Ekskluziv
1735
03 Jan 2025 | 16:46

"Seulda qarşıdurma: Cənubi Koreya prezidentini həbs etmək cəhdi güclü müqavimətlə üzləşib" - BBC

 
Cənubi Koreyanın yüksək vəzifəli məmurlar arasında Korrupsiya ilə mübarizə üzrə Dövlət İdarəsinin (CIO) müstəntiqləri ölkə prezidenti Yun Sok Yolu həbs edə bilməyib. Prezidentin mühafizə xidməti və ordu buna imkan verməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat verib. Məlumatı "bbc.com" nəşri yayıb.
 
Bu gün səhər tezdən güc strukturlarının bir qrup əməkdaşı prezident iqamətgahına daxil olmağa çalışıb, lakin prezidentin Təhlükəsizlik Xidməti və ona təhkim edilmiş hərbçilərin ciddi müqaviməti ilə üzləşib.
 
Müstəntiqlər həbs qərarını təqdim etdikdə, Təhlükəsizlik Xidmətinin rəhbəri Pak Çon Cun qorunan zonalarda məhdudiyyətlərə istinad edərək onları içəri buraxmaqdan imtina edib. Hüquq-mühafizə orqanları iqamətgahı zorla ələ keçirməyə çalışsalar da, prezidentin mühafizəsi ilə çoxsaatlıq qarşıdurmadan sonra geri çəkilib. CIO isə prezidentə qarşı həbs qərarını dayandırdığı barədə bəyanat yayımlayıb.
 
“Biz qərara gəldik ki, davam edən qarşıdurma səbəbindən həbs qərarını icra etmək mümkün deyil. Həbsin icrası təhlükəsizlik əməkdaşlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə dayandırılıb. Qanunla müəyyən edilmiş prosedurlara əməl etməyən şübhəli bilinən şəxskn davranışına görə ciddi təəssüf hissi keçiririk,” - deyə idarənin açıqlamasında qeyd olunur.
 
Bundan əvvəl İdarə xəbərdarlıq edib ki, həbs qərarının icrasına mane olmaq cəhdləri xidməti vəzifələrin yerinə yetirilməsinə maneə törətmək kimi qiymətləndiriləcək.
 
Cənubi Koreyada siyasi qarşıdurmanın kəskin fazası prezident Yun Sok Yolun dekabrın 3-də ölkədə fövqəladə vəziyyət elan etməsindən sonra başlayıb. Prezident bu addımı "Şimal Koreya tərəfdarı olan anti-dövlət qüvvələrinin kökünü kəsmək zərurəti" ilə izah edib.
 
Prezidentin göstərişi ilə Koreya ordusu Seul küçələrinə çıxıb və parlament binasını mühasirəyə alıb. Lakin deputatlar iş yerlərinə gedərək təcili iclasda fövqəladə vəziyyətin ləğvinə səs verdib. Bu qərar hökumət tərəfindən də təsdiqlənib. Altı saatdan sonra fövqəladə vəziyyət ləğv edilib və ordu kazarmalara qayıdıb.
 
Daha sonra, dekabrın 14-də Milli Assambleya Yun Sok Yolun impiçmentini ikinci cəhddə təsdiq edə bilib. Dekabrın 31-də Seul məhkəməsi prezidentin həbsinə qərar verib və onu hakimiyyətdən sui-istifadə, qeyri-konstitusion şəkildə hərbi vəziyyət tətbiq etməyə cəhd və üsyana təşəbbüsdə ittiham etib. Qərarın verilməsindən sonra prezident iqamətgahı yaxınlığında Yun Sok Yolun tərəfdarlarının etirazları başlanıb.
Link kopyalandı!
Son xəbərlər