“Rusiya Qroznı üzərində hava məkanını bağlamalı idi, lakin bunu etmədi. Təyyarə rusiyalılar tərəfindən zədələnib və təcili olaraq Qroznıya endirilib, insanların həyatını xilas etmək əvəzinə, Qazaxıstana göndərilib...”
"Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş bir neçə hərbi obyektinin yerləşdiyi ərazidə vurulub".
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, "VÇK-OQPU" layihəsinin yazdığına görə, hadisə Rusiya Federasiyası Çeçenistan respublikasının bir neçə hərbi hissənin yerləşdiyi Naurski rayonu üzərində baş verib.
"Dispetçerlə ekipaj arasındakı danışıqların stenoqramına görə, pilot təyyarəyə güclü zərbəni quş sürüsü ilə toqquşma kimi qəbul edib. Əslində, zədələr onu göstərir ki, çox güman ki, təyyarənin yaxınlığında hava hücumundan müdafiə raketi partlayıb.
Kanalın əldə etdiyi materiallara görə, təyyarəyə bu zərbə təxminən Qroznıdan 18 kilometr şimalda, Qroznı hava limanından şimal-qərbdə, Naurski rayonunda 2,4 min metr yüksəklikdə dəyib.
Açıq mənbələrdən əldə edilən məlumata görə, bu ərazidə bir neçə hərbi hissə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə malik olan hissələr də yerləşir.
Hələ 2011-ci ilin sonunda "Çeçnya segodnya" ("Chechnya Today") saytı bütün Şimali Qafqazın hava məkanına nəzarət edə bilən yeni silahlar haqqında tərifli material dərc etmişdi.
Materialda deyilirdi ki, Rusiya Müdafiə Nazirliyinin Naurski bölgəsində yerləşən moto-atıcı briqadasında o zaman üçün hava hücumundan müdafiə qüvvələrinə nəzarət etmək üçün yeni sistem - "Barnaul-T" yaradılıb.
Məlumdur ki, son PUA hücumlarından sonra Çeçenistanda bir neçə "Pantsir" sistemi də yerləşdirilib.
Təyyarənin dəliklər aydın görünən qalıqları ilə bağlı video yayımlanandan sonra sosial şəbəkələrdə göyərtənin vurulma ehtimalı barədə yazmışdılar. Bu versiyanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da səsləndirib:
“Rusiya Qroznı üzərində hava məkanını bağlamalı idi, lakin bunu etmədi. Təyyarə rusiyalılar tərəfindən zədələnib və təcili olaraq Qroznıya endirilib, insanların həyatını xilas etmək əvəzinə, Qazaxıstana göndərilib”, - deyə Kovalenko bildirib.
Sultan Laçın