“...Evdə idim. Təxminən saat 12-də bizə APİ-nin xüsusi şöbəsinin rəisi Vasili Ağamalov gəldi. Göz yaşı içərisində bildirdi ki, səni tezliklə həbs edəcəklər və dərhal da getdi...”
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...
“Azərbaycan Pedaqoji İnstitutu. Tələbə: Musa Abdullayev
İstintaq materiallarından aydın olur ki, “İldırım” təşkilatının fəal üzvlərindən biri də 1926-cı ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspirantı Abdullayev Musa Məmməd oğlu olmuşdur .
DTN 10 noyabr 1948-ci ildə M.Abdullayevin əməlində Azərb. SSR CM-nn 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri olduğunu əsas götürüb onun həbs edilməsi haqqında qərar qəbul edir .
“...İ.Rəhimovun 18 sentyabr 1948-ci, G.Abdullayevin 26 oktyabr 1948-ci il ifadələri əsasında müəyyən edildi ki, Abdullayev Musa Mirməmməd oğlu Bakı şəhərində tələbə gənclər arasında mövcud olan antisovet millətçi gənclər təşkilatının üzvü olmuş, praktik antisovet fəaliyyət göstərmişdir”.
Onun həbsi haqqındakı qərar 11 noyabr 1948-ci ildə həyata keçirilmişdir.
Təqsirləndirilənin tərtib olunan anket məlumatında yazılıb: “Vəzifəsi-İkiillik müəllimlər kursunda baş müəllim; Atası Abdullayev Mirməmməd Əsəd oğlu, 1906-cı il; Anası Abdullayeva Sona Hüseyn qızı; Qardaşları: 1. İmran 1931-ci il, subay; 2. Nəriman, 1936-cı il; 3. Fərman, 1940-cı il”.
Həbs haqqındakı qərara uyğun olaraq onun evində DTN-nin işçisinin, qonşusu və həyat yoldaşının iştirakı ilə axtarış aparılmışdır. Axtarış protokolunda onun evində müxtəlif kitablar, özünəməxsus əlyazmalar, kostyum, xarici mebel, şkaf, stol, stul, xalça və s. olduğu göstərilmişdir.
Cinayət işinin materialında M.Abdullayevin doğulduğu, valideynlərinin bir zamanlar yaşadığı kəndin sovet sədrindən onların keçmişi, fəaliyyəti haqqında alınmış arayış vardır.
Arayışda göstərilmişdir ki, “...onlar 1932/33-cü illərdə Bakı şəhərinə köçüb getmişlər. Atası Abdullayev Mirməmməd Mirəsədulla oğlu xidmətçi olmuşdur. Anası evdar qadındır. Atasının əmisi Mirtağı mollalıq üstündə səsi alınmış, 1935-ci ildə ölmüşdür. Atasının digər əmisi Mirfeyzinin də alver üstündə səsi alınmışdır. Atasının əmisi oğlu Abdullayev Mirələkbər yeyinti üstündə 1948-ci ildə həbs edilərək 10 il iş almışdır. Atasının dayısı Məmmədov Cəfər siyasi idarə tərəfindən ailəsi ilə birgə Qazaxa sürgün edilmişdir. Atasının atası Kəlbə Hüseyn siyasi idarə tərəfindən 1929-cu ildə tutulmuşdur. Hazırda Bakı şəhərində yaşayır”.
11 noyabr 1948-ci ildə başlayan ilk istintaq 20:15-23:00 arasında, iki saat yarımdan artıq davam etmişdir.
Maraqlıdır ki, bu istintaqda müstəntiq digərlərindən fərqli olaraq onu hansı maddə ilə həbs olunması ilə tanış etmir, bu işin mahiyyəti haqqında danışmağı tələb etmir, yaxın dostları barədə heç nə soruşmur. Materiallardan aydın olur ki, o əvvəlcə təqsirləndirilənin geniş tərcümeyi-halını, xaricdə yaşayan qohumlarının olub-oımadığını soruşub.
