"Böyük arzularımız var idi, amma indi arzumuz öldürülməkdir ki, kim olduğumuzu bilsinlər...”
“Qəzzada münaqişə 15-ci ayına qədəm qoyur. Həmin müddətdə bu məkanda 45.400-dən çox insan həlak olub, 108.000 nəfər yaralanıb. Müharibə xüsusilə Qəzzada olan müxbirlərə hərbi əməliyyatlar zonasından reportajların verilməsinin çətinliyi ilə əlamətdar oldu. Buradan informasiya yaymaq vermək bəzən qeyri-mümkün idi və çox vaxt ölümcül idi. Bu çətinliklərə baxmayaraq, fələstinli jurnalistlər 21-ci əsrin ən ölümcül münaqişələrindən biri zamanı dünyanın gözü və qulağı rolunu oynayaraq müharibənin dəhşətlərini xəbər verməyə davam etdilər. 2023-cü il oktyabrın 7-dən 25 dekabr 2024-cü ilə qədər Qəzzada ən azı 217 jurnalist və media işçisi öldürülüb”.
Moderator.az xəbər verir ki, bunu “Əl-Cəzirə” nəşri yazıb.
“Yalnız 2024-cü il dekabrın 26-da İsrail hava qüvvələrinin “Əl-Avda” xəstəxanası yaxınlığında bir xəbər mikroavtobusunu hədəf alması nəticəsində daha beş nəfər həlak olub. Jurnalistlərin bu son qətlləri Qəzzada media mütəxəssislərinin fəaliyyət göstərdiyi təhlükəli mühiti vurğulayır. Sadəcə olaraq, bu, jurnalistlər üçün ən pis münaqişə olub”, -deyə ərəb nəşri bildirir.
Nəşr 2023-cü il oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlər və media işçilərinin ölüm tarixlərinə görə fotoları ilə birgə siyahısını da təqdim edib.
Eyni zamanda onlardan bir neçəsi haqda ayrıca məlumat dərc edilib:
Ayətin dünyaya son mesajı..
Sərbəst jurnalist və podkast aparıcısı Ayat Xadura İsrailin Qəzzanın şimalındakı Beyt Lahiyadakı evinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə ailə üzvü ilə birlikdə həlak olub. Xadura Qəzzadakı ağır vəziyyəti sənədləşdirmək üçün sosial mediada videolar paylaşırdı.
Onun ən təsirli yazılarından biri 6 noyabr 2023-cü ildə paylaşdığı və “Dünyaya Son Mesajım” adlandırdığı video idi. Videoda o, "Böyük arzularımız var idi, amma indi arzumuz öldürülməkdir ki, kim olduğumuzu bilsinlər", - deyə bildirmişdi.
İsmayılın dünyaya son mesajı...
“Əl-Cəzirə” telekanalının ərəb jurnalisti İsmayıl Əl-Coul və operatoru Rami əl-Rifi 31 iyul 2024-cü ildə İsrailin hava hücumu nəticəsində həlak olublar. Jurnalistlər Qəzza şəhərinin qərbində, Şati qaçqın düşərgəsində avtomobillərinin vurulması nəticəsində həlak olublar.
İsmayıl və Rami media jiletlərində olublar və hücuma məruz qaldıqları zaman avtomobillərində müəyyənedici işarələr olub.
“Əl-Cəzirə” telekanalının əməkdaşı Ənəs Əl-Şərif iki həmkarının cəsədinin gətirildiyi xəstəxanada idi.
“İsmail köçkün fələstinlilərin iztirablarını, yaralıların iztirablarını və [İsrail] işğalının Qəzzada günahsız insanlara qarşı törətdiyi qətliamları çatdırırdı” dedi.
"Baş verənləri heç bir söz təsvir edə bilməz."
Əl-Coul, müharibəni işıqlandırarkən həyatını itirən “Əl-Cəzirə” jurnalistlər arasındadır. Daha bir neçəsi İsrailin hücumları nəticəsində ailə üzvlərini itirib. “Əl-Cəzirə”-nin Qəzza şəhərindəki bürosunun rəhbəri Vael Dahduhun faciəsi, xüsusilə də bir çox fələstinli jurnalistin evlərinə çox yaxın olan qətllər barədə məlumat vermək məcburiyyətində qalaraq öz vəzifələrini yerinə yetirərkən üzləşdiyi dağıntıları vurğulayır.
Müharibə başlayandan bir neçə həftə sonra Dahduh canlı efirdə İsrailin Nuseyrat qaçqın düşərgəsinə hücumu zamanı onun həyat yoldaşı, yeddi yaşlı qızı və 15 yaşlı oğlunu digər ailə üzvləri ilə birlikdə öldürdüyü barədə məlumat aldı.
“Əl-Cəzirə” müxbiri olan digər oğlu Həmzə 2024-cü ilin yanvarında pilotsuz təyyarənin hücumu nəticəsində həlak olub.
Qadın jurnalistlərin yarısı Qəzza şəhərindən, öldürülən bütün media işçilərinin 64 faizi isə Qəzza şəhəri və Şimali Qəzzadan idi.
Ümumilikdə dekabrın 25-nə kimi azı 192 kişi və 25 qadın jurnalist öldürülüb.
S.Laçın