“Azərbaycanla Ermənistan arasında yeni qarşıdurma olarsa, bunun məsuliyyəti İrəvanla yanaşı həm də Fransa, ABŞ və Hindistanın üzərinə düşəcək”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. O, qeyd edib ki, yuxarıda adı çəkilən hər üç ölkə Ermənistanın silahlandırılmasında aktiv iştirak edir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəndə Fransa, ABŞ və Hindistanın Ermənistanı silahlandırmasına toxundu. Onların Cənubi Qafqazla bağlı bu siyasətini sərt tənqid etdi, bir kəs daha dövlətimizin bununla bağlı mövqeyini dilə gətirdi. Dövlət başçısı qeyd etdi ki, bu dövlətlərin Ermənistanı silahlandırması prosesləri fəlakətə aparır.
Şübhəsiz, Ermənistanı silahlandıran hər bir dövlət sülh prosesinə zərbə vurmaqla yanaşı, yeni qarşıdurmalar üçün də zəmin hazırlayır. Bu isə bölgəmizdə sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Və hesab edirəm ki, Azərbaycan Qərbin bu siyasətini ifşa etməklə doğru addım atır və onun əsl simasını bütün dünyaya göstərir”.
Seymur ƏLİYEV