"Əgər onlar terrorçu təşkilatdırsa, burnunuzu oraya niyə soxursunuz?.."
Rusiya prezidenti Vladimir Putin Moskvada ilin yekunlarına dair geniş mətbuat konfransı keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri yazıb.
Rusiya mətbuatının məlumatına görə, dekabrın 19-da səhər 2 milyondan çox sorğu daxil olub. Onların arasında bu yaxınlarda Suriyada hakimiyyət çevrilişi və bununla bağlı Rusiyanın Suriyadakı hərbi bazalarını itirməsi təhlükəsinə dair suallar da olub.
Putin bu suallara cavabında bəyan edib ki, Rusiya bu ərəb ölkəsində qarşısına qoyduğu məqsədlərinə nail olub. "Bəziləri Suriyada baş verənləri Rusiyanın məğlubiyyəti kimi təqdim etmək istəyir. Sizi əmin edirəm ki, bu, belə deyil", - Putin iddia edib.
"Biz axı Suriyaya 10 il öncə gəlmişik ki, orada bizim, məsələn, Əfqanıstanda olduğu kimi, terrorçu anklav yaradılmasın. Bütövlükdə, biz öz məqsədlərimizə nail olmuşuq. Hətta vaxtilə Əsəd rejimi ilə, hakimiyyət qoşunları ilə döyüşən qruplaşmaların da daxilində dəyişikliklər baş verib", - o, deyib.
"Əbəs yerə bu gün bir çox Avropa ölkələri və Birləşmiş Ştatlar onlarla münasibətlərini nizama salmaq istəyir. Əgər onlar terrorçu təşkilatdırsa, o zaman burnunuzu oraya niyə soxursunuz? Bu o deməkdir ki, müəyyən dərəcədə məqsədə nail olunub", - Rusiya hakimi belə nəticəyə gəlib.
O, qeyd edib ki, üsyançıların geniş miqyaslı hücumu zamanı hökumət qoşunları müqavimət göstərməyib, məhz bu, Putinin fikrincə, Bəşər Əsəd rejiminin məğlubiyyətinə səbəb olub.
"Silahlı müxalifət qrupu Hələbə yaxınlaşanda şəhərin müdafiəsində 30 min nəfər olub, şəhərə isə cəmi 350 yaraqlı daxil olub. Hökumət qoşunları və onlarla birlikdə İran bölmələri döyüşmədən geri çəkilib, öz mövqelərini partladıb və çıxıb gedib", - Putin deyib və qeyd edib ki, Rusiya Suriyadan 4 min iranlı yaraqlısını Tehrana təxliyə edib.
Kreml rəhbəri Rusiyanın Suriyakı hərbi bazalarının gələcək taleyinin "hələ həll edilməli olduğunu" bildirib. Onun sözlərinə görə, Yaxın Şərq ölkələri nümayəndələrinin əksəriyyəti onların orada qalmasını istəyir.
"Biz hazırda ölkəyə nəzarət edən və gələcəkdə nəzarət edəcək siyasi qüvvələrlə münasibətlərimizin necə olacağını müəyyənləşdirməliyik. Bizim maraqlarımız gərək üst-üstə düşsün", - o, izah edib.
Putin Əsədi devirən üsyançıları "siyasi müxalifət" adlandırıb. O, həmçinin Suriyaya humanitar yardım ediləcəyini vəd edib və bu ölkədə vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.