Çinin artan nüvə gücü Yaponiya və ABŞ-ı təşvişə salıb
Ekskluziv
1863
30 Dec 2024 | 21:47

Çinin artan nüvə gücü Yaponiya və ABŞ-ı təşvişə salıb

Çinin sürətlə artan nüvə gücü Yaponiya və ABŞ-ın narahatlığını artırmaqdadır.

 

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Çinin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olacağı ehtimal edilir.

 

Çinin artan nüvə potensialı bu silahdan məhrum olan Yaponiyada xüsusilə ciddi təlaş doğurmaqdadır. Təsadüfi deyil ki, ABŞ-ın nüvə çətirinə sığınan Yaponiya bugünlərdə rəsmi Vaşinqtonla təmaslarında məlum problemə diqqət çəkərək, mümkün nüvə hücumu zamanı təcavüzkara adekvat cavab verilməsi prosesinin sürətləndirilməsinin zəruriliyinə diqqət çəkib.

 

Tərəflər arasında əldə edilən razılığa əsasən, əgər Yaponiya üçün nüvə riski ilə bağlı hansısa fövqəladə vəziyyət yaranarsa, o zaman Tokio Vaşinqtonla ABŞ-ın nüvə silahından mümkün istifadəsi ilə bağlı təcili əlaqə saxlayacaq, qarşı tərəfi nüvə həmləsindən çəkindirmək üçün çevik addımlar atacaqlar.

 

Qeyd edək ki, Çinlə yanaşı Şimali Koreya da Yaponiya üçün ciddi nüvə təhdidi təşkil edən dövlət hesab edilir. 2017-ci ildə Şimali Koreyanın keçirdiyi nüvə sınağı bu ölkənin də nüvə potensialını xeyli dərəcədə inkiaşf etdirdiyini göstərir.

 

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər