Bir tabuta iki meyit? – Qərb  yenə də mümkünsüzə can atır...
Ekskluziv
389
13 Dec 2024 | 22:58

Bir tabuta iki meyit? – Qərb  yenə də mümkünsüzə can atır...

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünlərə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyası ilə bağlı maraqlı fikirlrə səsləndirib. Missiyanın sülh prosesinə töhfə vermədiyini, bütövlükdə, hansısa üçüncü tərəfin bu prosesdə iştirakına lüzum olmadığını bildirən Hikmət Hacıyev, Avropa İttifaqı missiyasının başa çatdırılmasının vacibliyinə toxunub. O, qeyd edib ki, missiyanın mövcudluğu sülh prosesinə xeyirdən daha çox ziyan vurur:

 

“Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur”.

 

Göründüyü kimi, Hikmət Hacıyev Avropa İttifaqının gərəksizliyini, sülh yolunda əngəldən başqa bir şey olmadığını konkret arqumentlərlə əsaslandırır, bu missiyanın öz ömrünü süni şəkildə uzatdığını faktlarla ortaya qoyur. Ancaq görünən odur ki, Avropa İttifaqı, bu İttifaqın aparıcı ölkəsi olan Fransa və digər dövlətlər Misnk Qrupu ilə bağlı təcrübələrini bu missiya ilə bağlı da davam etdirməkdə israrlıdırlar. Qərb ölkələri heç nəyə yaramayan, problemin həllindən daha çox onun mürəkkəbləşməsinə səbəb olan qurumları gərəkli təsisatlar kimi göstərməklə, həmin qurumların əli ilə regiondakı maraqlaırnı müdafiə etməyə çalışırlar. Ancaq Qərb unudur ki, bir tabuta iki ölü sığışdırmaq mümkünsüzdür. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi ilə “Böyük Ermənistan” xülyası ilə yanaşı, saxtakarlıq simvoluna çevrilən Minsk Qrupunu da tarixin zibilliyinə yolladı, çoxdan çürümüş bu meyiti dəfn etdi. Xalqımız sübut etdi ki, o, özü-öz propblemini həll etməyə qadirdir və ona kiminsə riyakar vasitəçiliyi lazım deyil.

 

Bu gün Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyası da Minsk Qrupu kimi gərəksiz və ziyanlıdır. Və ən əsası, bu missiya xeyirdən daha çox şərə, işıqdan daha çox qaranlığa xidmət edir. Odur ki, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə verə biləcəyi ən böyük töhfə bu missiyanı sonlandırmaq, bizi bu siyasi cənazəni dəfn etmək zəhməti ilə üz-üzə qoymamaq olar. Çünki Azərbaycan bu coğrafiyada Minsk Qrupunun timsalında bir cənazəni dəf edib və burada ikinci cənazəyə yer yoxdur. Bu səbəbdən də, ən məntiqlisi Qərbin bu cənazəni elə Avropada  - aid olduğu yerdə dəfn etməsidir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər