Ekskluziv
1691
25 Dec 2024 | 13:38

"Biz həyat uğrunda savaşırıq, ölüm saçan Rusiyanın heç bir şansı yoxdur və olmayacaqdır" - Zelenski

 
"Düşmən bizim ürəklərimizi, içimizdəki işığı, xeyir və mərhəmətə inamımızı, hər birimizin içində olan insanlıq hissini məhv edə bilməyib..."
 
Ukrana prezidenti Vladimir Zelenski bəyan edib ki, ukraynalıların birliyi və bir-birinə olan hərarəti Milad bayramının əsl ruhu, onun unikal mühitidir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, ukraynalılara Milad bayramı münasibətilə təbrikində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
Prezident bir neçə il ərzində ukraynalı bəstəkar Nikolay Leontoviçin yaşadığı Donetsk vilayətinin Pokrovsk şəhərinin timsalında ukraynalılar və rusiyalılar arasınsa fərq barədə danışıb.
 
Bəstəkar bu şəhərdə "Şedrik" əsərinin ikinci redaksiyasını yazıb və bu musiqi bu günlər Yer kürəsinin hər bir guşəsində səslənir. Zelenskinin sözlərinə görə, Leontoviç dünyaya Miladın musiqi ruhunu bəxş edib.
 
"Orada yazılan İlahi musiqi və Rusiyanın oraya gətirdiyi müsibət bizim aramızda olan fərqi parlaq şəkildə nümayiş etdirir", - Zelenski vurğulayıb. O, qeyd edib ki, ukraynalılar yaratmağa çalışır, amma "bəziləri üçün ölüm saçmaq həyatın mənasıdır". "Biz sakitlik, ədalət, sülh istəyirik", - dövlət başçısı deyib.
 
"Bizə lazım olanlar yalnız öz torpağımızda dinc yaşamaq, Günəşi, öz səmamızı, orada İran "Shahed"ləri və Rusiya raketlərini deyil, Milad ulduzunu görməkdir. Lakin bəziləri üçün "darıxdırıcıdır və hərəkət çatışmır".
 
Bu sözlər onu göstərir ki, onlar Tanrıdan, xristianlıqdan, gerçək etiqaddan nə qədər uzaqdır. Bu, onların əsarət və zülmətinin məğlub olduğunun sübutudur. Biz bunu bilirik. Dünya da bunu bilir", - prezident buna əmindir.
 
Zelenski hesab edir ki, Tanrı da bunu bilir, amma şər məğlub olur. "Ukraynalılar buna inanır və bunun üçün dualar edir. Bütün bu bəlalar və bu çirkabın torpağımızdan həmişəlik yox olması üçün dualar edir. Ukraynalılar, heç şübhəsiz, buna layiqdir", - prezident deyib.
 
O, həmçinin xatırladıb ki, ukraynalılar artıq üçüncü ildir ki, Milad bayramını müharibə zamanı qeyd edir, bu səbəbdən də "bizim böyük Ukrayna ailəmiz bu bayramı istədiyimiz kimi, lazım olduğu kimi tam dolğunluqla bayram edə bilmir".
 
Prezident "hamının öz evində olmamasından" təəssüf hissini ifadə edib. Təəssüf ki, heç də hamı bizimlə deyil. Lakin düşmənin bizə gətirdiyi bütün bu bəlalara rəğmən, o, ən başlıcasını-bizim ürəklərimizi, içimizdəki işığı, xeyir və mərhəmətə inamımızı, hər birimizin içində olan insanlıq hissini zəbt etməyə və ya məhv etməyə müvəffəq olmayıb", - Zelenski qeyd edib. O, vurğulayıb ki, ukraynalılar öz dəyərlərini itirməyib, ona görə də bu gün bizi müdafiə etmək üçün canlarından keçənləri yad edir.
 
"Biz bu gün cəbhədə olanların evlərinə sağ-salamat dönməsi üçün dualar edirik. Əsirlikdə olanların, Rusiyanın işğalda saxladığı, Vətəni tərk etməyə vadar etdiyi insanlarımızın sağ-salamat geri dönmələri üçün dualar edirik. O insanların ki, nə qədər çətin olsa da, içlərində Ukraynanı itirməyib, deməli, Ukrayna da onları heç vaxt itirməyəcək", - prezident deyib.
 
O, qeyd edib ki, "biz ikinci dəfədir ki, Miladı bir tarixdə, bir böyük ailə, vahid ölkə kimi qeyd edirik". "Yeni tarimizdə ikinci dəfədir ki, Milad bütün ukraynalıları birləşdirir. Biz bu gün yan-yanayıq və itməyəcəyik. Canlı olaraq və ya xəyalən bir-birimizi təbrik edəcək, valideynlərimizə zəng vuracaq, övladlarımızı və doğmalarımızı bağrımıza basacaq, öz yaxınlarımızı xatırlayacağıq. Canlı olaraq və ya məsafədən olsun, ruhumuzla bunu edəcəyik"
 
"Nə qədər ki, bunu edirik, şərin heç bir şansı olmayacaq. Bizim birliyimiz və bir-birimizə olan hərarətimiz Miladın əsl ruhudur, onun unikal mühitidir, heç nəyə baxmadan, biz onu içimizdə saxlayacaq və yanımızda olanlarla, sevdiklərimizlə, bizə doğma olanlarla bölüşəcəyik", - Zelenski qeyd edib.
 
Dövlət başçısı bizim ruhumuzda inam işığının yanmasını, ürəklərimizin ümid işığı ilə, hər bir evin isə sevgi və bərəkətlə dolu olmasını arzulayıb.
 
Xatırladaq ki, 2023-cü ildə Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Yunan-Katolik Kilsəsi yeni Yulian təqviminə keçib və Milad bayramını dekabrın 25-də qeyd edir. Bu il ukraynalılar ikinci dəfədir ki, Milad bayramını məhz bu tarixdə qeyd edir.
Link kopyalandı!
Son xəbərlər