“...Heç də hər yerdə dövlət dili olmasına baxmayaraq Azərbaycan dilindən istifadə edilmir. Müəssisələrdə rus dilini bilməyən azərbaycanlı gənc kadrları işə götürmürlər...”
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...
Xalq Təsərrüfatı İnstitutu.Tələbə: Rzayev Kamil.
“İldırım” gizli təşkilatının üzvlərindən biri Rzayev Kamil Əbdülbağı oğlu olmuşdur. Onun həbsi 13 yanvar 1949-cu ildə həyata keçirilmişdir. Həbs qəti imkan tədbirini Azərb. SSR DT naziri Yemelyanov imzalamışdır.
Azərb. SSR cm-nin 72 maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə cinayət işi qaldırılan qərarda K.Rzayevin 1924-cü ildə anadan olduğu, Xalq Təsərrüfatı İnstitutunun II kursunda oxuduğu, Bakı şəhəri Maqomayev küçəsi, 121-də yaşadığı yazılmışdır.
Azərb. SSR DTN-nin V şöbəsinin IV bölməsinin mayor rütbəli rəisinin yazdığı həbs qərarında göstərilib: “...Azərb. SSR DTN-ə 1922-ci ildə anadan olmuş Bakı şəhər sakini, azərbaycanlı, SSRİ vətəndaşı, bitərəf, Xalq Təsərrüfatı İnstitutunun tələbəsi, Maqomayev küçəsi 121-də yaşayan Rzayev Kamil Əbdülbağı oğlu haqqında daxil olmuş cinayət materialları ilə tanış olaraq müəyyən etdim:
Azərb.SSR DTN-i tərəfindən antisovet millətçi gənclər təşkilatının üzvü kimi həbs edilmş Zeynalov Hacı Həbib oğlunun 23 dekabr 1948-ci il, Əliyev Kamal Baxşalı oğlunun 25 dekabr 1948-ci il, Abdullayev Gülhüseyn Hüseyn oğlunun 29 dekabr 1948-ci il tarixli ifadələrində göstərilmişdir ki, Kamil Əbdülbağı oğlu Rzayev Bakı şəhərində tələbələr içərisində mövcud olmuş antisovet millətçi gənclər təşkilatının üzvü olmuşdur. K.Rzayev praktik antisovet fəaliyyəti göstərmişdir.
Yuxarıda deyilənləri nəzərə alaraq
Qərara alıram:
Rzayev Kamil Əbdülbağı oğlu həbs edilsin, evində axtarış aparılsın”.
Onun qısa yazılmış anket məlumatında ailə üzvlərinin 1945-ci ildə atası, 1948-ci ildə vəfat edən anası və 1922-ci ildə anadan olmuş Hüseynova Adilə Əbdülbağı qızı adlı bacısından ibarət olduğu göstərilmişdir.
Axtarış protokolunda onun evində müxtəlif sənədlər, hərbi bilet, “Qırmızı ulduz” ordeni, Almaniyanın alınmasına görə medal, Könüqsberqin və digər alman şəhərlərinin alınmasına görə verilmiş medallar, onların sənədləri, yazılar, şəkillər, şifoner, böyük güzgü, stol, stul, radioqəbuledici, yazı stolu olduğu qeyd edilmişdir.
21:30-da başlayan, 01:00-da qurtaran ilk istintaq 14 yanvar 1949-cu ildə olmuşdur.
Ənənəvi olaraq anket məlumatları yenidən yazılıb. Orada özünün 1924-cü ildə Bakıda anadan olduğunu, bacısı Adilənin APİ-də oxuduğu, orduda kəşfiyyatçı kimi xidmət etdiyi, 1942-1947-ci illər arasında ordu sıralarında olduğu, üç orden aldığı, “Qırmızı Ulduz”, “Könüqsberqin” və “Almaniyanın alınmasına görə” göstərmişdir.
