Ekskluziv
286
15:11, Bu gün

"Tramp Ukraynada sülhə görə Nobel mükafatı almaq istəyir" - ABŞ-ın Kiyevdəki sabiq səfiri

 
"Tramp dözümlü deyil və Qordi düyününü özünün metaforik qılıncı ilə kəsməyə çalışacaq..."
 
Tramp Ukraynada münaqişəni bitirmək və Nobel Sülh Mükafatı almaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki sabiq səfiri Con Herbst bəyan edib. Məlumatı "strana.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nobel Sülh Mükafatı almaq üçün Ukrayna ilə Rusiya arasında dayanıqlı sülhə nail olmaq istəyir. 
 
"Yəqin ki, biz Trampın atəşkəs sazişinə və ya, mümkündür ki, Rusiya ilə Ukrayna arasında həqiqi sülhə nail olmağa güclü cəhdinin şahidləri olacağıq. O, buna ümid edir və hazırda biz onun təşəbbüslərinin elementlərini görürük, - Herbst bəyan edib.
 
"Variantlardan biri bundan ibarətdir ki, Tramp möhkəm sülhü bərqərar edir və buna görə Nobel Sülh Mükafatı alır", - diplomat qeyd edib. Onun sözlərinə görə, Tramp "ərazi əvəzinə güzəşt" düsturuna təkid edir və Ukraynanın NATO-ya daxil olması məsələsini 20 il təxirə salmağa hazırdır.
 
Herbst həmçinim bəyan edib ki, Trampın komandasında Rusiya və Ukrayna ilə bağlı müxtəlif fikirlər var. Komandanın bir hissəsi hesab edir ki, "əgər Rusiya Ukraynanı nəzarətə götürərsə, o zaman Trampın nüfuzu üçün bu, Baydenin Əfqanıstandan çıxması ilə müqayisədə daha da pis olacaq.
 
Lakin onun komandasında olan digərləri tamamilə başqa şeylər danışır və düşünür. Onların səsi daha ucadan gəlir". Sabiq səfir sonuncu halda kimdən söhbət getdiyini dəqiqləşdirməyib. Lakin onun sözlərindən bunun vitse-prezident Vens və milyardçı Mask olduğunu güman etmək olar.
 
Xatırladaq ki, eyni fikri bir qədər əvvəl britaniyalı siyasətçi lord Maykl Eşkroft da səsləndirib. "Tramp düşünür ki, belə sövdələşmə ona Barak Obamanın nailiyyəti ilə, lakin həqiqi mükafata layiq olan uğurla müqayisə ediləcək Nobel Sülh Mükafatı gətirəcək", - o, "Express" nəşrindəki məqaləsində yazıb.
 
Bu zaman o, qeyd edib ki, Ukrayna münaqişəsinin nizamlanması Tramp üçün son dərəcə mürəkkəb vəzifə ola bilər. Onun sözlərinə görə, Amerika liderinin həll etməli olacaq problemlərdən biri münaqişənin hər iki tərəfini qane edən sülh sazişidir.
 
Eşkroft həmçinin qeyd edib ki, Tramp dözümlü deyil və Ukrayna problemini həll etmək üçün "Qordi düyününü özünün metaforik qılıncı ilə kəsməyə" çalışacaq.
Link kopyalandı!
Son xəbərlər