“Eşitdiyimə görə, Atakişiyev və arvadı sistematik olaraq İrandan çoxlu qiymətli şeylər daşıyırmışlar. Bir dəfə mən Atakişiyevin mənzilində İrandan gətirilmiş, hər birinin qiyməti azı 40-50 min manat olan üç xalça gördüm...”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
(Əvvəli burada:)
Şahid Qasımov Eyyub Mikayıl oğlu
“NKVD” orqanlarında 1926-cı ildən işləyirəm. Sovet Ordusunun İrana girməsi ilə bizim orqanların İranda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti təşkil etməsi üçün geniş imkanlar yaranırdı. Xarici kəşfiyyat orqanlarının gizli əlaqə kanallarını aşkara çıxarmaq üçün İranda bizim agenturanı və rezedenturanı yerləşdirmək müxtəlif vaxtlarda İranda olan keçmiş nazir müavinləri Markaryana, Atakişiyevə və Quliyevə tapşırılmışdı. Lakin onlar kəşfiyyatçılardan məqsədəuyğun şəkildə istifadə etmədilər, onları demokratik rejim yaratmaq işinə kömək adı altında İran demokratik hakimiyyətinin müxtəlif təşkilatlarına göndərdilər. Bizim kəşfiyyatçıların İran demokratları ilə birgə açıq-aşkar fəaliyyət göstərməkləri İrandakı kəşfiyyat orqanlarımızın aşkara çıxarılması ilə nəticələndi...
Kəşfiyyatçılar kimi agentlər də İranda məqsədəuyğun şəkildə işlədilmirdi. İxtisaslı agentlərdən biri olan “Motor”, Atakişiyevin icazəsi ilə demokratların Təbriz polisinin rəisi vəzifəsinə təyin olunmuşdu. Agentlərin rəsmi vəzifələrə təyin olunmasında buna bənzər hallar dəfələrlə baş vermişdi. İranda agentura və əməliyyat işinin bu cür təşkili nəticəsində “NKVD”-nin də DTN-nin 2-ci şöbəsi xarici təşfiyyat agentlərinin SSRİ ərazisinə göndərilməsi barədə heç bir ciddi məlumat ala bilmirdi...
Qeyd etməliyik ki, həmin dövrdə xarici kəşfiyyat orqanları SSRİ-yə qarşı fəaliyyətlərini gücləndirmişdilər. Bunu İran kəşfiyyatının Zaqafqaziya hərbi dairəsinin qərargahından alınmış şifrəli teleqramı sübut edirdi. Yemelyanovun nazir olduğu vaxtlarda əməli yığıncaqlarda DTN əməkdaşları İrandakı kəşfiyyat işinin yarıtmazlığı barədə məsələ qaldırdılar. Lakin bundan sonra da Atakişiyevin rəhbərlik etdiyi kəşfiyyatın işində dönüş yaratmaq üçün heç bir tədbir görülmürdü...
Atakişiyev İranda kəşfiyyatımızın təşkilindən başqa, nə ilə desən, məşğul olurdu. Eşitdiyimə görə, Atakişiyev və arvadı sistematik olaraq İrandan çoxlu qiymətli şeylər daşıyırmışlar. Bir dəfə mən Atakişiyevin mənzilində İrandan gətirilmiş, hər birinin qiyməti azı 40-50 min manat olan üç xalça gördüm...
“Qubadı” ləqəbli agent Atakişiyevin İrandakı kəşfiyyat işimizi iflasa uğratmağı barədə ətraflı məlumat verirdi. Həmin məlumatı mən Yemelyanova təqdim etdim. Ona qarşı nə tədbir görüldüyündən xəbərim olmadı...
Mənə məlumdur ki, M.C.Bağırov və S.F.Yemelyanov DTN-nin əks-kəşfiyyat şöbəsində Bağırovun xoşu gəlmədiyi adamlardan haqq-hesab çəkmək, onları izləmək, tora salmaq, ləkələmək kimi məkrli məqsədlər üçün istifadə edirdilər...
Yemelyanovun şəxsi agenti - “Uralski” ləqəbli Əbdülcanov Qazis Abdumqoviç idi. O əvvəllər gizlicə Çinə getməyə cəhd edərək sərhədi pozmuş və buna görə də dörd dəfə DTN orqanları tərəfindən həbs olunmuşdu. Onun casusluqda şübhə doğruran, eləcə də casusluq üstündə məhkum olunan adamlarla əlaqəsi barədə çoxlu materiallar var idi. Lakin mənə aydın olmayan səbəblərə görə “Uralski” barədə bu materiallar araşdırılmırdı. Haqqında danışdığım materiallar “Uralski”-nin şəxsi işindədir. “Uralski”dən 2-ci şöbə xətti ilə heç bir məlumat daxil olmurdu...
Təqribən 1944-46-cı illərdə mən “Uralski”yə rast gəldim. Söhbət əsnasında o mənə bildirdi ki, Yemelyanovun Azərbaycan KP MK-ya verdiyi vəsatətə əsasən onu partiya sıralarına qəbul edib, ona partiya bileti veriblər. 1952-ci ildə “Uralski” DTN orqanları üçün əhəmiyyət kəsb etmədiyi üçün agentura şəbəkəsindən xaric edildi...
1952-ci ildə Yemelyanovun və onun milis üzrə müavini Cavadovun göstərişi ilə milis işçilərindən ibarət briqada Nuxa, Qax, Zaqatala və Balakən rayonlarına göndərildi ki, Dağıstandan gəlmiş ləzgiləri geri- Dağıstana köçürsünlər. Ləzgi kəndlilərinin köçürülməsi üçün heç bir əsas yox idi. Bir ay ərzində 1500 nəfər sürgün edildi. Bütün bunları mənə DTN Gəncə şöbəsinin rəisi Baxşıyev danışmışdı. O dedi ki, köçürülən adamlar etiraz edir, qohum-qardaşdan ayrı düşdükləri üçün narazılıqlarını bildirdilər...
Sual:
-Deyin, görək, agent “İbahimov”un məlumatı haradadır?
Cavab:
-Elə həmin gün mən məlumatı Atakişiyevə verdim, həmin sənəd daha mənə qayıtmadı. Məncə, Atakişiyev onu aradan götürüb...”
Təqdim etdi:
Sultan Laçın