Əvvəlcə müstəntiq ona oz tərcümeyi-halı haqqında daha geniş məlumat verməyi təklif edib. O, anadan olduğu ili, atasının mexanik işlədiyini və 1945-ci ildə vəfat etdiyini, anası Nisə Əhməd qızı Rzayevanın evdar qadın olduğu və 1948-ci ildə dünyasını dəyişdiyini, 1931-ci ildə Bakı şəhərindəki 9 №-li məktəbin I sinfinə, IV sinifdən sonra 132 №-li məktəbə getdiyini söyləyib.
“...Xəstəliyimlə əlaqədar oxuya bilmədim. Sonra 189 №-li məktəbə getdim. Orada IX sinfi qurtardıqdan sonra valideynlərimin maddi vəziyyətinin ağır olması səbəbi ilə “Bolşevik Kaspi” qəzetində işə düzəldim. Burada 1942-ci ilə qədər işlədim. Elə həmin il sovet ordusu sıralarına səfərbərliyə alındım və hərbi xidmətə getdim”.
Müstəntiq ondan hansı rayonun hərbi komissarlığından ordu sıralarına çağırıldığı, nə zaman tərxis olunduğunu, yaxın dostlarını soruşub. O, cavabında 1942-ci ildə Voroşilov RHK tərəfindən orduya çağırıldığını, SSRİ Ali Soveti Rəyasət Heyətinin 04 fevral 1947-ci il tarixli qərarı ilə ordudan tərxis olunduğunu bildirir.
Verilən suala cavab olaraq K.Rzayev almanların əhatəsində, əsirliyində olmadığını, bütün yaxın dostları, tanışları arasında üç adamın adını çəkib.
“1.Əliyev Kamal. 189 №-li orta məktəbdə birgə oxumuşuq. 2. Zeynalov Hacı. 1941-ci ildən tanıyıram. 3. Abdullayev Gülhüseyn. Onu 132 №-li məktəbdə oxuyarkən tanıyıram. Normal münasibətlərim var”.
K.Rzayev müstəntiqin “Sən antisovet millətçi fəaliyyətə görə həbs edilmisən. Mahiyyəti haqqında danışın” təklifinə belə fəaliyyətlə məşğul olmadığnı söyləyib. Ondan adı, soyadı və ata adının dəqiq olaraq necə olduğunu soruşub. O, cavabında Rzayev Kamil Əbdülbağı oğlu olduğunu bildirib. Müstəntiq nədən onun pasportunda ata adı Abduloviç yazıldığı ilə maraqlanır. O bunu Sovet ordusu sıralarından tərxis olunduğu zaman verilən pasportla əlaqələndirib.
15 yanvar 1949-cu ildə ikinci istintaqda olub .
Müstəntiq:
“... Ordu sıralarında olarkən tərtib edilən sənədlərdə atamın adı belə qeyd edilib. Pasport alanda da bunu və hərbi bileti əsas götürüb belə yazıblar. Ondan heç nə soruşmayıblar. Ona görə pasportda yazılan ata adı doğru deyil”.
Müstəntiq K.Rzayevdən ordudan nə zaman tərxis olunduğunu, hansı hərbi hissədə qulluq etdiyini soruşub .
“Cavab:1947-ci ilin aprelində tərxis olundum. 1942-c ilin sentyabrından dekabrınadək Bakıda nömrəsini unutduğum zenit artilleriya polkunda, 1943-cü ilin yanvar-dekabr aylarında Batumidə 352-ci zenit artilleriya polkunda, dekabr 1943 - may 1944-cü ilin mayından müharibə qurtarana qədər Finlandiyadakı 667 №-li artilleriya polkunda xidmət etmişəm. Müharibə qurtardıqdan sonra Almaniyada, 1946-cı ilin sentyabrınadək Polşada oldum... bir ay korpusun kəşfiyyat diviziyasında, ... müxtəlif hərbi hssələrdə qulluq etdim.
