Bizi sosial şəbəkələrdən izləyin:
“Qardaşım Natiq Qasımovun 54 yaşı tamam oldu. 33 ildir biz onun ad gününü Natiqsiz keçiririk. Mən hər il onun doğum gününü öz evimdə qeyd edirəm. Bu dəfə də dövlətimiz tərəfindən Mingəçevirdə geniş bir tədbir keçirildi. Natiqin adına ucaldılmış xatirə bulağı və yaşadığı binanın yan tərəfində Natiqin barelyefinin açılışı oldu. Bir də sevindirici xəbər bu oldu ki, Mingəçevir şəhərindəki 4 saylı məktəbə Natiq Qasımovun adı verildi. Natiq özü də həmin məktəbdə təhsil alıb. Elm və Təhsil Naziri Emin Əmrullayev Mingəçevirə gələndə mənimlə görüşdü və hamımız birlikdə fikirlərimizi bilidirdik. Yaxın günlərdə həmin məktəbə Natiq Qasımovun büstü də qoyulacaq”
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib. O daha sonra əlavə edib:
“Natiqin taleyi də, yeri-yurdu da məlum deyil. Hələ ki, araşdırıb bir şey ortalığa çıxara bilməyiblər. Vitali Balasanyan həbs olunmasa Natiqin qalıqlarının tapılması bir az da çətin olacaq. Ali Baş Komandanımız, cənab prezidentimizin xüsusi tapşırığı var ki, nəyin bahasına olursa-olsun Natiqin qalıqları tapılmalıdır. Yəqin ki, tapılar. Bu məsələ ölkə başçısının nəzarəti altındadırsa geci-tezi tapılacaq. Tapılsın, biz də ən azından onun qalıqlarını dəfn edək. Bilək ki, gedib-gələn yerimiz var. Gözümüz yoldan çəkilsin. Amma ümüd yeri qalmayıb. 33 ildir Natiq yoxdur, tapılmır. Biz hələ ki, Natiqin ölümünü qəbul edə bilmirik. Bəlkə də sağdır” deyə Milli Qəhrəmanın qardaşı bildirib.
Nofəl Qasımov bildirib ki, Xocalıda əsarətdə olan qardaşı 5 gün sonra müəllimi Cəfərin sözləri ilə təslim olur:
“Müəllimin qarşısına da şərt qoyublar ki, get kilsəyə gir və orada nə qədər azərbaycanlı varsa hamısına tapşır təslim olsunlar. Təslim olmasalar sağ qalan 22 nəfər Xocalı əsirlərini güllələyəcəyik. Həmin əsirlərin içində qadın da olub, uşaq da, yaşlı adam da. Cəfər müəllim kilsəyə girəndə görüb ki, orada təkcə Natiq Qasımov var. Soruşub ki, sən niyə qaçıb getməmisən?! Natiq də deyib ki, bura mənim vətənimdir, bu bayraq da bizimdir. Mən niyə torpağımda təslim olmalıyam ki?! Cəfər müəllim deyib ki, sən təslim olmasan 22 nəfər Xocalı əsirini güllələyəcəklər. Natiqin ora getməsində də məqsəd Xocalıların qisasını almaq idi. Natiq həmin insanlar öldürülməsin deyə təslim olur. Amma bayrağımızı bir an da olsun əlindən yerə qoymur” deyə qəhrəmanın qardaşı deyib.
Nofəl Qasımov anasının səhhətindən də danışıb:
“Anam yaşlı adamdır. Bir az ağrıları var. Harasa durub gedə, sərbəst gəzə bilmir. Bacımın biri onun yanında qalır. Hamını tanıyır, görür. Yataq şəraitindədir. Natiqə Milli Qəhrəman adının verilməsi onu da sevindirdi. Amma hələ də oğlunu gözləyir. Gözləri yoldadır” deyə o bildirib.