"Ukrayna və Rusiya sülh danışıqlarına hazırdır, tərəfləri ayıracaq hakim çatışmır..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada ədalətli və dayanıqlı sülhə nail olmağa çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni adninistrasiyasının Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi general Kit Kelloq "Fox" kanalına müsahibəsində bəyan edib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
"Prezident öz istəyində, yəni məhz qətllərə son qoymaq və regiona sülh gətirmək istəyində çox, amma çox ardıcıldır. Bu, onun beynəlxalq siyasətdə başlıca prioritetidir. Lakin o, ədalətli, dayanıqlı, təhlükəsiz sülh istəyir", - Kelloq əmin edib.
O, həmçinin qeyd edib ki, Ukraynada davamlı sülhə nail olmaq üçün Minsk prosesi kimi əvvəlki cəhdlər "biabırcasına iflasa uğrayıb".
"O, müttəfiqləri ilə, habelə Vladimir Putinlə aralarında olan münasibətlərin vacibliyini anlayır. O, elə bir adamdır ki, bu işi sona çatdıra bilər və mən həqiqətən də onun nisbətən yaxın gələcəkdə bunu edəcəyinə inanıram", - Kelloq vurğulayıb.
Bundan öncə Kit Kelloq bəyan edib ki, Ukrayna və Rusiya sülh danışıqlarına hazırdır. Onun fikrincə, münaqişədə olan iki tərəfi "ayıracaq hakim" çatışmır.
Kelloq 2025-ci il yanvarın əvvəlində "faktları toplamaq" üçün Ukraynanı ziyarət edəcək. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tramp və Ukraynada sülh
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak əmin olduğunu bildirib ki, Tramp və Putin arasında danışıqların yeganə mümkün format variantı Amerikanın ssenarisinə məcbur etməkdir. Əks halda Putinin Trampa üstün gəldiyi qənaəti yaranacaq.
Həmçinin qeyd edilib ki, Trampın andiçmə mərasiminədək Ukrayna və Avropanı "kritik günlər" gözləyir. Bu müddət ərzində Rusiya müharibədə imkan daxilində daha çox uğur qazanmağa cəhd göstərəcək.