Ekskluziv
781
00:08, Bu gün

"Rusiya vətəndaşları onların adından törədilən cinayətlərə görə kollektiv məsuliyyət daşıdığını dərk etməlidir..."

Yuliya Navalnayanın Suriyadakı hadisələrə həsr etdiyi post sosial şəbəkələrdə çoxsaylı neqativ şərhlərə səbəb olub, lakin bu zaman rus və ingilis versiyalarındakı aydın olan fərqlərə çox az adam diqqət yetirib. Bu versiyalar faktiki olaraq iki müxtəlif auditoriya üçün bir-biri ilə kəsişməyən ayrıca məna yükü yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə şahmat üzrə 13-cü dünya çempionu, rusiyalı müxalif siyasətçi Harri Kasparov "gordonua.com" nəşrindəki bloqunda yazıb
 
"Rusiyanın maliyyə məsrəfləri və Suriyada hərbi kontingent arasında itkilərlə bağlı giley-güzar etmək siyasət oyunu oynamağa edilən növbəti cəhddir, hərçənd, bugünkü Rusiyada ictimai təsir aləti kimi siyasət mövcud deyil.
 
Suriya müharibəsinin nəticələri üzrə əsl problem rusiyalı hərbçilərin həlak olması deyil, sonsuz sayda suriyalıların Rusiya vətəndaşları tərəfindən qətlə yetirilməsidir.
 
Biz Putin rejiminin Suriya diktatoruna küllü miqdarda pul xərcləməsinə görə deyil, "bizim oğullarımızın" Suriya şəhərlərini bombalara qərq etdiyinə görə göz yaşları axıtmalıyıq. Suriyalıların nəsilləri bizim həmvətənlərimizin özgə torpağına gətirdiyi əzablara görə rusları lənətləyəcək.
 
Rusiyanın Ukraynaya qarşı təcavüzündə olduğu kimi, hərbi cinayətlərdə yalnız bir nəfəri ittiham etməklə faciəli gerçəkliyi görməzdən gəlmək olmaz. Ölüm və dağıntılara səbəb Putinin özü deyil, onun cinayətkar əmrlərini sözsüz icra edənlərdir. Mənim belə əmrlərin icrasından kütləvi şəkildə imtina edilən hallardan xəbərim yoxdur. 
 
Putin faşizminə müqavimət göstərən biz, Rusiya vətəndaşlarının üzərinə ölkəmizin nüfuzunun bərpa edilməsində tarixi məsuliyyər düşür. Daha dəqiq desək, söhbət imperiyanın uzun müddət davam edən parçalanma prosesinin başa çatmasından sonra dünya xəritəsində meydana çıxacaq Rusiyadan gedir.
 
Lakin gələcəkdə, Aleksey Navalnının hər dəfə dediyi kimi, "azad və sülhsevər ölkə" qurmaq şansımızın olması üçün biz özümüzdə cəsarət tapmalı, imperiya keçmişimizi və hazırkı faşist gerçəkliyimizi pisləməliyik.
 
Putinin Suriyadakı avantürasının yalnız dövlət vəsaitlərinin mənasız məsrəfi kimi tənqid edilməsi kimsəyə rejimlə "adi vətəndaşlar" arasında nifaq salmağın səmərəli üsulu kimi görünə bilər. Lakin bu gün söhbət küləyə sovrulmuş pullardan daha çox nəsnə haqqında, ölkəmizin sivil dünyaya dönüşündən gedir. 
 
Bu, amansızcasına mənəvi dürüstlük tələb edir. Rusiya vətəndaşları onların adından törədilən cinayətlərə görə kollektiv məsuliyyət daşıdığını dərk etmək zərurəti qarşısında dayanmalıdır.
 
Rusiya Suriyada olduğu kimi, Ukraynada da hərbi və geosiyasi məğlubiyyətə uğramalıdır, belə nəticə təkcə dünyanın qalan hissəsi üçün deyil, həm də bizim nə zamansa qura bilməyə nəsib olacağımız "azad və sülhsevər ölkə" üçün nemət olacaq. 
 
Lakin bunun üçün biz əvvəlcə ətrafda hər şeyi zəhərləyən nifrət və şərdən təmizlənmək üçün son dərəcə ağır işi görməliyik. "Gələcəyin gözəl Rusiyasına" aparan yol böyük səylər tələb etməyən elementar dürüstlükdən başlayır".
 
Müəllif: Harri Kasparov
Link kopyalandı!
Son xəbərlər