“Xaricdən və ya daxildən hansısa təhlükələr olarsa, Çin rejimi çox asanlıqla totalitar, hərbi xunta rejiminə keçə bilər...”
"Afrikanın belə ölkələrinə daha çox maraq göstərən məhz Rusiya və Çin kimi dövlətlərdir. Çünki həmin rejimlərlə çox rahat dil tapırlar...”
“Əvvəla, Pinoçet rejimi bunlar qədər qəddar olmayıb, ikincisi də korrupsioner və kleptokratik olmayıb və nəhayət, azad və ədalətli seçki keçirərək hakimiyyəti təhvil verib...”
Suriya xalqını totalitar irsi diktatura rejimində, amansız sosial əzab-əziyyət, zülm, həbslər, repressiyalar içərisində saxlayan 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi nəhayət, çökdü. Və bundan sonra suriyalıların azad, demokratik, insan haqlarının qorunduğu, hüquqi, ədalətli bir dövlət qurmaq şansları böyükdür...
Fəqət, təəssüf ki, Yer üzündə hələ də bir sıra diktatura, avtoritar, totalitar rejimlər Rusiya və Çin kimi iri totalitar dövlətlərin real dəstəyi, eləcə də Qərbin, Avropanın, ABŞ-nin bəzən səbatsız, ləng, məntiqsiz, bəzən də öz maraqlarına uyğun çoxüzlü, riyakar siyasətləri nəticəsində mövcudluqlarını davam etdirirlər...
Hazırda dünyadakı ən amansız totalitar, diktatura rejimlərindən biri də “Xalq Demokratik Respublikası” adlanan Şimali Koreyadakı Kim Çen In rejimidir. Bəs Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı? Burada yalnız SSRİ və Çinin rolu oldumu? Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir? Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər? Və yaxud Kim rejimini kim yıxa bilər?..
Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az oxucuları üçün siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu ilə silsilə söhbətlərimizi təqdim edirik:
Sual:
-Bundan sonra hansısa ölkədə Kim rejimi tipli bir rejim formalaşa bilərmi?
Cavab:
“Şimali Koreyadakı Kim rejimi tipli rejimlərin formalaşması hər zaman mümkün olub və bundan sonra da hər zaman mümkündür. Yəni gözümüzün önündə Suriyadakı Əsəd rejimi çökdü, nəticədə onun bir çox cinayətləri üzə çıxdı. Və ondan sonra biz anladıq ki, bu rejim heç də Kim rejimindən zəif rejim deyilmiş. İnsanlara qarşı amansızlığı, qəddarlığı, totalitarlığı və kriminallaşması baxımından... Bəs belə rejimlər planetin hansı bölgələrində qurula bilər? Hesab edirəm ki, riskli bölgələr yetərincədir. Bunlardan biri cənub-şərqi Asiya bölgəsidir - elə həmin Koreyanın yerləşdiyi ərazilər... Çinin özündə də Kim rejimi tipli bir rejimin formalaşması mümkündür. Xaricdən və ya daxildən hansısa təhlükələr olarsa, Çin rejimi çox asanlıqla totalitar, hərbi xunta rejiminə keçə bilər. Bunun üçün bütün resursları da var. Həmçinin Hindistanda da belə bir rejimin qurulması mümkündür...
Digər riskli regiona Yaxın Şərqin ərəb ölkələri daxildir. Həmin ölkələrdə də, hesab edirəm ki, təsvir etdiyimiz potensial mövcuddur...
Və üçüncü riskli bölgə postsovet məkanıdır. Amma postsovet məkanında Kim rejiminə bənzər qəddar, həm də səlist və dəqiq işləyən bir rejim qurmaq qeyri-mümkündür. Çünki sovet rejimi insanları intizamsızlığa öyrədib. Şimali Koreyadakı tipli rejim qurmaq isə çox ciddi intizam və icraçılıq tələb edir. Bu baxımdan keçmiş Sovetlər məkanında belə rejimlərin formalaşması ehtimalı daha azdır...
Latın Amerikası regionu isə artıq o mərhələdən çıxıb. Məsələn, hətta Kubadakı və yaxud Nikaraquadakı rejimlər də heç bir halda Kim rejimi ilə müqayisə oluna bilməz. Yəni Cənubi Amerikada bu tendensiyalar əsasən ötən əsrin 60-70-ci illərində olubdur. O zaman orada hamısı solçu, totalitar, avtoritar rejimlər idi. Paraqvayda Stroesner diktaturası var idi, Nikaraquada San Dinistlər diktaturası var idi. Ondan əvvəl Nikaraquada ABŞ tərəfdarı olan Samosa diktaturası var idi ki, orada da 40-ci illərdən başlayaraq hakimiyyətin atadan oğula, oğuldan qardaşa keçidi modeli olmuşdu. Bir sözlə, düşünürəm ki, o region artıq bundan keçib. Məsələn, biz gördük ki, Venesuelada Şimali Koreyadakı kimi rejim qurmaq mümkün olmadı. Hətta orada son seçkilərin saxtalaşdırılmasına bir çox qonşu Cənubi Amerika ölkələri də açıq şəkildə etiraz elədilər və Maduro rejimini tanımadılar...
Sual yarana bilər ki, eyni regionda – Çilidə mövcud olmuş Çili rejimindən niyə danışmırıq. Əvvəla, Pinoçet rejimi bunlar qədər qəddar olmayıb, ikincisi də korrupsioner və kleptokratik olmayıb və nəhayət, azad və ədalətli seçki keçirərək hakimiyyəti təhvil verib. Ən əsası da Çili həmin rejimin iqtisadi siyasəti nəticəsində Cənubi Amerikanın ən inkişaf etmiş ölkəsinə çevrilib. Bu mənada o, tamamilə fərqli rejim olub, baxmayaraq ki, mahiyyət etibarilə hərbi xunta rejimi idi...
Beləliklə, artıq Latın Amerikasında həmin o transformasiya baş veribdir və o mərhələ tarixdə qalıbdır. Ancaq bir məqam var ki, bütün bu tipli rejimlər ölkələrdəki iqtisadi tənəzzülün nəticəsində qurulur. Bu mənada heç bir variantı istisna etmək olmaz, özəlliklə də geo-siyasi proseslərin indiki isti mərhələsində... Düzdü, bugünkü dünyada belə rejimlərə qarşı səfərbər olunmuş demokratik sivil dünya mövcuddur ki, o bütün mümkün vasitələrlə bu tendensiyanın qarşısını almağa çalışır. Amma hər bir halda bu nəzəri baxımdan mümkündür....
Qaldı Afrikaya, mən həmin qitənin adını ona görə çəkmədim ki, orada belə rejimlər bu günədək mövcuddur. Xüsusən də mərkəzi və bir sıra qərbi Afrika ölkələrində... Onlar arasında elə ölkələr var ki, bir il ərzində iki-üç hərbi çevriliş baş verir və bir-birinin ardınca həmin ölkələri idarə edən hərbi xuntalar gəlir. Orada Sudan, Eritreya, Somali, Malidə və s. Kim rejimi tipli rejimlər var. Və gördüyümüz kimi, Afrikanın belə ölkələrinə daha çox maraq göstərən məhz Rusiya və Çin kimi dövlətlərdir. Çünki həmin rejimlərlə çox rahat dil tapırlar...”
Söhbətləşdi:
Sultan Laçın