"Ukraynada ədalətli və dayanıqlı sülhün bərqərar edilməsinin zamanı yetişib, bu zaman ukraynalıların başı üzərindən heç nə həll edilməyəcək..."
Almaniya kansleri Olaf Şolts dekabrın 19-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib.
Moderator.az xəbər verir ki, bu barədə kanslerin mətbuat xidməti məlumat yayıb. Məlumatı "dw.com" nəşri yayıb.
Məlumatda deyilir ki, söhbət Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə və bütövlükdə Avropada təhlükəsizliklə bağlı olan təhdidlərə həsr edilib.
"Həmsöhbətlər razılaşıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi həddən artıq uzanır, bu səbəbdən də imkan daxilində tez bir zamanda ədalətli, dürüst və davamlı sülhə aparan yola çıxmaq vacibdir", - məlumatda deyilir.
Həmçinin qeyd edilib ki, kansler Ukraynaya Rusiya təcavüzündən müdafiə üçün zəruri olan qədər dəstək göstərməyə davam edəcək.
Olaf Şolts Avropa İttifaqının ABŞ-la birgə Ukrayna siyasəti haqqında
Almaniya kansleri "Deutschlandfunk" nəşrinə müsahibəsində bəyan edib ki, Avropa ölkələri Ukrayna ilə bağlı Trampla birgə yanaşma barədə razılığa gələ bilər.
"Mən əminəm ki, biz Ukrayna ilə bağlı birgə strategiya işləyib hazırlaya bilərik. Mən Trampla artıq telefonla danışmışam, biz həmçinin onun komandası ilə təhlükəsizlik siyasəti məsələləri üzrə birbaşa dialoq aparırıq", - kansler bəyan edib.
Olaf Şolts dialoqun təfərrüatlarını açıqlamayıb, yalnız "qətllərə son qoyulması və Ukraynanın müstəqilliyi və suverenliyinə zəmanət verilməsinin" vacibliyini vurğulayıb.
Ukraynanın bu strategiyanın gerçəkləşməsi üçün öz ərazilərini güzəştə getməli olacağı barədə suala cavabında Şolts vurğulayıb ki, təhlükəsizlik zəmanətləri də daxil olmaqla heç nə "ukraynalıların başı üzərindən" həll edilməməlidir və Almaniya Avropada Ukraunanın "ən güclü tərəfdarı" olaraq qalacaq.