"Təhlükəsizlik Şurasının susqunluğu bu terrorçu rejimi daha qəddar cinayətlərə sövq edəcək və BMT-nin əsas prinsiplərini sarsıdacaq..."
İsrail Yaxın Şərqdə və bütün dünyada sülh və təhlükəsizlik üçün ən ciddi təhlükə olaraq qalır.
Moderator.az xəbər verir ki, bu barədə İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT baş katibi Antoniu Quterrişə ünvanladığı məktubunda deyilir. Məlumatı İranın "İrna" agentliyi yayıb.
İran nümayəndəsi İsrail müdafiə naziri İsrael Katsın təhlükəsizlik xidmətləri əməkdaşları üçün tədbirdəki çıxışından sonra Quterrişə şikayət məktubu yazıb.
Kats o cümlədən ilk dəfə olaraq HƏMAS lideri İsmayıl Haniyənin bu yay Tehranda qətlinin arxasında İsrailin dayandığını təsdiq edib.
"Biz husilərin strateji infrastrukturuna zərbələr endirəcək və onların liderlərinin başını kəsəcəyik. Tehranda, Qəzzada və Livanda Haniyə, Sinvar və Nəsrullahla bağlı olduğu kimi, bunu Hodeyd və Sanada da edəcəyik", - Kats deyib və HƏMAS və "Hizbullah" liderlərinin qətlini nəzərdə tutub.
"İsrailə əl qaldıranların əlləri kəsiləcək və İsrail Müdafiə Ordusunun uzun əlləri belələrini məhv edərək onlarla haqq-hesab çəkəcək", - o, əlavə edib.
Katsın bəyanatını "qaba və abırsız" adlandıran İrəvani HƏMAS lideri İsmayıl Haniyənin BMT-nin üzvü olan dövlətin suveren ərazisində qətlə yetirilməsindən qəzəbini ifadə edib.
"Bu, İsrail rejiminin terror və təcavüz aktlarına görə beynəlxalq aləmdə məsuliyyət daşıdığını bir daha sübut edir. Həm də İranın 2024-cü il oktyabrın 1-də İranın müdafiə xarakterli cavabının legitim və qanuni olduğunu, həmçiin İsrailin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhlükə olaraq qalması barədə İranın ardıcıl mövqeyini təsdiq edir", - məktubda deyilir.
Daha sonra İrəvani BMT Təhlükəsizlik Şurasından İsrailin cəzasız qalmasının davam etməsinə yol verilməməsi üçün" tədbirlər görülməsini tələb edib.
"Üzərinə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ilə bağlı başlıca məsuliyyət qoyulan BMT Təhlükəsizlik Şurasınım davam edən susqunluğu bu terrorçu rejimi nəinki daha qəddar cinayətlərə sövq edəcək, həm də BMT-nin əsas prinsiplərini sarsıdacaq", - İrəvaninin məktubunda deyilir.