"Həlak olanlar arasında ən azı iki uşaq olub, digər qurbanlar isə şübhəli bilinənin yaxın dostlarıdır..."
Yanvarın 1-də axşam Monteneqronun Çetine şəhərində bir kişi kafedə atəş açıb. Hadisə nəticəsində on nəfər ölüb. Ölənlər arasında uşaqlar da var.
Moderator.az xəbər verir ki, bu barədə "euronws.com" nəşri məlumat yayıb.
Məlumata görə, kafedə kütləvi qətldən dərhal sonra hücum edən şəxs qaçıb. O, axtarışa verilib.
Məlumatlara əsasən, söhbət yerli sakin Ako Martinoviçdən gedir. Polis açıqlayıb ki, şübhəli cinayətkar qruplaşmaların üzvü deyil və atışma cinayətkar qrupların münaqişəsi ilə əlaqəli deyil. Bununla belə, Martinoviçin motivi məlum deyil.
Təsdiq olunmamış məlumatlara görə, atışmadan əvvəl kafedə dava olub. Hücum edən şəxs axtarıldığı müddətdə yerli sakinlərdən evdə qalmaq tələb edilib.
"Silahlı şəxs kafeyə daxil olub, cinayət törədib və qaçıb", – polis bildirib.
Daxili İşlər Naziri Danilo Şaranoviçin sözlərinə görə, hücum edən şəxs obyekt sahibini və onun iki uşağını öldürüb. Eyni zamanda ehtimal olunur ki, cinayətkar öz ailəsindən də bir neçə nəfəri qətlə yetirib.
Polis Ako Martinoviçi "emosional davranışlı şəxs" kimi təsvir edib. O, əvvəllər də yerli polis tərəfindən izlənilib, 2022-ci ildə ondan qeyri-qanuni silah tapılıb.
Daha sonra məlum olub ki, Çetinədə kütləvi qətldə şübhəli bilinən Martinoviç hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alındıqda intihar edib. Bu barədə Monteneqronun polis direktoru Lazar Şçepanoviç və Daxili İşlər Naziri Danilo Şaranoviç "Vijesti" nəşrinə bildirib.
Polis bildirib ki, şübhəli bilinən şəxs tamamilə mühasirəyə alınıb. Çıxış yolu olmadığını gördükdə o, öz başına atəş açıb. Xəstəxanaya gedərkən cinayətkar ölüb.
Martinoviçin ailəsi hüquq-mühafizə orqanlarına onun yerini müəyyənləşdirməkdə kömək edib. Qohumları bildirib ki, Martinoviçin insanlarla ünsiyyətdə problemləri olub və faciənin bütün qurbanları onun yaxın dostları olub.