“Günahkarların cəzalandırılması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
Ekskluziv
1939
27 Dec 2024 | 21:38

“Günahkarların cəzalandırılması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”

Azər Qasımov: “Rusiya öz böyüklüyünə layiq şəkildə hərəkət etməlidir”

 

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı istintaq davam edir. Hələlik istintaqın yekun rəyi açıqlanmasa da, təyyarənin Rusiyaya məxsus Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulması ilə bağlı ehtimallar səslənməkdədir.

 

Əgər istintaqın gedişində bu ehtimal öz qəti təsdiqini taparsa və Kreml bu halda da üzr istəmək əvəzinə susmağa qərar verərsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir gösətər bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Aktauda Azərbaycan AZAL hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması faktına qiymət verilməsi təyyarədə olan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının mövcudluğu baxımından xarakterizə olunmalıdır. Qəzada həlak olanlar arasında bu üç ölkədən vətəndaşlar vardır. Bu qəza hər üç ölkənin faciəsidir. Göründüyü kimi, faciənin əmələ gəlməsindəki səbəblərin aydınlaşdırılması hər üç tərəfin maraq dairəsində olmalıdır.

Hadisənin Rusiya ərazisində baş verməsi hər halda onu günahkar çıxarır. Təyyarənin Rusiya HHM sistemləri vasitəsi ilə vurulması ehtimalı və bu faktın daha da kəsinləşməsi rəsmi xarakter almasını mütləq edir. Rusiyanın faktın onun hərbi strukturlarının ehtiyatsızlığı səbəbindən baş verməsini qəbul etməsi Azərbaycan və Rusiya münasibətlərini ruhuna uyğun olacaq. Hesab edirəm ki, bunun etiraf edilməsi Azərbaycan və Rusiya münasibətlərinə təsir etməz. Çünki bu fakt məqsədli şəkildə edilməyib.

 

Təbii ki, qəzanın baş verməsi prosesində Rusiya tərəfinə etiraz ediləsi ciddi məqamlar vardır. Təyyarənin qəzalı şəkildə Rusiyanın yaxın hava limanlarına yox, Xəzər dənizinin üzəri ilə Qazaxıstana yönəldilməsi kimi. Bu fakt xüsusi araşdırılmalı, qaranlıq məqamlara aydınlıq gətirilməlidir. Rusiyanın bu qəzada bəlli rolunu qəbul etməməsi durumu mütləq şəkildə hər iki ölkə arasında olan münasibətləri soyuda bilər.

 

Günahkarların cəzalandırılması Azərbaycan tərəfi üçün böyük əhəmiyyət daşıyır. Ümid edirik ki, Rusiya bu hadisənin iki ölkənin münasibətlərinə təsir etməsinə imkan verməyəcək.

Qəza hadisələri dünyada bir çox yerdə baş verir. Rusiya öz böyüklüyünə layiq şəkildə hərəkət etməlidir”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər