“Dustaqları döyə-döyə onlardan özləri və başqaları barədə yalan ifadələr almaq metodu DT idarəsinin rəhbəri Sumbatov, ondan sonra isə Rayev tərəfindən qoyulmuşdu. Bütün bu cinayətkar istintaq aparma metodlarının təşkilatçısı isə Bağırov özü idi...”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
Şahid Xentov Pavel Vladimiroviç.
Sual: Vətəndaşların əsasız olaraq məsuliyyətə cəlb olunması və cinayət işlərinin saxtalaşdırılması barədə Sizə nə məlumdur?
Cavab:
1942-ci ildə keçmiş nazir Yaqubov köhnə işçiləri yanına çağırıb dedi ki, Bağırovun göstərişi ilə 1937-38-ci illərdə həbs olunmuş bəzi şəxslərin istintaq protokollarını çıxarıb, həmin ifadələr üzrə vaxtında aşkara çıxarılmamış silahları müsadirə edib, Bakını orada adı çəkilən şəxslərdən təmizləmək lazımdır. Şəxsən mənə Zaqafqaziyada məşhur olan rəhbər işçi Musabəyovun istintaq protokolu tapşırılmışdı. Musabəyovun ifadələri açıq-aşkar saxtalaşdırılmışdı, ondan əlavə, oraya Serqo Orconikidze barədə böhtançı uydurmalar da əlavə olunmuşdu. Protokollarla tanış olandan sonra mən onların məzmunu barədə şübhələrimi şöbə müdiri Sosinə bildirib, protokolları I xüsusi şöbəyə qaytardım. 1937-38-ci illərdə mən xidməti işlə əlaqədar Borşevin otağında olarkən rəhbər işçi Dadaş Bünyadzadə ilə üzləşdim. Şöbənin işçiləri mənə bildirdilər ki, möhkəm döyüləndən sonra Bünyadzadə əks-inqilabi təşkilatın üzvü olması, həmin təşkilatın digər “üzvləri”, əks-inqilabi təşkilatın külli miqdarda silahı olması barədə ifadə vermişdir. Ancaq həmin silahı heç kim görməyib və heç yerdə aşkara çıxarılmayıb.
Sual: Dustaqları konkret olaraq kim döyürdü?
Cavab:
Dustaqları çox adam döyürdü. Bu təcrübə “NKVD” orqanlarının iş sisteminə daxil olmuşdu. İstintaq şöbəsinin müdiri Rayev də, müstəntiq, böyük fiziki qüvvəyə malik olan Qvozdev də dustaqları döyürdü. Dustaqlara işgəncə verənlər arasında zalımlığı ilə xüsusilə seçilən Borisov-Pavlov, Tsinman, Xoren Qriqoryan və b. göstərə bilərəm...
Sual: Sadaladığınız şəxslər konkret olaraq kimləri döyürdülər?
Cavab: Yadımdadır ki, mənim yanımda Tsinman Azərbaycan MİK-nın sədri Əfəndiyevi, Borisov-Pavlov isə Eyyub Qasımovu döymüşdü. 1937-ci ildə inandırıcı olamayan ifadələrə görə Oleq Pavlov həbs olunmuşdu. İş üzrə istintaq zamanı onu elə amansızlıqla döymüşdülər ki, sarğılarından ət parçaları qopub düşürdü. İşgəncələrə baxmayaraq Pavlov heç bir ifadə verməmişdi. Odur ki, azad olunmalı idi. Lakin Sumbatov və Rayev buna razılıq vermədilər. Çünki Pavlov möhkəm əzişdirilmişdi və o, bu vəziyyətdə azad olunarsa, onların istintaq aparmaq metodları barədə söz-söhbət çıxa bilərdi. Odur ki, Pavlov, günahı olmasa da, 5 il müddətinə azadlıdan məhrum edildi...
Beləliklə, dustaqları döyə-döyə onlardan özləri və başqaları barədə yalan ifadələr almaq metodu DT idarəsinin rəhbəri Sumbatov, ondan sonra isə Rayev tərəfindən qoyulmuşdu. Bütün bu cinayətkar istintaq aparma metodlarının təşkilatçısı isə Bağırov özü idi. Dustaqları çox vaxt Bağırov özü dindirirmiş, əgər onlar döyüldükləri üçün öz ifadələrini dəyişirdilərsə və ya ifadə verməkdən imtina edirdilərsə, onda Bağırov deyirmiş: “Deməli, sizi az döyüblər”...
Mənə məlumdur ki, 1937-38-ci illərdə Bağırovun sanksiyası ilə Azərbaycanın iştedadlı şairi Səməd Vurğun həbs edilibmiş. Xarakterikdir ki, istintaqın gedişində ondan heç bir şey əldə edə bilmədikdə Bağırov “Allah tərəfindən göndərilmiş xilaskar” rolunda çıxış etdi və onu həbsdən azad etdi. Ancaq onun əleyhinə material toplamağı özü icazə verdi. Yemelyanov 1952-ci ilədək bu işlə məşğul olurdu...”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın