Ekskluziv
2125
04 Jan 2025 | 17:15

"Tramp Ukraynada müharibənin dayandırılması ilə bağlı heç bir maraqlı təklif etməyib" - Nebenzya

 
"Kreml ilkin şərtlər qoymadan dialoqa hazırdır, lakin bu, İstanbul razılaşmalarına və yerdəki reallıqlara əsaslanmalıdır..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası hələlik Ukraynadakı müharibənin dayandırılması ilə bağlı Moskvaya "heç bir maraqlı təklif" etməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
 
"Bunlar hələ dəqiq formalaşmamış, qeyri-müəyyən siqnallardır. Tez-tez "münaqişənin dondurulması" ifadəsini eşidirik. Prezident Putin sonuncu dəfə dekabrın 19-da bu münaqişəni dondurmaq deyil, tamamlamaq üçün hansı şərtlərlə danışmağa hazır olduğumuzu açıq və aydın şəkildə bəyan edib. Ancaq Amerikanın yeni administrasiyasından gələn siqnallarda bizi maraqlandıra biləcək heç bir şey yoxdur", -  Nebenzya deyib.
 
O, əlavə edib ki, Moskva son vaxtlar Kiyevdən səsləndirilən "bəzi razılaşmalarla" bağlı siqnalları da ciddi qəbul etmir.
 
"Məsələ ondadır ki, nəhayət, Zelenski danışıqlar masasına əyləşmək istəsə, bu hansı döyüş təmas xəttində baş verəcək. Vaxt uzandıqca, onun üçün şərtlər daha da çətinləşəcək. Bu, ona çoxdan deyilib. Məsələ ondan asılıdır", - deyə Nebenzya bildirib.
 
Ukrayna ilə danışıqlara hazır olması barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı danışıb.
 
O, qeyd edib ki, Kreml "öncədən şərt qoymadan" dialoq aparmağa hazırdır, lakin bu, 2022-ci ilin İstanbul razılaşmalarına və "yerdəki reallıqlara" əsaslanmalıdır.
 
Putin əlavə edib ki, bu danışıqların nəticəsində ortaya çıxacaq yekun sənədi Ali Radanın sədri Ruslan Stefançuk imzalaya bilər.
 
Rusiyaya görə, yalnız o, Ukrayna hakimiyyətinin qanuni nümayəndəsidir. Bununla belə, atəşkəsin müzakirəsi ilə bağlı dialoqu Vladimir Zelenski də apara bilər.
 
Kiyevdən isə bu bəyanata cavab olaraq bildirilib ki, "danışıqlar qaçılmazdır", lakin Ukrayna bu masa arxasında "güclü olmalıdır".
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı bildirib ki, Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandırmaq olar. Lakin respublikaçı bunun necə mümkün ola biləcəyi və hadisələrin yeni inkişafı fonunda bu fikrin real olub-olmaması barədə ətraflı məlumat verməyib.
Link kopyalandı!
Son xəbərlər