Sual: Nə vaxt gəldin? Səninlə kimlər görüşdü? Cavab: Evə gələndən sonra yanıma mənimlə görüşməyə aşağıdakılar gəldi: Zeynalov Hacı, Zeynalov Hidayət, Abdullayev Gülhüseyn, Əliyev Kamal, Aydın (soyadını, ata adını unutmuşam) və qohumlarım.
Sual: Hacı Zeynalov səni kimlərlə tanış edib? Cavab: H. Zeynalov məni dostu Musa ilə 1947-ci ildə bulvarda tanış edib. Sual: H.Zeynalov, G.Abdullayev, H.Zeynalov, K.Əliyev və Musa ilə hansı mövzularda söhbətləriniz olub? Cavab: Bu adamlarla yalnız ümumi söhbətlərimiz olub. Musa ilə məni H.Zeynalov tanış etdi. Ona qədər onu tanımırdım. Aydınla məni Əliyev Kamal tanış etdi. Onu da əvvəllər tanımırdım…
(…)
Bununla da istintaq yekunlaşıb. Onun davamı 17 yanvar 1949-cu ildə olmuşdur.
Nədənsə əvvəlki iki istintaqda müstəntiq ondan nə antisovet fəaliyyəti, nə də onun məzmunu ilə bağlı olan sualları verməyib. İstintaqın sonrakı gedişindən aydın olur ki, K.Rzayevin istintaqında müstəntiq fərqli taktika seçib. O, yalnız üçüncü istintaqda K.Rzayevə bildirib ki, onun antisovet fəaliyyəti müəyyən edilib və təklif edir ki, bu hadısənin mahiyyəti haqqında doğru danışsın. Lakin Kamil bunu rədd edib.
Müstəntiq ondan müqaviməti dayandırmağı, antisovet fəaliyyəti haqqında doğru danışmağı tələb edir.
“Cavab: Mən heç yerdə, heç vaxt antisovet fəaliyyəti ilə məşğul olmamışam. Ona görə də bu məsələ ilə bağlı ifadə də verə bilmərəm. Sual: Yalan danışırsan. İstintaq səndən qətiyyətlə tələb edir ki, antisovet fəaliyyətin haqqında danışasan”. O, yenə bu iddianı rədd edib.
Göründüyü kimi, müstəntiq K.Rzayevə nə qədər psixoloji təzyiq göstərsə də, ilk dindirilmələrdə məqsədinə çata bilməyib.
18 yanvar 1949-cu ildə, saat 20:00-da keçirilən dördüncü istintaq mahiyyət etibarı ilə əvvəlkindən fərqlənməyib.
Müstəntiq əvvəlcə ona Azər Ələsgərovla bağlı sual verib…
(…)
“Sual: Nəhayət antisovet fəaliyyətin haqqında danışacaqsanmı? Cavab: Mən bunu rədd edirəm. Sual: Antisovet fəaliyyətin istintaqla müəyyən edilmişdir. Bunun mahiyyəti haqqında danışın. Cavab: Mən belə bir fəaliyyətlə məşğul olmamışam və bunu rədd edirəm”.
Beləliklə, bu istintaq gecə saat 24:30-da başa çatır.
Bu istintaqdan iki gün sonra, 20 yanvar 1949-cu ildə, axşam saat doqquzda sayca beşinci istintaq keçirilib.
Müstəntiqin II Dünya müharibəsinin od-alovundan çıxmış, həyat təcrübəsi olan bir adamla, iki gün ərzində kamerada, sovet təhlükəsizlik orqanına məxsus metodla lazımi “maarifləndirici” iş aparması nəticəsində K.Rzayev birdən birə, elə ilk sualdan hər şeyi “etiraf” edir.
Müstəntiqin “O dövrdə sizin antisovet qrupunuzun rəhbəri kim idi?” sualına K.Rzayev bildirdi ki, təşkilatın vahid rəhbəri yox idi.