M. Abdullayevin sözlərindən məlum olur ki, atası 1923-cü ildən onun həbs olunmasına qədər Maliyyə Nazirliyi sistemində işləmişdir. Özü 1944-cü ildə iki illik Müəllimlər kursunun xarici dil fakültəsinə daxil olmuşdur. 1945-ci ildə oranı bitirmiş, elə həmin ildən orada müəllim işləmişdir. 1947-ci ildə APİ-ni qiyabi bitirərək ali təhsil almış, həmin il bu institutun xaric dil kafedrasında ingilis dili üzrə aspiranturaya daxil olmuşdur. Musanın ifadəsindən məlum olur ki, o, həbs olunduğu dövrdə ikiillik müəllimlər kursunda baş müəllim vəzifəsində çalışmışdır.
“...Atam Bakı şəhəri, Keşlə rayonunun maliyyə şöbəsinin müdiri, Kommunist Partiyasının üzvü, qardaşım İmran Moskva şəhərində Maliyyə institutunda oxuyur”.
O verilən suallara cavab olaraq qohumlarından heç kimin Sovet hakimiyyəti tərəfindən həbs olunmadığını, xaricdə yaşamadığını bildirir. Bununla da ilk istintaq yekunlaşır.
12 noyabr 1948-ci ildə ikinci istintaq olub.
Əslində buna, bəlkə də nümunəvi istintaq demək olar. Müstəntiq əvvəlcə ondan istintaqa məlum olan antisovet fəaliyyəti haqqında, bu işin mahiyyəti üzrə danışmağı təklif edib. Lakin M.Abdullayev bunu rədd edir, belə fəaliyyətlə məşğul olmadığını bildirir.
“Sual: Yalan danışırsınız. İstintaq Sizdən qətiyyətlə tələb edir ki, antisovet fəaliyyət haqqında doğru danışasınız. Cavab: Doğru danışıram. Antisovet fəaliyyətlə heç vaxt məşğul olmamışam”.
Çox maraqlı hadisə bu cavabdan sonra baş verir. İstintaq aparılan kabinetə həbs edilmiş Gülhüseyn Abdullayev gətirilir. Müstəntiq onların bir-birini tanıyıb-tanmadığını, aralarında incikliyin, şəxsi qərəzliyin, ədavətin olub-olmadığını soruşur. Onlar bir-birini tanıdığını, münasibətlərinin normal, aralarında heç bir ədavətin olmadığını bildirirlər.
Müstəntiq Gülhüseyn Abdullayevdən soruşub: “...Səninlə üzbəüz əyləşən Abdullayev Musa Məmməd oğlunun antisovet millətçi fəaliyyəti haqqında nə məlumdur? Cavab: Mənimlə üzbəüz əyləşən Abdullayev Musa bizim antisovet millətçi gənclər təşkilatının üzvü olub. Sual: G.Abdullayevin dediklərini eşitdinmi? Cavab: Bəli, eşitdim”.
Artıq hər şeyin istintaqa məlum olduğunu başa düşən M.Abdullayev kim tərəfindən, hansı şəraitdə təşkilata cəlb edilməsi ilə bağlı həqiqəti danışmalı olub.
“... Mən ilk dəfə antisovet millətçi ruhda İsmixan Rəhimov tərəfindən hazırlanmışam. 1944-cü ildə ikiillik Müəllimlər kursunda oxuyanda İ. Rəhimov APİ-nin tələbəsi idi. Onunla tez-tez görüşürdüm. Görüş zamanı İ.Rəhimov Azərbaycan dilinin vəziyyəti barədə, Sovet hakimiyyətinin yeritdiyi siyasətdən öz narazılığını bildirirdi. Deyirdi ki, bir çox idarələrdə Azərbaycan dili dövlət dili kimi işlənmir, ancaq rus dilindən istifadə olunur. Ona görə rus dilini bilməyən azərbaycanlı gənclər iş tapa bilmir. Görüşlərimizdə əsasən belə məsələlərdən danışırdıq. Beləliklə, biz öz antisovet millətçi görüşlərimizi bir-birimizə söylədik. Nəticədə aydın oldu ki, biz həmfikirik.
