Bizi sosial şəbəkələrdən izləyin:
Dünən - dekabrın 21-də Tbilisinin mərkəzindəki Rustaveli prospektində keçirilən avropapərəst mitinqdə təxminən 200 min insan toplaşıb.
Moderator.az “Newsgeorgiya” nəşrinə istinadla xəbər verir ki, hesablama “Visioner” araşdırma qrupu tərəfindən aparılıb.
Qrupun sözlərinə görə, pik vaxtı aksiyaya 186 835 nəfər qatılıb.
Hesablamalar "Mapchecking" platformasından istifadə etməklə aparılmışdır. Bu alət müəyyən bir ərazidə kütlənin sıxlığını göstərərək insanları saymağa imkan verir.
"TSN"-in yaydığı məlumata görə, Tiflisdəki budəfəki etirazlar həm də gürcülərin məşhur "döyüşçü" rəqsi ilə də müşayiət olunub...
Tiflisdə etirazlar oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra başlayıb. Noyabrın 28-də “Gürcü arzusu” Avropa İttifaqına üzvlük danışıqlarının ən azı dörd il müddətinə dondurulduğunu elan etdikdən sonra onlar müntəzəm və geniş hal alıb.
Etirazçıların əsas tələbləri yeni parlament seçkilərinin keçirilməsi və həbsdə saxlanılan etirazçıların azadlığa buraxılmasıdır.
Mitinqlərdə səhnə və spiker yoxdur. Siyasətçilər bunlarda adi vətəndaş kimi iştirak edirlər. Tbilisi və digər şəhərlərin sakinləri sosial şəbəkələrdə təşkilatlanırlar. Son zamanlar müxtəlif sahələrin, peşələrin, hətta regionların nümayəndələri tematik etiraz yürüşləri təşkil etməyə başlayıblar.
S.Laçın