“...Biz üçümüz - mən, H.Zeynalov və G.Abdullayev toplaşıb antisovet söhbətlər aparırdıq. Sual: O zaman antisovet qrupunuz sizin evdə toplanırdı. K.Əliyev sizə gəlirdimi?. Cavab: Bəli. Sual: Siz ona “İldırım” adlı gizli antisovet təşkilat yaratdığınızı söyləmişdinizmi? Cavab: Xeyr. Onda biz hələ ona inanmırdıq.
Sual: Üçlükdən başqa bu antisovet qrupa başqa kimlər cəlb olunmuşdu? Cavab: Başqa heç kim. Sual: Siz onda qrupa yeni üzvlər cəlb etməyi qarşınıza məqsəd qoymamışdınızmı? Cavab: Xeyr. Tezliklə mən Sovet ordusu sıralarına çağırıldım və 1947-ci ildə qayıtdım. Ona görə də antisovet təşkilatın digər üzvlərini tanımıram.
(…)
Axşam saat 11-də bu istintaq qurtarıb. İyirmi dəqiqəlik fasilədən sonra, 23:20-də istintaq yenidən davam edib.
Müstəntiq ondan “öz antisovet millətçi fikirləriniz haqqındakı ifadələri davam etdirin” deyə bildirib.
“Cavab: 1942-ci ildə mən məktəb yoldaşım Gülhüseyn Abdullayev və Hacı Zeynalovla dostluq etməyə başladım. Nəticədə üçümüz bəzən bizim evdə toplaşırdıq. Görüşlərimizdə antisovet millətçi söhbətlər edirdik. Hər kəs öz fikrini deyirdi.
Əsas narazılığımız Azərbaycan dilinin vəziyyəti ilə bağlı idi. Baxmayaraq ki, Azərbaycan dili dövlət dili idi, ancaq əksər idarə və müəssisələrdə bu dildən istifadə edilmirdi. Bir çox idarələrdə rus dili işlədilir, bu dili bilməyənlər işə götürülmürdü. Beləliklə, Azərbaycanda azərbaycanlı gənclər sıxışdırılır, milli kadrlar inkişaf etmirdi. Belə antisovet millətçi görüşlərimizi bölüşürdük. Sonda aydın oldu ki, antisovet millətçi məsələlərdə həmfikirik.
Beləliklə, mən 1942-ci ldə antisovet millətçi “İldırım” qrupunun üzvü oldum.
Sual: Sizlərdən kim bu antisovet millətçi qrupa “İldırım” adını verməyi təklif etdi? Cavab: Bizə G.Abdullayev təklif etdi ki, antisovet millətçi üç nəfərdən ibarət qrup yaradaq, adını da “İldırım” qoyaq. Mən və Gülhüseyn Abdullayev bununla razılaşdıq...
Sual: Üçlü antisovet millətçi “İldırım” qrupunun məqsədini izah edin.
Cavab: Məqsədimiz: Azərb. K (b) MK-nın katibinə məktub yazmaqdan ibarət idi ki, heç də hər yerdə dövlət dili olmasına baxmayaraq Azərbaycan dilindən istifadə edilmir. Müəssisələrdə rus dilini bilməyən azərbaycanlı gənc kadrları işə götürmürlər.
Sual: ...Qəbul edirsinizmi ki, bu cür fikirləriniz, düşüncələriniz antisovet millətçi xarakterlidir. Cavab: Bəli”.
Bu istintaq ertəsi gün saat 15:40-da qurtarıb. Materiallardan aydın olur ki, istintaq fasiləsiz olaraq on beş saat qırx dəqiqə davam edib. Ancaq istintaqdakı sual-cavablar isə cəmi iki səhifədir. Bu, istintaqın necə keçirildiyini göstərən çox əhəmiyyətli faktlardandır.
25 yanvar 1949-cu il axşam saat doqquzda yeddinci istintaq həyata keçirilmişdir.
Müstəntiq K.Rzayevdən “İ.Rəhimovu tanıyırsanmı və sizi kim tanış edib” deyə soruşur. O, təsdiqləyici cavab verib bildirir ki, onları H.Zeynalov tanış edib.
