"İsrailin Qəzza bölgəsində hərəkətləri soyqırım əlamətlərinə uyğun gəlir..."
"İsrail hərbçilərinin Qəzza bölgəsində xəstəxanalara ölümcül hücumları və bununla bağlı döyüş əməliyyatları regionun səhiyyə sistemini tam kollaps həddinə çatdırıb.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin İnsan haqları üzrə Ali Komissarlığının hesabatında bildirilir. Məlumatı "ren.tv" nəşri yayıb.
Hesabatda 2023-cü ilin 12 oktyabrından 2024-cü ilin 30 iyununa qədər 27 xəstəxana və 12 digər tibbi müəssisəyə edilən 136 zərbə sənədləşdirilib. Sənəddə qeyd olunur ki, bu, həkimlər, tibb bacıları, tibb işçiləri və mülki şəxslər arasında ciddi itkilərə, eləcə də mülki infrastrukturun ciddi dağıntılarına səbəb olub.
23 səhifəlik hesabatda İsrailin beynəlxalq hüquq normalarına əməl edilməsi ilə bağlı ciddi narahatlıqlar ifadə edilib və 7 oktyabr 2023-cü il tarixindən Qəzza zolağında döyüşlərin yerli səhiyyəni dağıtdığı nəticəsinə gəlinib.
BMT-nin İnsan Haqları üzrə Ali komissarı Folker Türk bildirib: "Sanki Qəzzadakı sonsuz bombardmanlar və ağır humanitar vəziyyət yetərli olmayıb, fələstinlilərin təhlükəsizlik şəraitində yerləşə bildikləri yeganə sığınacaq ölümcül tələyə çevrilib. Müharibə zamanı xəstəxanaların qorunması prioritet olmalı və istənilən zaman bütün tərəflər bunu təmin etməlidir", - o, deyib.
Hesabatda qeyd edilir ki, İsrail bir çox hallarda xəstəxanaların Fələstin silahlı qrupları tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini iddia edir, lakin bu ittihamları təsdiq etmək üçün kifayət qədər məlumat təqdim edilməyib. Əgər bu ittihamlar sübut edilsə, mülki şəxslərin qorunma adı altında istifadə edilməsi ilə bağlı ciddi narahatlıqlar yaranacaq, bu isə müharibə cinayəti sayılır."
"Bütün insidentlər üzrə müstəqil, detallı və şəffaf istintaq aparılmalı və beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsindəki bütün pozuntulara görə tam məsuliyyət təmin edilməlidir", - Türk vurğulayıb.
Həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyin (bundan sonra Agentlik) rəhbəri Filippo Lazzarini humanitar işçilərin hüquqlarının pozulması ilə bağlı müstəqil istintaq tələb edib.
"Hazırda İsrailin saxlanma mərkəzlərində Agentliyin ən azı 20 əməkdaşı var. Əvvəlki azad edilənlər isə mütəmadi olaraq qəddar davranış, təhqir və işgəncələrdən danışıb", - o, qeyd edib.
Lazzarinin verdiyi məlumata görə, Qəzzada müharibə zamanı Agentliyin 258 əməkdaşı həlak olub. Agentlik obyektlərinə qarşı təxminən 650 insident qeydə alınıb. Təşkilatın Qəzzadakı binalarının üçdə ikisindən çoxu zədələnib və ya dağılıb. "Qəzza zolağında müharibənin başlanmasından on beş ay keçir, amma dəhşətlər davam edir, həm də bütün dünyanın gözü qarşısında davam edir", - Lazzarini deyib.
Noyabrın 14-də BMT-nin xüsusi komitəsi bəyan edib ki, İsrailin Qəzza bölgəsində hərəkətləri soyqırım əlamətlərinə uyğun gəlir.
Dekabrın 27-də məlumat verilib ki, İsrailin "Kamal Ədvan" xəstəxanası binası yaxınlığında bombardmanı nəticəsində təxminən 50 nəfər həlak olub.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus İsraili Qəzzadakı xəstəxanalara hücumları dayandırmağa çağırıb.