Bir neçə gün öncə Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verən hadisə təhsildə təhlükəsizlik məsələsinə bir daha yenidən diqqət yetirmənin vacibliyini göstərmiş oldu. Qeyd edək ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində sobanın tıxanması səbəbindən tüstülənmə nəticəsində 71 nəfər zəhərləndi. Xoşbəxtlikdən heç bir insan tələfatı baş verməsə də, məktəb tezliklə öz tədris prosesini yenidən bərpa etsə də, hadisə SOS siqnalı kimi dəyərləndirilməlidir.
Beynəlxalq təcrübədə tədris müəssisələrinin elektrik və istilik qurğuları ilə bağlı təhlükəsizlik tədbirlərinə xüsusi nəzarət edilir, Avropa ölkələrinin bir çoxunda isə bu mexanizm ildə bir dəfə ciddi şəkildə yoxlanılır. Standartlara, qaydalar normasına cavab verməyən müəssisə isə problem aradan qaldırılana qədər fəaliyyətini dondurur.
Xarici təcrübədə elektrik və istilik qurğularının yarada biləcəyi mümkün təhlükələrə qarşı tədbirlər davamlı şəkildə aparılır. Burada məqsəd fövqəladə durum yarandığı an ona lazımı müdaxilə üçün psixoloji və praktiki baxımdan hazırlıqlı olmaqdır. Bu səbəbdən də bir çox ölkələrdə məktəb daxilində seçilmiş könüllü müəllim və texniki əməkdaşlardan ibarət qruplar üçün ildə bir neçə dəfə təlimlər təşkil olunur. Həmin təlimlər yalnız nəzəri məlumatlandırma ilə yekunlaşmır, daha çox praktiki bacarıqların tətbiqinə fokuslanır. Təlimlərdə qrup iştirakçılarına (müəllim və texniki işçilər) çalışdıqları məktəb daxilində təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələri üçün həm müntəzəm yoxlama təlimləri, həm də uyğunluq yoxlamaları təlimləri keçirilir. Bu təlimlər sayəsində qrup üzvləri məktəb daxilində potensial təhlükələri və ya texniki xidmət ehtiyaclarını müəyyən etmək üçün elektrik sistemləri, istilik avadanlığının müntəzəm yoxlanışlarının planlaşdırılması və nəzarəti bacarıqlarına sahiblənirlər. Onlar həmçinin, bütün qurğuların yerli tikinti qaydalarına və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlayır və buna əmin olduqdan sonra müsbət rəy vermiş olurlar.
Həmçinin təhlükəsizlik məqsədilə atılan növbəti addımlardan biri də müəllim və texniki işçiləri qrup təlimlərinə cəlb etmək yox, onlar üçün sırf nəzəri-bilgiləndirmə, məlumatlandırma təlimlərinin keçirilməsidir. Yəni, burada digər qruplardan fərqli olaraq, təhlükəsizliyə müntəzəm nəzarət yox, fövqəladə hallar yaşandıqda düzgün qərar qəbul edəcək şəxsləri görmək mümkündür.
Bütün bunlar təhlükəsizlik standartları üçün normal hallardır və bizim yerli məktəblərdə də tətbiqi heç də pis olmazdı. Amma mütləq deməli olduğumuz bir başqa reallıq da var: ən yaxşı təhlükəsizlik qaydası düzgün və keyfiyyətli standartlarla məktəb binasının tikilməsi, oradakı elektrik və istilik təchizatı qurğularını yüksək səviyyədə təşkil etməkdir. Bunlar həyata keçirildiyi təqdirdə fövqəladə hallarla bağlı məktəb kollektivinin də çox təlimlərdə iştirakına ehtiyac olmaz. Amma, Avropa məktəblərində bu standart qaydadır: tədris binası ən yüksək səviyyədə tikilsə də, təhlükəsizlik qaydalarına son dərəcədə ciddi detalları ilə əməl edilsə də yenə də bu təlim və normativlər həyata keçiriləcəkdir.
Bu kimi məsələlərdə beynəlxalq təcrübədən geri qaldığımız əsas məsələlərdən biri də kadrlarla bağlıdır. Beynəlxalq təcrübədə tədris müəssisəsi daxilində elektrik və istilik təchizatı qurğularının təhlükəsizlik, sazlanmasına nəzarət edən bir neçə işçi var ki, onların da fəaliyyəti qanuni ştat cədvəlinə əsasən müəyyən olunur. Bu kimi işçilər məktəb daxilində baxım cədvəlinin hazırlanması və ona nəzarət edilməsi, elektrik və istilik avadanlığının düzgün, təhlükəsiz işləməsini təmin etmək üçün onlara müntəzəm texniki qulluq proqramın yaradılması və ona nəzarət üzrə ixtisaslaşır və müəssisə daxilində baş verəcək hər hansı neqativ olayın qarşısını anında alırlar.
Yerli məktəblərdəki durum
Rəsmi məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən 4532 orta ümumtəhsil müəssisəsinin 1200-dən çoxusunda analoji istiqamətdə müəyyən problemlər müəyyən olunub. Bununla bağlı həmin məktəblərdə təmin işlərinə start verilib və bir çoxunda bu proses artıq başa çatıb. Hazırda da təhsil müəssisələrinin istilik sistemlərinin monitorinqi və istiliyin verilməsi ilə yaranmış problemlərin həlli istiqamətində işlər davam etməkdədir.
Rəsmi məlumatlara əsasən, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 38 faizi odun, dizel, elektrik radiatorları və digər vasitələrlə qızdırılır. Payız-qış mövsümünə hazırlıq çərçivəsində bu kimi təhsil müəssisələrinin müvafiq yanacaqla təminatı prosesi davam etdirilir.
Artıq ikinci ildir ki, odundan istifadə edən bir sıra məktəblərin pellet yanacağına keçidi də həyata keçirilib. Qazax, Tovuz və Ağstafa rayonlarında yerləşən 44 təhsil müəssisəsində 800-dən artıq pellet sobası quraşdırılıb və yanacaq təminatı icra edilib.
Amma adıçəkilən pellet sobalarının ekoloji cəhətdən təmiz olması və təhlükəsizlik standartlarına nə dərəcədə cavab verilməsi məsələsi barədə ətraflı danışmaq lazımdır. Bu sahədə peşəkar olmadığımızdan və spesifik istiqamət sayıldığı üçün yalnız mütəxəssislərin və yalnız monitorinqlərdən sonra söz deməsi daha doğru olar. Lakin məsələn bir tərəfi də var ki, o bizdə nigaranlıq yaratmaya bilmir: Tovuz məktəbində baş verən hadisə bizim üçün hansı SOS siqnalını səsləndirmiş oldu? Bu hadisədən sonra hər hansı təhlükəsizlik monitorinqi, eləcə də nəzarət proqramı hazırlandımı?
Yaxud, beynəlxalq təcrübədə təhsil müəssisələri ilə bağlı nəzərdə tutulmuş təhlükəsizlik standartları, onların uyğunluq göstəriciləri nəzərdən keçirildimi?
Əgər keçirilibsə, bununla böyük məmnuniyyətlə tanış olmaq istərdik. Əks halda, “Tovuz məktəbi” olayının yenidən yaşanması daha ciddi fəsadlara yol aça bilər.
Elmin Nuri
Təhsil məsələləri üzrə mütəxəssis