Ekskluziv
448
17:03, Bu gün

"Biz birlikdə Yaxın Şərqi sülh və tərəqqi regionuna çevirəcəyik" -  Netanyahu

 
"İran rejimi öz xalqından qorxur, bir gün İran xalqı mütləq azad olacaq və bu bir çoxlarının düşündüyündən tez baş verəcək..."
 
Yəhudi dövləti bütün qonşuları ilə sülhə can atır və onların arasında "azad İranı" görmək istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun İran xalqına müraciətində deyilir. Məlumatı "vesty.co.il" nəşri yayıb.
 
Çıxışının birinci hissəsini Netanyahu İran rejiminin Yaxın Şərqdə terrorçu qruplaşmalarına sərf etdiyi iqtisadi məsrəflərin təhlilinə həsr edib. Onun sözlərinə görə, İran Suriyada Əsəd rejiminə 30 milyard, HƏMAS-a milyardlarla, "Hizbullah"a 20 milyarddan artıq vəsait xərcləyib. 
 
"Əsəd rejimi 11 günlük savaşda külə dönüb, HƏMAS xarabalıqlardadır, "Hizbullah"ın başçıları və raketləri isə tüstüyə çevrilib", - Netanyahu məlumat verib.
 
O, İran xalqına rejimin ondan oğurladığı pulların göyə sovrulduğunu anlamağa çağırış edib. O, bu vəsaitləri dinc məqsədlərlə istifadə edib xalq üçün nə qədər faydalı işlər görülə biləcəyini qeyd edib.
 
Baş nazir qeyd edib ki, İran rejimi daima məğlub olur, İsrail isə qalib gəlir, çünki məqsədlərimiz müxtəlifdir. Tehran ölkələri fəth etməyə can atır, İsrailin yeganə hədəfi sülhdür. Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın da İsrailin qələbəsini qeyd etdiyini ötəri xatırladıb.
 
Netanyahu əmin olduğunu bildirib ki, İran xalqı da İsrail ilə sülhə can atır, lakin ona öz vətəndaşlarına zülm edən rejim mane olur. "Bilirsinizmi, əslində sizin rejim nədən qorxur? - Netanyahu sual edib və özü də cavab verib, - rejim sizdən, İran xalqından qorxur. Bir gün hər şey dəyişəcək və  İran xalqı azad olacaq".
 
"Qadınlar, həyat, azadlıq İranın gələcəyi, dinc gələcəyidir və mən heç şübhə etmirəm ki, bu gələcəyi biz birlikdə gerçəkləşdirəcəyik və bu, bir çoxlarının düşündüyündən daha tez baş verəcək. Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi sülh və tərəqqi regionuna çevirəcəyik", - baş nazir əmin edib.
Link kopyalandı!
Son xəbərlər