Bizi sosial şəbəkələrdən izləyin:
“Hesab edirəm ki, Tramp dönəmində Amerika-Çin münasibətlərində gərginləşmə davam edəcək...”
“Bəli, Trampla Putinin Ukrayna məsələsində ortaq məxrəcə gələ bilməsindən bəhs edilir. Amma öncə dediyim kimi, heç bir Ukrayna rəhbəri ölkə ərazilərinin itirilməsinin rəsmiləşməsinə razı ola bilməz. Yəni belə bir rəsmiləşmə gözlənilmir. Ancaq hərbi əməliyyatların dondurulması baş verə bilər. Çünki hər iki tərəfin resursları tükənmək üzrədir”.
Bu fikri Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov “Tramp-Putin münasibətləri haqda nə proqnoz verərdiniz? İkisi də təxminən oxşar xarakterdə olan bu iki dünya lideri arasında kəskin toqquşma gözləyirsiz, yoxsa onlar qısa müddətdə bir çox qlobal məsələlərdə o cümlədən Ukrayna məsələsində ortaq məxrəcə gələ biləcəklər?” sualını cavablandırarkən ifadə edib.
“Ukrayna tərəfinin savaşı davam etdirməsi Amerikanın yardımından asılıdır. Avropa yardım edəcəyini bildirib. Rusiyanın isə resursları günü-gündən tükənir və eyni zamanda daxildə, Rusiya cəmiyyətində də iqtisadi-sosial və siyasi böhran başlaya bilər. Ona görə Kreml də əməliyyatların dondurulmasına hazırdır. Sadəcə bir bəhanə lazımdır. Bəhanə də, yəqin, o olacaq ki, Tramp belə istəyir, Putin də Trampın xətrini istəyir və onun xətrinə müharibəni dayandırır. Hələlik hər iki tərəfə uyğun olan çıxış yolu bundan ibarətdir. Xarakterləri oxşar olsa da, Trampla Putin arasında kəskin qarşıdurma gözlənilmir. Çünki Putinin belə bir qarşıdurmaya getməyə o qədər də gücü yoxdur”, –deyə davamında siyasətçi bildirib.
“Necə hesab edirsiz Tramp dönəmində ABŞ-Çin münasibətləri hansı müstəvidə inkişaf edəcək?” sualını isə Etibar Məmmədov belə cavablandırıb:
“Hesab edirəm ki, Tramp dönəmində Amerika-Çin münasibətlərində gərginləşmə davam edəcək. Çünki Trampın məqsədi ABŞ daxilində iqtisadi vəziyyəti düzəltməkdir. Onun ötən prezidentliyi dövründə də öncəliyi ondan ibarət olub ki, hər şey Amerika üçün, bu dövlətin daha da güclənməsi üçün olmalıdır. Bu da Çinlə iqtisadi rəqabətdən asılı olacaq. Tramp indidən idxal olunan malların rüsum tariflərin qaldırılması və s. məsələlər barədə elan verib...”
Sultan Laçın
-