Bir dəfə 1944-cü ilin yayında mən İ.Rəhimovla 26 Bakı Komissarı adına(indiki Sahil bağı- S.L.) parkda təkbətək görüşdüm. Bu görüşdə o mənə onlarla birləşməyi təklif etdi. Bu söhbətdən sonra İ.Rəhimov məni Zeynalov Hacı Həbib oğlunun Qalada yerləşən evlərinə apardı. Məni antisovet millətçi gənclər təşkilatının üzvləri: H. Zeynalov, G. Abdullayev, K, Əliyev, A.Vahidov və A. Ələsgərov ilə tanış etdi. Sual: Bu iclasda hansı məsələlər müzakirə edildi. Cavab: İ.Rəhimov çıxış edib mənim haqqımda müsbət danışdı. Hamısı bir səslə məni antisovet millətçi təşkilata qəbul etdilər”.
Müstəntiqin daha hansı məsələlərin müzakirə edildiyi, başqa kimlərin orada olduğu haqda sualına o “bilmirəm” cavabını verib.
Ertəsi gün, 13 noyabr 1948-ci ildə istintaq davam edib.
Müstəntiq M.Abdullayevdən 3 noyabrdan həbs olunana qədər harada olduğunu soruşub.
“Cavab: Mən 3-4 noyabrda ikiillik Müəllimlər kursunda işimdə olmuşam. Ayın 5-də xəstələndim. Birinci şəhər poliklinikasının həkiminin icazəsi ilə 5-6 noyabrda evdə oldum. 6 noyabrda, təxminən gündüz saat birdə Keşləyə atamın yanına getdim. Evə təxminən axşam saat yeddidə qayıtdım. Anam mənə xəbər verdi ki, Baksovetdən hansısa vətəndaş evlə bağlı gəlib. Bir qədər sonra Vasili Ağamalov gəldi və səni soruşdu. O söylədi ki, bu çox şübhəlidir. Çünki vətəndaş birinci dəfə mənzil məsələsi ilə bağlı tək gəlmişdisə, ikinci dəfə V.Ağamalov ilə gəlib. Anamı sakitləşdirib ona qorxulu heç nə olmadığını dedim. Evdə qaldım.
Sual: 7-11 noyabr tarixlərində harada olmusuz? Cavab: 9 noyabr 1948-ci ildə saat 2200 radələrində babam Hüseyn Fətullaoğlugilə getdim. Oraya onun xəstələnməsi səbəbi ilə getmişdim. Axşam orada qaldım. Ayın 10-da saat 2000-da evə qayıtdım. Səhər, 11 noyabr saat 8:00-da həbs olundum.
Sual: Yalan danışırsan. Niyə gizlədirsən? Cavab: Gizlətmirəm. Bütün gün evdə olmuşam. Sual: Yenə yalan danışırsan. Niyə gizlədirsiz? Cavab: 6 noyabr 1948-ci ildə mən evdə idim. Təxminən saat 12-də bizə APİ-nin xüsusi şöbəsinin rəisi Vasili Ağamalov gəldi. Göz yaşı içərisində bildirdi ki, səni tezliklə həbs edəcəklər və dərhal da getdi. Bir saatdan sonra mən evdən çıxdım. Əvvəlcə Lenin adına kitabxanaya getdim, sonra Keşləyə atamın yanına getdim. Ona bildirdim ki, Vasili Ağamalov bizdə olub, mənim mütləq həbs olunacağımı söyləyib. Atam “Səni nəyə görə həbs etsinlər?” deyə soruşdu. Mən “bilmirəm” deyə cavab verdim. Atam geriyə, evə qayıtmağımı və evdə olmağımı söyləyərək dedi: “ Əgər heç nə bilmirsənsə səni həbs etməzlər”. Təxminən 15:00-da atamın yanından çıxdım. Saat 19:00-a qədər şəhərdə oldum. Sonra evə gəldim. 6,7,8, noyabrda evdə olmuşam…
Sual: Ağamalovun sənin həbs edilməyinlə bağlı xəbərdarlığından sonra evdə qaldın? Cavab: Xeyr. Onun sözündən bir saat sonra evdən çıxıb atamın yanına getdim.
Sual: Təşkilat üzvlərinin həbs edilməsini nə zaman eşitdiniz? Cavab: 3 noyabr 1948-ci ildə İ.Rəhimovun qardaşı bizə gəlib və anama bildirib ki, İsmixanı tutublar. Soruşub ki, bəlkə Musa onun həbs edilməsinin səbəbini bilir? Anam soruşub ki, niyə sən qardaşı ola-ola bilmirsən, bəs Musa nə üçün bilməlidir?”.
Cavabdan aydın olmasına baxmayaraq müstəntiq ondan yenidən İ.Rəhimovun qardaşı onlara gələndə evdə idin? deyə soruşub. Cavab əvvəlki kimi təkrar olunur. Digər sual sonradan İsmixanın qardaşı ilə görüşüb görüşməməsi, onun adı, soyadı ilə bağlı olub. O, bu məsələ ilə bağlı İsmixanın qardaşı ilə görüşmədiyini, ad və soyadını bilmədiyini deyir.
“...Cəmi bir dəfə görmüşəm. O, APİ-də fəhlə işləyir. Əvvəllər bufetçi işləyib”.
Bu cavabdan sonra müstəntiq ondan başqa daha kimlər xəbər verdi deyə soruşub.
“Cavab: Heç kim. Bu xəbərləri eşidəndə əvvəlcə əhəmiyyət vermədim. Ancaq Vasili Ağamalov tezliklə həbs olunacağım haqqında mənə bu xəbəri verəndən sonra cinayət əməli törətdiyimi anladım və hər an həbs olunacağımı gözlədim. Noyabrın 11-də evdən çıxıb işə getdim. Tibb İnstitutunun yanında DTN müstəntiqi məni həbs etdi”.
M.Abdullayev verilən suallara cavab olaraq təşkilatın 1944-cü ilin yayında yaradıldığını, adının “İldırım” olduğunu, bu adın hansı iclasda verildiyini xatırlmadığını, təşkilata qəbul olunarkən “And” içdiyini, onun məzmununu, bu “and”ın qəbul tarixini dəqiqliklə xatırlamadığını, ancaq H.Zeynalovun evindəki iclasda olduğunu bildirib. O bu iclasda təşkilat üzvlərindən İ.Rəhimovun, G.Abdullayevin, H.Zeynalovun, K.Əliyevin, A.Vahidovun, A.Ələsgərovun və özünün iştirak etdiyini söyləyir…
(…)
Bu istintaqdan conra müstəntiq M.Abdullayevə qarşı Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddəsi ilə ittiham irəli sürməsi ilə bağlı qərar qəbul edir.
25 noyabr 1948-ci ildəki istintaqda müstəntiq M.Abdullayevi bu qərarla tanış edib. Ona maddələrin mahiyyətini izah edib “özünü bu maddələrlə günahkar hesab edirsənmi?” deyə soruşur. Cavab “Bəli” olur.
3 dekabr 1948-ci ildə keçirilən beşinci istintaqda müstəntiq ondan gizli təşkilatın hansı yığıncaqlarında iştirak etdiyini, orada hansı məsələlərin müzakirə olunduğunu, proqram hazırlamağın kimə tapşırıldığını, bunun hansı vaxt və harada təsdiq edildiyini, yeni üzvləri cəlb etməyin kimin irəli sürməsini, təşkilata kimin kimi cəlb etməsini, üzvlük haqqının miqdarının nə qədər olduğunu, kimin yığdığını, əlifba şrifti ideyasının kimə məxsus olması soruşulub…
(…)
Müstəntiq ondan S.Vurğuna yazılan gizli məktub barədə soruşub. Cavab ondan əvvəlki dindirilənlərinkindən fərqlənməyib.
Materiallardan aydın olur ki, bu istintaqda ən vacib sual sonda verilib. Sualdan aydın olur ki, bütövlükdə istintaqı, o cümlədən müstəntiqi marqlandıran məsələlərdən biri təşkilata kənardan rəhbərlik edənin olub-olmamasını müəyyənləşdirmək idi.
“Sual: Təşkilata göstərişi verən rəhbər kim olub? Cavab: Mən bu barədə heç nə bilmirəm. Biz göstərişi İ.Rəhimovdan almışıq. Başqa adamı tanımıram. Sual: İ.Rəhimovdan soruşdunuzmu ki, o, göstərişi kimdən alır. Cavab: Xeyr”.
Beləliklə, bu istintaq başa çatıb.
Təxminən 25 gündən sonra, 28 dekabr 1948-ci ildə gündüz saat birdə altıncı istintaq olub.
Müstəntiq əvvəlcə M.Abdullayevdən O.Əfəndiyevi tanıyıb-tanımadığını soruşur.
“Cavab: Bəli, onu 1944-cü ildən tanıyıram. Məni onunla APİ-nin tələbəsi Fuad Kazımov tanış edib. O vaxtlar Oqtay Əfəndiyev Bakı şəhərindəki sənət texnikumunda oxuyurdu. Bir-brimizin evinə gedib-gəldik. O.Əfəndiyev savadlı, inkişaf etmiş tələbə idi. Sual: O.Əfəndiyev antisovet millətçi gənclər təşkilatın digər üzvü H.Zeynalov ilə tanış idimi? Cavab: Bəli, səhv etmirəmsə H.Zeynalovla iki dəfə O.Əfəndiyevin evində olmuşuq”.
O.Əfəndiyevin yaşadığı ünvan və indi harada olması ilə bağlı suala o, ünvanı dəqiq xatırlamadığını, ancaq Poluxin küçəsi olduğunu, hazırda isə onun Moskvada Şərqşünaslıq İnstitutunda oxuduğunu bildirir. Onunla yazılı əlaqə saxlanılması ilə bağlı suala o, xeyr cavabını verib.
O.Əfəndiyevlə bağlı sualı davam etdirən müstəntiq Musaya psixoloji təzyiqi artırır, onu bir növ şantaj etməyə çalışır.
“Sən H.Zeynalova demisən ki, Oqtay Əfəndiyev antisovet millətçi görüşdədir və ona görə onu təşkilata cəlb etməyə hazırlaşırsan? Cavab: Xeyr, mən H.Zeynalova belə söz deməmişəm. Sual: H.Zeynalov niyə yalan danışsın? Cavab: Bilmirəm. Sual: Siz O.Əfəndiyevin evində olanda nə barədə söhbət aparmısınız? Cavab: Adi, ümumi söhbətlər idi. Sual: Siyasi söhbətlər heç olmadı? Cavab: Xeyr”.
Bununla da müstəntiq O.Əfəndiyevlə bağlı sualı bitirib başqa bir şəxslə, Rzayev Kamillə əlaqələr, onun təşkilatın üzvü olması, münasibətləri məsələsinə keçib…
(…)
Bununla istintaq başa çatıb.
Növbəti, yeddinci istintaq bir ay sonra, 3 yanvar 1949-cu ildə olub…
(…)
4 fevral 1949-cu ildə DTN-nin müstəntiqi M.Abdullayevin cinayət işi ilə bağlı qərar qəbul edib.
“283 №-li cinayət işinin Musa Abdullayevə aid olan hissəsinin Azərb. SSR cm-nin 72 maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə qaldırılmış cinayət işinin istintaq protokolundakı ifadələrinə baxaraq müəyyən etdim: Əvvəllər Abdullayev Musa Məmməd oğluna elan edilmiş Azərb. SSR CM-nin 72 maddəsinin 2-ci hissəsi və 73-cü maddələrinə 21-64-cü maddələr də əlavə edilsin. Bu barədə tanış olmaq üçün qəbz alınmaqla təqsirləndirilənə məlumat verilsin. Bu qərar Azərb. SSR Prokurorluğuna göndərisin”.
Elə həmin gün müstəntiq M.Abdullayevi bu qərarla tanış edib, ona cinayət işinə edilən maddələrin mahiyyətini izah edir və soruşur ki, “özünü bu maddələrlə təqsirkar hesab edirsənmi?”. Cavab “Bəli” olur .
Beləliklə, M.Abdullayevin 11 noyabrdan başlayan, səkkiz dəfə istintaqda dindirilən işi yekunlaşır.
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın