“Problem ondadır ki, ölkədə elə bir abı-hava yaradılıb ki, insanlar bir-birinə etibar eləmir...”
“Kim hakimiyyətinin daxilində hansısa bir qrup öz aralarında anlaşaraq bu rejimdən xilas olmağa qərar verərsə, bu, mümkün ola bilər...”
Suriya xalqını totalitar irsi diktatura rejimində, amansız sosial əzab-əziyyət, zülm, həbslər, repressiyalar içərisində saxlayan 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi nəhayət, çökdü. Və bundan sonra suriyalıların azad, demokratik, insan haqlarının qorunduğu, hüquqi, ədalətli bir dövlət qurmaq şansları böyükdür...
Fəqət, təəssüf ki, Yer üzündə hələ də bir sıra diktatura, avtoritar, totalitar rejimlər Rusiya və Çin kimi iri totalitar dövlətlərin real dəstəyi, eləcə də Qərbin, Avropanın, ABŞ-nin bəzən səbatsız, ləng, məntiqsiz, bəzən də öz maraqlarına uyğun çoxüzlü, riyakar siyasətləri nəticəsində mövcudluqlarını davam etdirirlər...
Hazırda dünyadakı ən amansız totalitar, diktatura rejimlərindən biri də “Xalq Demokratik Respublikası” adlanan Şimali Koreyadakı Kim Çen In rejimidir. Bəs Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı? Burada yalnız SSRİ və Çinin rolu oldumu? Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir? Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər? Və yaxud Kim rejimini kim yıxa bilər?..
Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az oxucuları üçün siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu ilə silsilə söhbətlərimizi təqdim edirik:
Sual:
-Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər? Və yaxud Kim rejimini kim yıxa bilər?..
Cavab:
-Şimali Koreya rejimi yalnız bir halda çökə bilər ki, onu daxildən hansısa güc mərkəzi dəyişməyə cəhd eləsin. Bu da əlbəttə ki, ya hərbçilər ola bilər, ya da xüsusi xidmət orqanları. Bütün totalitar, hərbi diktatura rejimlərində olduğu kimi, Şimali Koryeyada da əgər bir qrup hərbçi, yaxud xüsusi xidmət əməkdaşları öz aralarında belə davam etməyin mümkün olmadığı haqda razılaşarlarsa, bu halda nəzəri baxımdan Kim rejimini çökürtmək mümkündür. Problem ondadır ki, ölkədə elə bir abı-hava yaradılıb ki, insanlar bir-birinə etibar eləmir. Belə şəraitdə də bu cür dəyişiklik yalnız nəzəri baxımdan mümkün sayıla bilər...
Kənardan isə Şimali Koreya rejiminin dəyişdirilməsi yalnız iki yolla ola bilər. Yenə də nəzəri baxımdan. Bunun biri ölkənin daxilində hansısa hərəkətlənmələrə start vermək və əhalini rejimə qarşı qaldırmaqdan ibarətdir. Bu, baş tutmaya da bilər. Ona görə ki, Şimali Koreyada təşkilatlanmış əhali yoxdur. Eləcə də insanları təşkilatlandıracaq hər hansı bir qurum, struktur da yoxdur. O qədər total və ciddi nəzarət var ki, hətta iki adamın bir-biri ilə siyasi mövzuda bir söhbət etməsi də qeyri-mümkündür. Çünki, təkrar edirəm, bu cür ölkələrdə insanlar biri-birinə etibar etmirlər. Bax, belə bir şəraitdə, dediyim kimi, yalnız nəzəri halda mümkün ola bilər, praktik baxımdan isə qeyri-mümkündür....
İkinci variant Şimali Koreya rejimini hərbi müdaxilə yolu ilə devirməkdir. Bu da nəzəri baxımdan mümkündür. Bu halda da Kim rejimi əlində olan kütləvi qırğın silahlarından, təbii ki, istifadə edə bilər. Atom silahından... Bəzi məlumatlarda hətta onların hidrogen bombasının da olduğu iddia edilir. Eləcə də yetərincə ballistik raketləri də var. Yəni çox qəribə bir fenomen də ondan ibarətdir ki, Şimali Koreyada əhaliyə internetdən istifadəyə icazə verilmədiyi bir halda bu ölkənin hakerləri dünyada hardasa 3-cü, yaxud 4-cü yerdədirlər. İnsanlara ilin sonunda hədiyyə olaraq köynək, yaxud ayaqqabı hədiyyə edildiyi bir ölkədə kütləvi qırğın silahları və onların daşıyıcıları istehsal olunur.
Üstəlik də, bu ölkə Rusiyaya 1 milyon artilleriya mərmisi satır. Bu, ağlasığmaz bir şeydir. Yəni bütün resurslar yalnız və yalnız totalitar rejimi qorumağa, onu möhkəmləndirməyə, onun müdafiəsini təşkil etməyə yönəlibdir...
Ona görə də bir daha Şimali Koreya rejiminin çökdürülə biməsinin birinci variantına qayıdıram. Birinci variant ondan ibarətdir ki, Kim hakimiyyətinin daxilində hansısa bir qrup öz aralarında anlaşaraq bu rejimdən xilas olmağa qərar verərsə, bu, mümkün ola bilər. Amma öncə dediyim kimi, bu, çox nəzəri variantdır...