“Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin ifşası olduqca aktualdır və bundan sonra da öz aktuallığını qoruyub saxlayacaq”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu məqsədlə dünyanın müxtəlif ölkələrindən olan diplomatların, media nümayəndələrinin tez-tez işğaldan azad edilən ərazilərə səfərləri təşkil edilir, onlara hər şeyi bilavasitə müşahidə etmək imkanı yaradılır:
“Ancaq təəssüflər olsun ki, onların arasında riyakarlar da tapılır. Hansı ki, həmin riyakarlar Azərbaycana gələndə, işğaldan azad edilən ərazilərə səfər edəndə erməni vəhşiliyini təsdiqləyir, erməni işğalının acı nəticələrini etiraf edirlər. Lakin geri qayıdandan sonra burada dediklərinin tərsini iddia edirlər. Bu, onların nə qədər riyakar olduğunu göstərir.
Fəqət bütün bunlara baxmayaraq, erməni vəhşiliyinin ifşası, Azərbaycanın beynəlxalq hüquq və konstitusiyası əsasında hərəkət edərək öz torpaqlarını azad etməsi istiqamətində təbliğat işi bundan sonra da davam etdirilməlidir. Hesab edirəm ki, bu təbliğat prosesi bundan sonra da öz aktuallğını qoruyub saxlayacaq”.
Seymur ƏLİYEV