"Tramp artıq anlayır ki, sülh üçün başlıca maneə ukraynalılar deyil, Putindir..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ağ Ev və ukraynalı məmurlarla danışıqlar aparır, çünki Tramp prezidentliyinin ilk günündəcə Ukraynada
atəşkəsə nail olmaq əzmindədir.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri yazıb.
Məlumatda deyilir ki, Trampın müharibəyə tez bir zamanda son qoymaq vədlərinə rəğmən, onun Vladimir Putini döyüş əməliyyatlarını dayandırmağa inandıra biləcəyi aydın deyil.
Həmçinin Tramp komandasının Putin hökumətilə Ukrayna ilə bağlı ünsiyyətdə olub-olmadığı da aydın deyil.
Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan özünün varisi, Trampın bu vəzifəyə təyin etdiyi Mayk Uoltsla bir neçə söhbəti olub.
Onlar informasiya mübadiləsi aparıb, lakin müharibəyə son qoyulması və ya atəşkəsin təmin edilməsi strategiyasını müzakirə etməyib. "Tramp ilk gündəcə atəşkəsə nail olmağa köklənib", - məlumatda deyilir".
Tramp komandası Kiyevə hər-hansı sülh planını təqdim etməyib, lakin Zelenskinin Tramp və müşavirləri ilə görüş və söhbətləri "konstruktiv olub və nikbin təsir bağışlayıb", nəşr yazıb.
Qeyd edilir ki, Ukrayna və onun Vaşinqton və Avropadakı tərəfdarları Trampın Ağ Evə müharibənin dayandırılması yolunda Kiyevin başlıca maneə olduğu fikri ilə dönəcəyindən ehtiyat edib.
Lakin indi Trampın postları "onu göstərir ki, o, problem olaraq Ukraynanı deyil, Putini hesab edir". "Belə təəssürat var ki, Trampın özü anlayır ki, sülh üçün maneə ukraynalılar deyil", - nəşr qeyd edib.