Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Qərbin ölkəmizə qarşı qərəzli münasibətini tənqid edib. Dövlət başçısı bildirib ki, Qərb Azərbaycan haqqında qərəzli məlumatlar yaymaqla dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, dünya ictimaiyyətini aldatmağa çalışır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Qərbin qərəzli münasibətinin səbəbinə aydınlıq gətirib:
“Qərbin Azərbaycana qarşı qərəzli münasibətində məqsəd məlumdur. Bunu anlamaq üçün keçmişə nəzər salmaq kifayətdir.
Avropa və ABŞ bütün Şərq dünyasına, İslam-müsəlman dünyasına qarşı bir tələb qoymuşdu. Deyirdilər ki, biz necə deyiriksə, siz də elə yaşamalısınız. Biz necə istəyiriksə, siz onu etməlisiniz.
Bu gün də onların tələbi dəyişməyib. Tələb eyni tələbdir. Onlar dünya jandarmeriyası rolunda çıxış etməyə çalışır. Ancaq onlar dərk etmirlər ki, artıq dünya dəyişib. Müstəqil dövlətlər demokratik qanunlarla yaşamaq istəyirlər. Onlar bizim nə istədiyimizlə maraqlanmırlar. Onlar hesab edirlər ki, bizim nə istədiyimizin önəmi yoxdur. Əsas onların istədiyidir. Və onlar bu nöqtədə yanılırlar.
Azərbaycana qarşı olan bütün qərəzlər, təzyiq və basqılar əbəsdir və bunlar heç vaxt səmərə verməyəcək. Azərbaycan öz azad iradəsi əsasında yaşayır və bundan sonra da aldığı bütün qərarları müstəqil şəkildə, öz iradəsi əssında verəcək”.
Seymur ƏLİYEV