“Bu məkrli niyyətləri baş tutmadıqdan sonra isə Kremldəkilər hələ bu çirkin əməllərini nəinki etiraf edir. İndi də qonşu ölkələrə yenə də təzyiq etməyə çalışır ki, təyyarəmizin vurulması ilə bağlı gerçəkləri ört-basdır etsinlər...”
“Ona görə də Azərbaycanla da onun münasibətlərinə yenidən baxılmalıdır və hesab edirəm ki, bundan sonra Rusiya ilə heç bir müttəfiqlikdən söhbət gedə bilməz...”
...Tarixən məlumdur ki, Rusiya imperiyası Azərbaycanın genişmiqyaslı işğalına hələ XIX əsrin əvvəllərində Gürcüstanın işğalıyla başlayıb. XX əsrin sonunda isə sovet-rus imperiyasının əsarətindən qurtulmaq istəyən hər iki ölkəni, xalqı Moskva cəzalandıraraq durdurmağa çalışdı. Öncə 9 aprel 1989-cu ildə Tiflisdə gürcü xalqına qarşı, sonra isə 20 yanvar 1990-cə ildə Bakıda Azərbaycan xalqına qarşı qətliam törətdi. İndi sanki tarix təkrarlanır. Bir çox beynəlxalq analitik mərkəzlərin də rəyinə görə, Gürcüstan xalqının əksəriyyəti Qərbə inteqrasiya tərəfdaşı olduğu halda, Rusiyadakı Putin rejimi Tiflisdəki manqurt milyarder İvanişvili vasitəsilə hər vəchlə bu ölkəni yenidən öz tabeliyinə qaytarmağa çalışır. Bəs görəsən, Gürcüstanda indiki hakimiyyətin möhkəmlənəcəyi, müxalifətin kütləvi repressiyalarla məğlub ediləcəyi halda Kreml Azərbaycana qarşı da daha sərt, imperialust mövqe nümayiş etdirməyəcək ki? Və yeri gəlmişkən, Bakı-Qroznı reysi üzrə uçan Azərbaycan təyyarəsinin Rusiya ərazisində bu dövlətin hava hücumundan müdafiə qüvvələrinin səbəb olduğu və onlarla insanın həlak olmasıyla nəticələnmiş və bütün dünyada əks-səda doğurmuş faciəsinin fonunda baxanda sözügedən suala necə cavab vermək olar?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov bunları söyləyib:
“Hələlik indiyədək Rusiyanın bir çox məsələlərdə Azərbaycandan asılılığı olduğundan yaxın zamanlarda dövlətimizlə münasibətlərini gərginləşdirmək, korlamaq ehtimalı, demək olar ki, görünməyib. Gürcüstana münasibətləri isə oradakı vəziyyətin necə olacağından asılıdır. Çünki Gürcüstan hakimiyyətini əsas cəzalandırmaq istəyən Qərbdir, ona görə ki, ölkəni onun təsir dairəsindən çıxarmağa çalışırlar. Moskvanın isə rəsmi Tiflisi iqtisadi cəhətdən müdafiə etmək imkanı yoxdur. Bu gün aydın görünür ki, Rusiyanın heç 2008-ci ildə işğal etdiyi kiçik Abxaziyanı saxlamağa, oraya vəsait, pul ayırmağa imkanı çatmır, ona görə də orada da narazılıqlar başlayıb. Ümumiyyətlə, getdikcə Rusiyanın özünün daxilində də, xüsusən etnik regionlarda iqtisadi-sosial məsələlərlə bağlı narazılıqlar, etirazlar güclənəcək. Odur ki, belə bir durumda Azərbaycana qarşı hər hansı tədbirlər görmək Kremlin maraqlarına cavab vermir və Azərbaycanın bugünkü neytrallığı Rusiyaya daha çox sərf edir...
Bununla belə, bu günlərdə Azərbaycanın başına gətirilən təyyarə faciəsi zamanı rəsmi Moskvanın nümayiş etdirdiyi qeyri-adekvat davranış bir daha təsdiqləyir ki, Rusiya daim qonşu ölkələr üçün təhdid olub və hazırda da Ukraynada təcavüzkar savaş aparan bir dövlət kimi dünya təhlükəsizlik sisteminə ən böyük təhlükəni məhz o yaradır. Ona görə də Azərbaycanla da onun münasibətlərinə yenidən baxılmalıdır və hesab edirəm ki, bundan sonra Rusiya ilə heç bir müttəfiqlikdən söhbət gedə bilməz. Çünki bu dövlətin götürdüyü heç bir qarşılıqlı, regional və beynəlxalq öhdəlikləri yerinə yetirəcəyinə etibar etmək, ümid etmək olmaz. Öz ərazisində hava müdafiə qüvvələri tərəfindən vurulmuş təyyarəmizi yaxınlıqdakı hava limanlarına endirib xilas etmək əvəzinə, Rusiya güc strukturları rabitə sistemini radioelektron mübarizə sistemi vasitəsilə sıradan çıxararaq onu dənizdə batmaqla izlərin itirilməsi ümidi ilə Xəzərin üzərinə yönləndiriblər. Bu məkrli niyyətləri baş tutmadıqdan sonra isə Kremldəkilər hələ bu çirkin əməllərini nəinki etiraf edir. İndi də qonşu ölkələrə yenə də təzyiq etməyə çalışır ki, təyyarəmizin vurulması ilə bağlı gerçəkləri ört-basdır etsinlər...
Rusiya 2024-cü ilimizi qanqaraçılıqla yekunlaşdırdı, ona görə də çalışmaq lazımdır ki, 2025-ci ildə o belə davranışları təkrarlamasın...”
Sultan Laçın