gün qalmış hökm çıxarmağa hazırlaşır.
Link kopyalandı!
Son xəbərlər