“1928-ci ilin sonunda Mir Cəfər Bağırovun göstərişi ilə qatı cinayətkar Qara Aslan və onun iki yaxın əlaltısı- Ələkbər və Cəmil üzə çıxarıldı, onlara silah verildi. Qara Aslan, Bağırov tərəfindən üzə çıxarılmasından istifadə edərək, cinayətkar dəstə ilə əlaqəni davam etdirir və Şamxor bandasının başçısı Əbdüləlini ona qarşı siyasi idarədə hazırlanan əməliyyatdan xəbərdar edirdi...”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
Şahid Mehdiyev Məmməd Əbdüləzim oğlu:
“Azərbaycan Baş siyasi idarəsi, “NKVD” və dövlət təhlükəsizlik nazirliyi orqanlarında 1930-cu ildən 1952-ci ilədək işləmişəm.
Gəncənin yerli, əsilli-köklü sakini, 1930-cu ilədək partiya orqanlarının, 1930-cu ildən isə siyasi idarə orqanlarının işçisi kimi mənə məlumdur ki, Azərbaycanın bir sıra rayonlarında – Samux, Şamxor, Tovuz, Ağdam, Zaqatala və b. siyasi və cinayətkar dəstələr fəaliyyət göstərirdi. Həmin dəstələr uzun illər ərzində cəzasız fəlaiyyət göstərmiş, əhalini qarət etməklə, soyğunçuluqla, kasıb-kusubu qətlə yetirməklə məşğul olmuşlar. O vaxtlar Bağırovun rəhbərlik etdiyi Azərbaycan Fövqəlada Komissarlığı və siyasi idarə orqanlı həmin dəstələrin ləğv edilməsi üçün heç bir ciddi tədbir görmürdü, odur ki, bəzi dəstələr əhaliyə uzun müddət – on ilə yaxın bir vaxt ərzində işgəncə vermişdir...
Dəstəfur(indiki Daşkəsən-S.L.) rayonunun Qabaqtəpə kəndində Pirverdinin dəstəsi 1920-ci ildən 1930-cu ilədək tuğyan eləyib. Samur rayonundan Məmməd Qasımın dəstəsi 1924-cü ildən 1930-cu ilədək soyğunçuluqla məşğul olub. 1930-cu ilin əvvəlində Məmməd Qasım Samur siyasi idarəsinin müvəkkili Süleymanovu öldürdü, ancaq Məmməd Qasım Qarabaqqal kəndində yaşamaqda davam etsə də, heç bir yerə getməsə də, ona qarşı heç bir tədbir görülmədi. 1931-ci ildə o, gizlicə Türkiyəyə qaçdı...
Şəxsən mənə məlumdur ki, M.C.Bağırov 1928 və 1929-cu illərdə Samux rayonunda olub. Məhz həmin vaxtlarda Məmməd Qasımın bandası cinayətlər törədirdi. Ancaq hansı səbəbdənsə Bağırov həmin dəstənin ləğv edilməsi üçün heç bir tədbir görməyib...
Şamxor(indiki Şəmkir-S.L.) rayonunun Qara Cəmili kəndindən olan Rüstəm Ramazanovun dəstəsi 1920-ci ildən 1931-ci ilədək əhalini qarət etməklə məşğul olurdu. Ramazanov kəndlilərdən öz xeyrinə vergi alırdı. Bandit Ramazanovun harada məskən salması hamıya məlum olsa da, onun həbs olunması üçün heç bir tədbir görülmürdü. Bundan əlavə, onun qeyri-qanuni şəkildə işlətdiyi gəmi-bərə də əlindən alınmamışdı...
Başqa cinayətkar dəstələr də neçə illər ərzində geniş əl-qol açaraq, hər bir cəzadan uzaq olmaqla cinayət törətməkdə davam edirdilər. Mən belə hesab edirəm ki, banditizm ona görə 1930-cu ilədək ləğv olunmamışdı ki, Azərbaycan SSR siyasi idarəsi orqanları tərəfindən banditizmə qarşı fəal mübarizə aparılmamışdı. Mən bu nəticəyə ona görə gəlirəm ki, 1930-31 –ci illərdən sonra həmin cinayətkar dəstələr cəmi bir neçə ayın içərisində ləğv olundu, - siyasi idarənin 1930- 31-ci illərə qədər də mövcud olan qüvvəsi ilə...
