Bizi sosial şəbəkələrdən izləyin:
"Müayinə nəticəsində Əsədin orqanizində zəhər olduğu müəyyən edilib..."
Dekabrın 30-da Suriyada dövlət çevrilişindən sonra Rusiyada gizlənən Bəşər Əsəd qəflətən özünü pis hiss edib, güclü öskürək, boğulma əlamətləri baş verib və təcili tibbi yardıma müraciət etməyə məcbur olub.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, "sui-qəsd cəhdinin olduğuna inanmağa əsas var". Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
"The Sun" bildirir ki, "Əsədə mənzilində tibbi yardım göstərilib və bazar ertəsi onun vəziyyəti sabitləşib. Analizlər nəticəsində onun orqanizmində zəhər tapılıb".
Məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş generalı tərəfindən idarə edildiyi iddia olunan məşhur "SVR" Telegram-kanalı da yayıb.
"SVR"-in məlumatında deyilir ki, Bəşər Əsədin vəziyyəti barədə dərhal Rusiya rəhbərliyinin nümayəndələrinə məlumat verilib.
Əsədə ilkin tibbi yardım göstərilərkən, "pasiyentin" xəstəxanaya yerləşdirilməməsi və imkan daxilində ev şəraitində müalicə olunması barədə göstəriş verilib". Hələ ki, Əsədin hansı yolla zəhərləndiyi müəyyən deyil.
Xatırladaq ki, "Politico" jurnalı Bəşər Əsədi 2024-cü ilin ən böyük uğursuzları siyahısına daxil edib.
Amerikalı jurnalistlərin fikrincə, Əsəd "ilin sonunda Suriya hakimiyyətindən məhrum olaraq və Rusiyaya qaçaraq rüsvay olub". Bundan əlavə, onun həyat yoldaşı Əsma Əsəd boşanmaq və Moskvadan ayrılmaq niyyətindədir.