“Dünən atamın doğum günü idi. Onun ölümü də müəmmalı oldu. Sadəcə olaraq heç kim dilinə gətirib deyə bilmir. Cinayət işini qəsdən bağladılar. Həmin hadisədən sonra müstəntiq gəlib anasına dedi ki, bu işi bağlayırıq. Adətən avtomobil qəzası baş verəndə və ərazidə ölü olanda lent çəkib heç kimi içəri buraxmırlar. Amma atam qəza keçirəndə maşını aparıb restoranın həyətinə qoymuşdular. Atamla Kəbirin cansız bədəni də həmin maşınların içində olub. Yolu da təmizləmişdilər ki, izi itirsinlər. Avtobus sürücüsü də gəlmişdi bizə, dedi ki, mənim təqsirim yoxdur, maşın özü fırlanıb yoluma girib. Eynən Səxavət Məmmədov da dünyasını belə dəyişmişdi. İki adam dünyasını dəyişdi, amma sürücünü tutmadılar. Bir gün də onu tutmadılar. Kənd camaatı gedib onları maşının içindən çıxartmışdı. Müstəntiq də atamın sinif yoldaşı idi, nənəmə demişdi ki, xala işi bağlamalıyıq”
Bunu Moderator.az-a açıqlamasında Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib:
“Atam bizə gəlməli idi. Nənəmə demişdi ki, sevdiyim qutabdan hazırla, gəlib yeyəcəm. Nənəm hazırlıq görürdü. Birdən qapı açıldı və bizə dedilər ki, atan avtomobil qəzasına düşüb. Atam o qədər şux qamətli insan idi ki, mən düşünmürdüm ki, o nə vaxtsa qocalacaq. O gözümdə həmişəki kimi cavan qalıb” deyə meyxanaçının qızı deyib.
Nizami Rəmzinin sənət yodaşı Samirə Yusifqızı isə saytımıza açıqlamasında bunları bildirib:
“Nizami ilə çox məclislərdə birlikdə olmuşuq. Allah ona rəhmət etsin. Yaxın dostluğumuz olub. Heç kim bilmədi ki, nədən rəhmətə getdi? Allah bilən məsləhətdir. Xeyir verən, ürəyiaçıq, qəlbində pis niyyəti olmayan adam idi. Onun haqqında pis heç nə deyə bilmərəm. Deyirlər ki, Nizamini qəsdən öldürdülər. Bunu heç kim bilmir. Əlbəttə ki, paxıllığını çəkənlər çox idi. Paxıllıq bizim qanımızdadır. Amma bilərəkdən onu qəzaya salmalarına inanmıram. Bəzi meyxanaçı yoldaşlarının adını çəkirlər onun ölümündə. Yaxşı, tutaq ki, Nizamini öldürmək istəyirdilər, bəs Kəbiri niyə öldürsünlər? Allahın qəzası, qədəridir də. Heç kim həyatdan sığortalanmayıb” deyə müğənni bildirib.
Samirə Yusifqızı bildirib ki, meyxanaçı yoldaşları və Nizami Rəmzinin mahnıları ilə məşhurlaşan müğənnilər onun məzarını ziyarət etmirlər:
“Nizami Rəmzinin qiyməti sağlığında da verilmədi. Xalq onu sevirdi, amma qiyməti axı xalq vermir. Bu kişinin oxuduğu, yazdığı meyxanalar indiki mahnılardan qat-qat daha səviyyəli və sanballı idi. Nizami Rəmzinin heyranı olmuşam. Çalış ölmə, öldünsə heç kim səni yada salmayacaq. Nizami Rəmzinin mahnılarını oxuyanlar bu gün ona borclu olmalıdırlar. Efirdə biri çıxıb adını çəkmir. Bir dəfə məzarını ziyarət etmisiz? Ya ruhuna bir yasin oxutdurmusuz?” deyə müğənni həmkarlarına səslənib.