Əgər 1930-31-ci illərədək cinayətkar qrupların ləğv edilməsi üçün heç bir tədbir görülmürdüsə, 1930-31-ci illərdə həmin dəstələrin üzə çıxarılması təcrübəsi geniş yayıldı. Bu da bir çox hallarda Sovet hökümətinin ziyanına oldu. Üzə çıxarılan, bir növ qanuniləşdirilən banditlər əhalini daha gizli yox, açıq-aşkar qarət etməyə və öldürməyə başladılar, siyasi idarənin onlara heç bir qadağa qoymamasından, nəzarət etməməsindən istifadə edirdilər...
Banditlərin üzə çıxarılması yalnız Bağırovun göstərişi, icazəsi və sanksiyası əsasında həyata keçirilirdi. Üzə çıxan dəstələrə silah, hərbi sursat, onlara siyasi idarənin zərbəçi dəstəsinə aid olması barədə sənəd verilirdi. Bu sənədlərdən istifadə edən banditlər respublikanın bütün ərazisində sərbəst hərəkət edirdilər. Üzə çıxmış banditlərin çoxsu banditizmə qarşı mübarizədə siyasi idarə orqanlarına heç bir yardım göstərmirdilər, əksinə, açıq-aşkar qətl və qarətlə məşğul olurdular. Belə ki, Pirverdinin dəstəsindən bandit Patavalı Hüseyn və Mədət üzə çıxarılmışdı. Onlar 1930-cu ildən sonra da adam öldürməklə məşğul olmaqda davam edirdilər. Xaçbulaq kəndində onlar kəndlilərdən Seyid Muradı və Rüstəmi qətlə yetirdilər, bunun üçün heç bir cəza almadılar, nəticədə yenidən bandaya qayıtdılar. Həmin banditlər bir dəfə üzə çıxarıldıqlarına və sovet hökümətinə qarşı mübarizəni dayandırmadıqlarına baxmayaraq, 1931-ci ildə yenidən üzə çıxarıldılar və onlara silah verildi. İkinci dəfə üzə çıxarılmış Patavalı Hüseyn və Mədət siyasi idarənin Nuxa rayon şöbəsinin zərbəçi dəstəsinə qəbul edildilər. Siyasi idarənin orqanlarına heç bir xeyir vermədikləri üçün axırda güllələndilər...
1928-ci ilin sonunda Bağırovun göstərişi ilə qatı cinayətkar Qara Aslan və onun iki yaxın əlaltısı- Ələkbər və Cəmil üzə çıxarıldı, onlara silah verildi. Qara Aslan, Bağırov tərəfindən üzə çıxarılmasından istifadə edərək, cinayətkar dəstə ilə əlaqəni davam etdirir və Şamxor bandasının başçısı Əbdüləlini ona qarşı siyasi idarədə hazırlanan əməliyyatdan xəbərdar edirdi. Bu xəbəri alan Əbdüləli pusqu qurub siyasi idarənin Gəncə vilayət şöbəsinin rəisi Əlövsət Məmmədovu və milis rəisi Rüstəm Əliyevi öldürdü. Yalnız 1931-ci ildə, Bağırov Azərbaycan SSR Baş siyasi idarəsinin sədri vəzifəsindən çıxarılandan sonra Qara Aslan öz dəstəsilə həbs edilib güllələndi...
Qara Aslanla birlikdə üzə çıxarılmış, bundan sonra da sovet hökümətinə qarşı vuruşmaqdan ən çəkməmiş bandit Mir Həsən Seyidov, Qara Aslanın həbsindən sonra gizlicə Türkiyəyə qaçdı. Həm də özü ilə müsavat hökümətinin üzvü, Gəncə qubernatorunun oğlu Kamil Rəfibəyovu da apardı. 1945-ci ildə mən İranda olduğum vaxt agent “Gülzar” mənə xəbər verdi ki, Kamil Rəfibəyli türk kəşfiyyatında çalışır...”
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın