"Ankara hazırda beynəlxalq aləmdə mühüm rol oynayır, ondan çox şeylər asılıdır..."
Suriyadakı hadisələr Moskva və Ankaranın münasibətlərini sarsıtmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Yaxın Şərq üzrə rusiyalı ekspert Yelena Suponina "Medya Gunluğu" nəşrinə müsahibəsində bəyan edib.
ABŞ Rusiyanı regionda görmək istəmir və onu Türkiyədən uzaqlaşdırmağa çalışır. Lakin Moskva Ərdoğanla işləməkdə davam edəcək, o, qeyd edib.
Yaxın Şərq üzrə aparıcı rusiyalı ekspertlərindən biri olan Yelena Suponina bəyan edib ki, Suriyada Əsəd rejiminin devrilməsi Moskva ilə Ankaranın münasibətlərini sarsıtmayacaq.
Suponina nəşrin suallarına cavabında vurğulayıb ki, Suriya ordusunun tez bir zamanda darmadağın edilməsi və hakimiyyətin devrilməsi elə bir hadisədir ki, onu heç bir ölkə, o cümlədən Rusiya da gözləməyib.
"Bunun əlamətləri olub, lakin heç kim bunun belə tez bir zamanda baş verəcəyini düşünməyib. Bəli, Əsəd bir sıra səhvlərə yol verib", - ekspert deyib.
Devrilmiş Suriya liderinin Moskvanın tövsiyələrini qulaqardına vurması barədə danışarkən Suponina qeyd edib: "Təəssüf ki, Əsəd bizi dinləməyib. Moskva Türkiyə ilə bağlı məsləhətlər verib, lakin o, kifayət qədər çeviklik nümayiş etdirməyib. O, həmçinin mülayim müxalifət nümayəndələri ilə danışıqlardan yan keçib".
Ekspert xatırladıb ki, ABŞ Suriyanın təbii qaz və neft ehtiyatları olan regionu qəsb edib. Türkiyə ilə İsraili günahlandırmaq asandır. Lakin Suriyanı bu vəziyyətə salan son illər ABŞ-ın apardığı siyasət olub. Vaşinqton məqsədyönlü şəkildə özünün riyakar siyasətilə Suriya rejimini zəiflətməyə cəhd göstərib", - Suponina hesab edir.
Onun ifadəsinə görə, Yaxın Şərq dünyanın böyük dövlətlərinin mübarizəsi üçün çox mürəkkəb yerdir. "Bu regionda həmişə münaqişələr baş verib. Bizi orada görmək istəmirlər. ABŞ Rusiyanı Türkiyədən uzaqlaşdırmağa cəhd göstərir. Onlar həmçinin dünyanın və Fars körfəzinin ərəb ölkələri ilə aramızı vurmaq istəyir".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda siyasətini şərh edərkən Suponina qeyd edib: "Bu gün Ərdoğan elə əvvəllər etdiyini edir. Moskva bunu bilir, lakin regionda danışmaq üçün onun kimi təcrübəli başqa bir lider varmı? Əlbəttə, biz Ərdoğanla işləməliyik. Bizim təmaslarımız davam etməlidir".
"Türkiyənin regionda maraqlarını nəzərə almaq gərəkdir. Türkiyə kimi tərəfdaşla mübahisə etmək qəribə olardı. Narazılıq var, lakin Ankara hazırda beynəlxalq aləmdə vacib rol oynayır, ondan çox şeylər asılıdır", - Suponina əlavə edib.
Müəllif: Fuad Səfərov