ABŞ “soyuq müharibə” illərindən “yadigar qalan” nüvə bunkerlərini yenidən aktiv istifadəyə cəlb etməkdədir.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, buna səbəb Rusiya və Çinin kosmosdakı aktivliyini artırması, hava hücumundan müdafiə zərurətinin ötən dövrlərlə müqayisədə kəskin artmasıdır. Keçmiş nüvə bunkerlərinin modernləşməsi böyük vəsaitlər tələb etsə də, Pentaqon xərclərin özünü doğrultduğu qənaətindədir. Mütəxəssislər hesab edir ki, keçmiş nüvə bunkerlərinin modernləşdirilməsi və yeni təyinatda fəaliyyəti ölkənin “raket və dron həssasiyyətinin ”artmasına yardım edir, mümkün təhlükələri öncədən müəyyən etməyi asanlaşdırır. Yüksək dağlıq ərazilərdəki bunkerlər“dəqiq və sürətli” səma skanı həyata keçirilməyə imkan verir ki, bu da Rusiya və Çinin nüvə başlıqlı ballistik raketlərindən etibarlı müdafiə sistemi yaratmağı əsas vəzifə hesab edən Pentaqon üçün həyati əhəmiyyətə malikdir.
Xatırladaq ki, ABŞ-da bu cür bunkerlərin kütləvi istehsalına 1949-cu ildən – SSRİ-nin ilk atom bombası sınağını həyata keçirməsindən sonra başlanılıb. Nüvə bunkerləri üçün əsas xarakterik cəhət onların güclü nüvə zərbəsinə qarşı davamlı olması, habelə, elektrik stansiyasına, su təchizatı, anbar, klinika, bərbərxana və hətta kilsəyə malik olmasıdır.
Seymur ƏLİYEV