“İstintaqda amansızcasına döyüldükdən sonra mən iki həftə qan ifraz etdim...”
Ekskluziv
2065
27 Dec 2024 | 21:30

“İstintaqda amansızcasına döyüldükdən sonra mən iki həftə qan ifraz etdim...”

Kolxoz sədrini müsavat təşkilatının üzvü olmaqda və hakimiyyətini devirmək üçün silahlı üsyan hazırlamaqda günahlandırıblar...
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
"İstintaq materiallarından...
 
(Əvvəli  burada:)
 
“Şahid Səfərov Əliağa Məşədi Əli oğlu 
 
Mən 1936-cı ilin 5 avqustunda “NKVD” orqanları tərəfindən həbs olunmuşam. Həbs olunana qədər Əli Bayramlı rayonu Şıxsalahlı kənd sovetinin Qaraturqay kəndində kolxoz sədri vəzifəsində işləyirdim. Məni antisovet, əks-inqilabi müsavat təşkilatının üzvü olmaqda və Azərbaycan Sovet hakimiyyətini devirmək üçün silahlı üsyan hazırlamaqda günahlandırdılar. Nə ilkin istintaq, nə də məhkəmə zamanı mən özümü günahkar hesab etmişəь, çünki heç vaxt heç bir əks-inqilabi təşkilatın üzvü olmamışam… 
 
Mən yoxsulluqla böyümüşəm. Sovet höküməti məni fəal işçi kimi irəli çəkib, kolxoza sədr təyin edib. Məhkəmə zamanı mənə əks-inqilabi təşkilatın üzvü olmaqda taqsırımı boynuma almağım barədə altı istintaq protokolu təqdim etdilər. Həmin protokolları istintaq zamanı mənə imzalatmışdılar. Çünki məni huşumu itirənədək döyürdülər, mən özümdə olmayanda isə müstəntiqlər mənə qol çəkdirmişlər. Bundan əlavə, istintaq rus dilində aparılır, tərcüməçidən istifadə olunmurdu. Xanlarov və Qavrilov azərbaycanlı deyildilər, mən də rus dilini bilmirdim. “Xleb” və “voda” sözlərindən başqa rus dilində heç nə anlamırdım. İstintaq aparan əməliyyat müvəkkili Xanlarov, xüsusi şöbənin rəisi Qavrilov və Gerasimov familiyalı bir rəis məni sistematik olaraq döyürdülər. 8 gün məni “stoyka” saxladılar. Bu o demək idi ki, barmaqlarımın ucunda, əlləri yuxarı qaldırılmış vəziyyətdə uzun müddət saxlayırlar. Nəticədə mənim ayaqlarım şişdi və dəhşətli ağrıdan özümü itirib yerə yıxıldım. Mən yerə yıxılan kimi, hara gəldi vurmağa, təpikləməyə başladılar. Amansızcasına döyüldükdən sonra mən iki həftə qan ifraz etdim. 8 gün ərzində məni konveyer üsulu ilə istintaq edirdilər, yuxudan məhrum olmuşdum, canlı meyidə çevrilmişdir, hərəkət edə bilmirdim. Xanlarovun, Qavrilovun və Gerasimovun məni yumuruqla döyməsini adi hal hesab edirdim. Artıq buna bir növ öyrəşmişdim. Sutkalarla ayaq üstə saxlayaraq mənə siqaret çəkməyə də icazə vermirdilər. Su da vermirdilər. Müstəntiq su da içirdi, siqaret də çəkirdi. İstintaq zamanı məni qolsuz maykada dindirirdilər. Xanlarov siqaretin kötüyünün yanan uçu ilə mənim kürəyimə, boynuma basırdı. Məni həbs edərkən üst-başımı axtardılar və Xanlarov o vaxtlar “torqsin”dən aldığım qızıl saatımı götürdü. Axtarış protokoluna həmin saat qeyd olunmadı. Mən Xanlarovdan saatı arvadıma verilməsini xahiş edəndə, o məni möhkəmcə döydü və bildirdi ki, “saat artıq sənə gərək olmayacaq, səni onsuz da güllələyəcəklər”... 
 
Həbs olunduğumun 5-ci ayında gecə məni Qavrilov dindirirdi. Etiraf ifadəsi verməyə məcbur edən Qavrilov əvvəlcə məni yumruqlamağa başladı, sonra naqanını çıxarıb güclü zərbə ilə ağzımın üstündən vurdu. Üç dişim birdən düşdü. Naqanın lüləsi ilə yuxarı dodağımı cırdı, məni qan apardı, bundan sonra məni həbsxana xəstəxanasına göndərib dodağımı tikdilər, həmin tikişin izi indi də qalmaqdadır. Qavrilovun zərbəsi üst çənəmi zədələdi, o biri dişlərim də tökülməyə başladı. Yuxarı çənəm üçün protez düzəltməyə başladılar. Bu işgəncədən sonra mən dözməyib “NKVD” rəisi Sumbatova ərizə yazdım və məni qəbula çağırmasını xahiş etdim. Üç gündən sonra rəis müavini Çurnisin qəbuluna çağrıldım. Mən ona döyüldüyümü bildirdim. O, Qavrilovu çağırıb, günahımı boynuma almayınca məni təkadamlıq kamerada saxlamağı tapşırdı. Mənə isə bildirdi ki, səni heç kim döyməyib, dişlərini tökməyib. Özün pilləkəndən yıxılıb, dişlərini sındırmısan...”
 
İlkin istintaq zamanı familyasını xatırlamadığım prokurora müraciət edib, döyülüb işgəncələrə məruz qalmağım barədə danışdım və bildirdim ki, dindirilmə zamanı mən heç bir ifadə verməmişəm, ancaq cinayət işində bir necə istintaq protokolu vardı. Mən prokurora bildirdim ki, həmin protokolları düzgün hesab etmirəm. Prokuror mənim yanımda həmin istintaq protokollarının saxtalığı barədə akt tərtib etdi və məni əmin etdi ki, həmin protokollar ləğv ediləcək. Ancaq məhkəmə zamanı prokurorun həmin aktı işin içində yox idi... 
 
Məhkəmə orqanlarının məni və başqalarını həbs etmək üçün işi necə saxtalaşdırdıqlarını qeyd etmək yerinə düşər. Müstəntiq Xanlarov, Baxşıyev Baxış, Baxışov Xəlili, Abdullayev Şükürü, Babayev Sədullanı otağına çağrıldı. Əlavə etməliyik ki, onların hər biri ayrı-ayrılıqda, tək-tək çağrıldı. Müstəntiq məndən soruşdu ki, onları tanıyıram, ya yox? Həmin adamlar bizim qonşu kənddən olduqları üçün mən onları tanıdığımı, bəzən iş üstündə, bəzən də adi həyatda olanlarla rastlaşdığımı söyləyirdim. Məhkəmə zamanı mənə aydın oldu ki, həmin şəxsləri tanıdığımı söyləyərkən, bunu “əks-inqilabi təşkilatda birgə iştirak ediblər” şəklində qeyd edirmişlər. İş üzrə müqəssir bilinənlərin hamısı məhkəmə zamanı özlərinin günahsız olduğunu bildirdilər, istintaqın qanunsuz yollarla aparılmasından danışdılar, əzab və işgəncələrdən sonra verdikləri ifadələrdən imtina etdilər, müstəntiqlərin təhriki ilə imzaladıqları protokolları etibarsız hesab etdiklərini bildirdilər...”
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər