Xruşşovun nəvəsi ilə bağlı donos yazılıb, Rusiya Prokurorluğu
Ekskluziv
357
14 Dec 2024 | 23:08

Xruşşovun nəvəsi ilə bağlı donos yazılıb, Rusiya Prokurorluğu "döyüşə atılıb"...

"Nina Xruşşova Rusiyanın dağılacağını deyib və xüsusi hərbi əməliyyata qarşı çıxıb..."
 
Rusiya Federasiyasının Baş Prokurorluğu Sov.İKP MK-nın sabiq baş katibi Nikita Xruşşovun nəvəsi Nina Xruşşova ilə bağlı yoxlamaya başlayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, "Xalqın Səsi" cəmiyyətindən olan Z-vətənpərvərlər Xruşşovun nəvəsindən donos verib. Bundan sonra Rusiya Baş Prokurorluğu "döyüşə atılıb". 
 
Fəallar hüquq-mühafizə orqanlarına məlumat verib ki, Nina Xruşşova "Rusiyanın dağılacağını deyib" və "dəfələrlə xüsusi hərbi əməliyyatı pisləyib".
 
"Shot" kanalı məlumat verib ki, Nina Xruşşova Rusiya Federasiyasına qarşı casusluqda şübhəli bilinib. Həmçinin məlumat verilib ki, Xruşşova son 33 ildə ABŞ-da yaşayır, onun ulu babası isə Krımı RSFSR-in tərkibindən ayıraraq Ukraynaya verib.
 
"Xalqın Səsi" ictimai təşkilatı Rusiyada altı ildir fəaliyyət göstərir, onun fəaliyyətinin əsas istiqamətlərindən biri də donosbazlıqdır. 
 
İctimaiyyətçilər bəyan edir ki, "tanınmış adamların və hakimiyyət nümayəndələrinin fəaliyyətinə, onların mənəvi, estetik, əxlaqi normalara uyğun olub-olmamasına" nəzarət edir, həmçinin "səlahiyyətli orqanlara cəmiyyətin əxlaqi-mənəvi dəyərlərinin inkar edilməsi və açıq şəkildə təhqir edilməsi faktları barədə" məlumat verir.
 
Hərəkat "çılpaq əyləncə gecəsi" tədbirinin iştirakçılarına və təşkilatçısı olan Anastasiya İvleyevaya bir sıra donoslarından, Alla Puqaçova və Lolita Milyavskayaya qarşı bəyanatlarından sonra məşhurlaşıb.
 
Noyabr ayında "Xalqın Səsi" Baş Prokurorluq, İstintaq Komitəsi və Mədəniyyət Nazirliyinə müraciət edərək "Bi-2" rok-qrupu musiqiçilərinin terrorçuluğa sponsorluq etməsi və dövlətə xəyanət edilməsində tanınması, əmlaklarının müsadirə edilməsi, mahnılarının radio və digər meydançalarda yayımına qadağa qoyulması xahişi ilə müraciət edib.
 
Nina Xruşşova 1991-ci ildən ABŞ-da yaşayır. 2002-ci ildən Nyu-York "New School" özəl tədqiqat universitetində beynəlxalq münasibətlər üzrə professordur. O, müntəzəm olaraq Putini tənqid edir, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin əleyhinə çıxıb, vurğulayıb ki, ulu babası Putinin bu qərarını mənfur hərəkət hesab edərdi.
Link kopyalandı!
Son xəbərlər