“... Bir dəfə mən institut tərəfə gedərkən H.Zeynalov ilə qarşılaşdım. M.Abdullayev və İ.Rəhimov onunla birlikdə idi. H.Zeynalovla qısa söhbətdən sonra o məni İ.Rəhimovla tanış etdi. Bu görüşdən sonra mən onunla görüşməmişəm. Sual: İ.Rəhimov bildirdimi ki, siz onun antisovet millətçi gənclər təşkilatının üzvüsünüz? Cavab: Xeyr. O mənimlə belə söhbət etməyib”.
Müstəntiqin antisovet millətçi gənclər təşkilatının üzvü olduğu xəbərini ona kim verib sualına o belə cavab verir: “Mənə üzbəüz üzləşmədə G.Abdullayev söylədi ki, mən antisovet millətçi gənclər təşkilatın üzvüyəm. Buna qədər bilmirdim, bu barədə mənə heç kim söyləməyib. Sual: Niyə gizlədirsiniz ki, Sovet ordusu sıralarında olarkən G.Abdullayev sənə məktub yazaraq “İldırım” təşkilatını yaratdıqlarını və sənin də onun tərkibinə daxil edildiyini bildirib.”
O belə bir halın olmadığını, özünün də yalnız 1942-ci ildə yaradılan “İldırım” adlı üçlü qrupun üzvü olduğunu söyləyib.
Bu ifadələrin istintaqın quraması olduğu şübhəsizdir. Çünki, heç bir ağıllı adam, gizli təşkilat üzvülüyünü məktubla, xüsusən ordu sıralarında olan birinə belə bir formada məlumat verməzdi. Bu, konspirasiyanın tələblərinin pozulması idi.
Müstəntiq K.Rzayevə psixoloji təsir göstərək sualı bir daha təkrar etsə də yenə rədd cavabı alıb.
“Sual: ... Sovet ordusu sıralarından tərxis olunduqdan sonra antisovet millətçi gənclər təşkilatının üzvlərindən kim sizə “İldırım” adlı təşkilatın mövcudluğu barədə xəbər verdi. Cavab: “Heç kim”.
İstintaq gecə yarısı, saat 12:00-da qurtarıb.
Bir gün sonra, 27 yanvar 1949-cu ildə müstəntiq heç bir əsaslı sübut olmadan “Sovet hakimiyyətinə düşmən əhval-ruhiyyəsində, antisovet təşkilatın üzvü, Vətən müharibəsi dövründə əhatəsi arasında antisovet millətçi iş” apardığına görə qərara gəlir ki, K.Rzayevə qarşı Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə cinayət işi qaldırır. Qərarın surəti də Respublika Prokurorluğuna göndərilib.
Həmin gün səhər saat 11:00-ə on dəqiqə işləmiş keçirilən istintaqda müstəntiq təqsirləndiriləni bu qərarla tanış edib, ona verilən maddələrin mahiyyətini izah edir və “özünüzü bu maddələrlə günahkar hesab edirsinizmi” deyə soruşur .
K.Rzayev bəli cavabını verməklə yanaşı əlavə edir ki, onu təşkilata G.Abdullayev cəlb edib. Bu istintaq gündüz saat 12:00-da qurtarır.
Burada uyğunsuzluğun olduğu açıqca görünür. Çünki təxminən iki saat yarım davam edən istintaqda təqsirləndirilənə maddələrin mahiyyərinin izah edilməsi və bir qısa sual verilməsi az inandırıcıdır.
Beləliklə, 9 fevral 1949-cu ildə K.Rzayevin istintaqı başa çatmış və verilən ittiham aktı təqsirləndirilənə elan edilmişdir. İttiham aktının mahiyyəti ona izah edilmiş və ondan bu maddələrlə özünü günahkar hesab edib-etmədiyi soruşulmuşdur. Cavab “Bəli” olmuşdur..."
Təqdim etdi:
Sultan Laçın