“Biz o işğal günlərinin ağrı-acısını unutsaq da, məhz əksəriyyətinin öz günahları, cinayətləri ucbatından Qarabağı, həmçinin Xankəndini tərk etmiş erməniləri törətdikləri vəhşiliklər ömürləri boyu qara kabus kimi təqib edəcək, yuxularında da onları rahat buraxmayacaq...”
“Tale elə gətirib ki, mənim doğum günümlə Xankəndinin, Kərkicahanın düşmənlərimiz tərəfindən tam işğalı təxminən eyni günə təsadüf edir. Düz 33 il bundan öncə bu günlərdə Azərbaycan xalqı, dövləti öz tarixinin ən faciəli, ən ağır tarixini yaşadı. Və artıq Allaha çox şükür ki, Ali Baş Komandanın siyasəti, ordumuzun şücaəti, şəhid və qazilərimizin canı-qanı sayəsində, nəhayət, Qarabağın dağlıq hissəsi, o cümlədən Xankəndi də azad olundu. İndi bütün işğaldan azad torpaqlarımız kimi, Xankəndində də bərpa-quruculuq işlərini, yenilikləri, təbii və süni gözəllikləri gördükcə qəlbimiz açılır və o fəlakətli günlərin ağrı-acısını unuduruq”.
Bu fikirləri Moderator.az-a açıqlamasında dekabrın 27-də növbəti doğum gününü qeyd edən şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova ifadə edib.
“Amma onu deyim ki, biz o işğal günlərinin ağrı-acısını unutsaq da, məhz əksəriyyətinin öz günahları, cinayətləri ucbatından Qarabağı, həmçinin Xankəndini tərk etmiş erməniləri törətdikləri vəhşiliklər ömürləri boyu qara kabus kimi təqib edəcək, yuxularında da onları rahat buraxmayacaq”, -deyə sabiq deputat əlavə edib.
“Çox şadıq ki, bu gün artıq Xankəndi azərbaycanlıların geri qayıdışı üçün hazırlanır. Bərpa, yenidənqurma və quruculuq işləri aparılır. Azərbaycan ziyalılarını daha çox sevindirən şəhərimizdə Qarabağ universitetinin açılışı oldu. Bu yaxınlarda, demək olar ki, işə başlamış toxuculuq fabriki də Xankəndində yaşayacaq soydaşlarımızın işlə təminatına xeyli dəstək verəcək. Yenicə açılmış "Qarabağ" və "Palace" hotelləri isə turizmin inkişafında böyük rol oynayacaq...
Azad ediləndən sonra doğma şəhərdə bir neçə dəfə olmuşam. Və hər dəfə Xankəndinə ayaq basanda bambaşqa hisslər yaşayıram. Xüsusən artıq düşmən ruhunun da qovulduğu, vaxtilə- gənc yaşlarımda özümün də istər-istəməz ermənilər arasında bir növ sıxıla-sıxıla çalışdığım inzibati binalarımızı görəndə sevinirəm... Xatırlayıram ki, 1973-cü ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti sovetinə seçkilər olub və mən də vilayət sovetinə üzv seçilmişəm və 1976-cı ilədək deputat kimi fəaliyyət göstərmişəm. O da yadımdadır ki, vilayət soveti olan binanın birinci mərtəbəsində komsomol təşkilatı, ikinci mərtəbəsində şəhər soveti yerləşirdi. Mənim də iş otağım ikinci mərtəbədə idi... İndi hər dəfə işğaldan azad Xankəndində qarşısında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanan həmin binanın önündə dayananda müstəqil Azərbaycan vətəndaşı kimi çox böyük qürur hissi keçirirəm...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, cansağlığı versin, dövlətimizi, ordumuzu, xalqımızı qorusun!..”- deyə həmsöhbətimiz duyğusal hisslərini dilə gətirib.
Şəhid Milli Qəhrəman xanımı dekabrın 25-də Bakı-Qroznı reysi ilə üçan Azərbaycan təyyarəsinin uğradığı faciənin qurbanlarını da yad etməyi unutmayıb:
“Təəssüf ki, bu günlərdə daha bir faciə yaşadıq. Təyyarəmiz Aktauda faciəli qəzaya uğradı, digər ölkə vətəndaşlarıyla yanaşı, onlarla soydaşımız da həlak oldu və ağır yaralandı. Allahdan dünyasını dəyişənlərə rəhmət, onların ailələrinə, doğmalarına səbir diləyir, yaralıların tezliklə şəfa tapmasını arzu edirəm. Allah bir daha xalqımıza belə faciələr yaşatmasın...”